AZ

3-cü liqa olsun, yoxsa olmasın? – Vaqif Sadıqovun cavabı

Son vaxtlar yeni liqanın yaradılacağı ilə bağlı xəbərlər artıb.

Cari mövsümdə 2-ci liqanın  bərpa etmiş AFFA növbəti “futbol ili” üçün 3-cü liqanı yaratmaq fikrindədi. Deyilənlərə görə, AFFA 3-cü liqada minimum 14 komandanın iştirakını nəzərdə tutur. Bununla yanaşı hazırda 2-ci liqada yarışan bir neçə iştirakçının da yeni liqaya keçirilməsi variantı gözdən keçirilir. Ancaq üstünlük Region Liqasına veriləcək. Əsasən bir ildən çox fəaliyyət göstərən, az-çox maliyyə dayağı olan klubları 3-cü liqada görə bilərik.

Bütün bu məsələlər AFFA İcraiyyə Komitəsinin mayda keçiriləcək iclasında həll olunacaq. Qurum təklifə razılıq verərsə, reqlament və əsasnamə hazırlanacaq.
Bəs 3-cü liqanın yaradılması nə dərəcədə məqsədəuyğundu? Mövzu ilə bağlı AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun fikirlərini öyrəndik:

“Vaxtilə Məşqçilər Komitəsi buna görə müraciət etmişdi. İki həvəskar səviyyəli liqa fəaliyyət göstərirdi ki, onlardan biri region, digəri isə həvəskar liqa idi. Region Liqasının 3-cü liqa kimi dəyişdirilməsi məqsədəuyğun sayılırdı. İndi iki həvəskar liqadan biri yarıpeşəkar kimi 3-cü liqada mübarizə apara bilər. Yəni bu qərar onlara şamil edilərsə, effektiv sayaram. Region Liqası 3-cü liqa kimi, Həvəskar Liqa isə öz yolunu davam etdirərsə, daha yaxşı olar. Belədə həvəskarlar üçün çempionat keçirilməsi davam etdirilər. Digər tərəfdən isə klublar irəli gedər”.


Vaqif bəy bu təşəbbüsün liqanın səviyyəsinə necə təsir edəcəyindən də söz açdı:

“Stadion amili ən önəmli məsələdi. Komanda sayını artıra-artira gedirik. Lakin anlamaq lazımdı ki, bu kompleks şəkildə olmalıdı. İnfrastruktur da onunla bərabər inkişaf etməlidi. Hesab edirəm ki, Məşqçilər Komitəsinin tövsiyəsi kimi Region Liqasının ən yaxşı komandaları 3-cü liqaya cəlb olunsun. Ayrı-ayrı bölgələri təmsil etmək şərti ilə hansının imkanları yaxşıdısa, büdcəsi yaxşıdısa, bu komandaları 3-cü liqaya buraxmaq məqsədəuyğun olar. Liqaların sayını artırmaqla bərabər əlavə işlər də görülməlidi. Futbolumuzun inkişafı üçün aşağıdan-yuxarı bütün liqalara sponsor olmalıdı. Əlbəttə, təməl qoymaq rahatdı, əsas görülən işlərin kəmiyyətinin artmasındadı. 3-cü liqa Region Liqasının ən yaxşı komandalarından təşkil olunacaqsa, bu heç də pis variant deyil”.


RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
football-plus.az

1Mənbələr