AZ

"Muzeylər fəal tədris və mədəniyyət mərkəzləri kimi fəaliyyət göstərməlidir"

Cəmiyyətdə savadlı, bilikli insan kimi yetişmək, ölkə və dünya mədəniyyətindən agah olmaq üçün ziyarət edəcəyimiz yerlərdən biri də muzeylərdir. Muzeylər müəyyən bir istiqamətin inkişaf tarixini göstərir.  Muzeylər bizə nəyin yaxşı və gözəl olduğunu anlamağa kömək edir. Əlavə olaraq, onlar həmişə başqa mənbələrdə oxunması və ya bir şəkildə görünməsi mümkün olmayan unikal nüanslara və detallara çıxışı təmin edir. Elə bugünkü müsahibimiz də ölkəmizdə ən çox ziyarət olunan Azərbaycan Milli Xalça Muzeyinin mətbuat katibi Ülvinə Fərzəliyevadır. Müsahibəni  təqdim edirik.

- Ülvinə xanım, bu gün insanlar muzeylərə nə dərəcədə maraq göstərirlər?

-Azərbaycan Milli Xalça Muzeyi son illər ardıcıl olaraq ölkəmizin ən çox ziyarət edilən muzeyi ünvanını qoruyub saxlayır. Ona görə biz bu mövzuda şikayətçi tərəf kimi çıxış edə bilmərik. Çünki Bakıya gələn turistlərin üz tutduğu məkanlar içərisində şəhərimizin simvollarından birinə çevrilən, açılan xalça formasında tikilən bu unikal binada fəaliyyət göstərən Xalça Muzeyi mütləq yer alır. Və nəticədə muzeyimiz dəfələrlə məşhur “Tripadvisor” saytının “Səyahətçilərin seçimi” sertifikatına, ötən il isə “Tripexpert” saytı tərəfindən peşəkarların, səyahət bələdçilərinin rəyləri əsasında təqdim edilən “Ekspertlərin Seçimi Mükafatı”na layiq görülüb. Əlbəttə ki, minlərlə səyahətçinin, çoxsaylı peşəkarların rəyləri əsasında Azərbaycan Milli Xalça Muzeyinin ən yüksək reytinqli görməli yerlərdən biri kimi dünyanın ən yaxşılarının siyahısında olması qürurvericidir.

- Bəs tamaşaçı marağını cəlb etmək üçün hansı tədbirlər görülür?

- Tamaşaçılarımızın yarıdan çoxunu adətən xarici vətəndaşlar təşkil edir. Bunu nəzərə alaraq, yerli əhalini, xüsusilə uşaqları muzeyə cəlb etmək üçün çalışır, yeni-yeni layihələr həyata keçiririk. Muzey gəzintisini uşaqlar üçün əyləncəyə çevirmək, onların maraqlarına uyğun mühiti yaratmaq çox vacibdir.

Biz bu düşüncə ilə sevgi və məsuliyyətlə çalışaraq muzeyimizi həm böyüklərin, həm də uşaqların sevimli məkanına çevirməyi bacarmışıq.

Qeyd edim ki, ölkəmizdə ilk dəfə Uşaq şöbəsi Xalça Muzeyində yaradılıb. Burada uşaqlar üçün rəsm, tikmə və toxuma sənəti üzrə dərnəklər, mövsümi tətil proqramları, təhsil müəssisələri ilə birgə əməkdaşlıq çərçivəsində kütləvi bayram tədbirləri, festivallar təşkil edilir, şöbənin əməkdaşları tərəfindən hazırlanan müxtəlif janrlı - kilimarası, marionet, kölgə teatr tamaşaları göstərilir. Bu istiqamətdə fəaliyyətimizi müxtəlif mədəni və tədris proqramları ilə daim inkişaf etdiririk. Muzeyimizdə uşaqlar, yeniyetmələr və böyüklər üçün 3 dildə müxtəlif ustad dərsləri, həm xovlu, həm də unudulmaqda olan xovsuz xalçatoxuma texnikaları üzrə kurslar, ayrı-ayrı mövzularda maraqlı mühazirələr keçirilir. Burada xalça turları da təşkil edilir və həmin turlarda qonaqlar xalça sənətinin adi tamaşaçı üçün sirli qalan və əlçatan olmayan tərəflərini, məsələn, qədim xalçaların bərpa laboratoriyasını, qapalı fond-saxlanc otaqlarını görmək şansı əldə edirlər.

Ölkəmizin ilk inklüziv muzeyi kimi burada fiziki məhdudiyyətli şəxslərin ekspozisiyanı sərbəst ziyarəti üçün də hər cür imkanlar mövcuddur. Bir sözlə, müasir dünyada muzeylər yalnız mədəni sərvətləri qoruyaraq gələcək nəsillərə ötürən məkan deyil, həm də fərqli auditoriyalara ünvanlanan müxtəlif layihələrin reallaşdırıldığı, maarifçi rol oynayan fəal tədris və mədəniyyət mərkəzləri kimi fəaliyyət göstərməlidir. Biz muzeylərin cəmiyyətin həyatındakı çoxfunksiyalı rolunu daim nəzərə alır və bu istiqamətdə çalışırıq.

- Müşahidələrinizə görə muzey ziyarətçilərinin diqqətini ən çox nə cəlb edir?

-Muzeyimizin Ənənəvi texnologiya şöbəsində kolleksiyamızdakı nadir sənət nümunələrinin replikaları, həmçinin müəllif əsərləri toxunur. Və hər bir xalça hazır olduqda onun qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçirilir. Tamaşaçılar, əsasən də xarici ölkə vətəndaşları xalça kəsiminə böyük həvəslə qatılırlar. Həmçinin turistlər ekspozisiyadakı toxucularımızı maraqla izləyirlər, hətta bəzən onların köməyi ilə xalçaya ilmə də vururlar. Qonaqlar tariximizin, milli kimliyimizin daşıyıcısı olan nadir xalçalar üzərindəki zəngin naxışların mənası, həmçinin xalçalarla bağlı müxtəlif mərasimlər, adət-ənənələr haqqında bələdçilərimizin verdiyi məlumatları da maraqla qarşılayırlar.

Muzeyimizin avstriyalı memar Frans Yantsın layihəsi əsasında tikilən qeyri-adi formalı unikal binasını da xüsusi qeyd etməliyəm.

- Muzeydəki eksponatlardan ibarət kolleksiyalar rəqəmsallaşdırılması prosesinin muzey üçün müsbət tərəflərindən danışardınız.

- 10 mindən artıq milli irs nümunəsinin qorunub saxlanıldığı bu mədəniyyət ocağı müasir dünyanın tələblərini daim nəzərə alır və mövcud imkanları dəyərləndirir. Bu baxımdan muzey əşyalarının daha etibarlı qorunması işinə böyük töhvə olan, elmi, tarixi, mədəni əhəmiyyət daşıyan rəqəmsallaşdırma işi bizim üçün də vacib məsələlərdən birinə çevrilib. Azərbaycan Milli Xalça Muzeyinin Fondunun daha etibarlı mühafizəsi üçün kolleksiyalarımız əsasında ən müasir beynəlxalq təhlükəsizlik standartlarına cavab verən sistemləşdirilmiş elektron məlumat baza yaradılıb. Təbii ki, rəqəmsallaşdırma ardıcıl və davamlı prosesdir. Muzey kolleksiyaları zənginləşdikcə elektron baza da yenilənir.

Rəqəmsallaşdırma prosesi bütün istiqamətlərdə, o cümlədən muzey sahəsində 2020-ci il pandemiyasından sonra daha da aktuallaşdı. Biz də öz növbəmizdə Xalça Muzeyinə 360 dərəcə virtual turu yenilədik. Virtual tur vasitəsilə dünyanın hər yerindən muzeyimizi gəzmək, eksponatları virtual reallıq eynəkləri vasitəsilə görmək, onlar haqqında Azərbaycan və ingilis dillərində ətraflı məlumat almaq mümkündür. Bununla yanaşı, ölkəmizdə ilk dəfə Xalça Muzeyi “Tanınmış simalarla virtual tur” layihəsini də reallaşdırıb. Burada tanınmış media və incəsənət nümayəndələri bələdçi qismində muzeyin tarixi, kolleksiyaları və s. haqqında məlumat veriblər. Arzu edən hər kəs muzeyin youtube kanalından həmin turu izləyərək muzeyimizə virtual səyahət edə bilirlər. Muzeyin rəsmi saytında, həmçinin sosial şəbəkələrdəki səhifələrində də kolleksiyalarımızdakı nadir eksponatlar, yeni layihələrimiz, tədbirlərimiz və s barədə informasiyalar yer alır.

Rəqəmsallaşdırma dünyanın fərqli ölkələrində yaşayan tədqiqatçılar üçün əlçatanlıq baxımından çox vacibdir. Bununla yanaşı, rəqəmsal texnologiyanın imkanlarından yararlanaraq, məşhur muzeyləri virtual ziyarət etmək də müsbət haldır. Amma tamamilə virtual dünya yaratmaq, reallıqdan qopmaq, təbii ki, mümükün deyil. Düşünürəm ki, muzeylərə gedib oradakı eksponatları canlı görməyin həzzini heç bir müasir texnologiya əvəz edə bilməz.

- Bildiyimiz qədər muzey həm də fəal sərgi fəaliyyətini həyata keçirir

- Bəli, muzeyimizin fəaliyyətinin uğurlu istiqamətlərindən biri də sərgilərin təşkilidir. Burada saysız-hesabsız sərgilər keçirilir. Məsələn, bu il “Zamana qalib gələn milli irsimiz”, Əməkdar rəssam, tanınmış qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim”, gənc rəssam Lalə Hüseynovanın “Toxunuş”, Xalq rəssamı Aydın Rəcəbovun “Bir ömrün naxışları”, Əməkdar rəssam Taryer Bəşirovun “Xalçalarda yaşayan tariximiz” kimi bir-birindən maraqlı sərgilərimiz baş tutub.

- Bəs muzeylə bağlı beynəlxalq səviyyədə hansısa tədbirlər, təqdimatlar həyata keçirilirmi?

- Muzeyimiz dünyanın aparıcı muzeyləri ilə əməkdaşlıq müqavilələri imzalayır, ikitərəfli razılaşma əsasında sərgilər və elmi layihələr reallaşdırır. Son illər Luvr Muzeyi, Topkapı Sarayı Muzeyi, Türk və İslam Əsərləri Muzeyi, Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi, Rusiya Etnoqrafiya Muzeyi, Dövlət Ermitajı, “Kazan Kremli” Dövlət Tarix-Memarlıq və İncəsənət Muzeyi, Dövlət Rus Muzeyi, Brukhental Milli Muzeyi və digərləri ilə birgə sərgilər keçirmişik. Həmçinin muzeyimizdə “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili-naxışlar” simpoziumu, “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri”, “Rəssam və xalça: bu gün və sabah”, “Gənc tamaşaçılar üçün muzey”, “Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq” kimi beynəlxalq elmi-praktiki konfranslar təşkil olunub.

- Burada xarici ölkələrdən gətirilən və ya hədiyyə olunan bir çox xalça nümunələrini   də görürük... Bəs Muzey qarşılıqlı olaraq onlara xalça hədiyyə edir yoxsa necə?

- Milli ornamentlərlə bəzədilmiş əsrarəngiz Azərbaycan xalçaları ölkəmizə gələn dəyərli qonaqlara hər zaman qiymətli hədiyyə kimi təqdim olunub. Təbii ki, bu ənənə davam etdirilir.

Havar Şəfiyeva 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38918
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24280
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19294
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14893
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14711
Abdullahianın cəsədi tapıldı - FOTO
12339
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11630
Helikopterin qalıqları tapılıb
11175
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7838
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6530
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5729
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5451
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4852
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4345
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3456
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3370
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2397