AZ

PFL “YAŞAT” Fondu və “Badamlı” ilə müqavilə bağladı

Bu gün Peşəkar Futbol Liqası (PFL), “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında üçtərəfli müqavilə imzalanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, müqavilənin məqsədi şəhid övladlarına diqqət və qayğının artırılması, onlara sağlam həyat tərzinin təbliği və bu məqsədlə onlar üçün yay düşərgələrinin təşkilidir. 3 illik müddəti əhatə edəcək müqavilə çərçivəsində ilk tədbir “Ümumdünya Uşaqlar Günü”nə həsr olunacaq və iyun ayının 1-i 5-i aralığında Qəbələ şəhərində keçiriləcək. 5 gün ərzində təşkil ediləcək müxtəlif aktiv istirahət-əyləncə tədbirlərində 8-12 yaş aralığında 30 şəhid övladı iştirak edəcək.

Tədbirlərə Qəbələ şəhərinin müxtəlif görməli yerlərində gəzintilər, əyləncəli oyunlar, Qəbələ şəhər stadionunda futbol matçı, tarixi yerlərə səyahətlər və digər aktiv istirahət vasitələri daxildir.

Əsas məqsəd uzun müddət işğal altında olan torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş vətən övladlarının yadigarlarının xoş vaxt keçirməsinə, onların istirahət etməsinə, özləri üçün yeni məkanlar kəşf etməsinə nail olmaqdır.

Üçtərəfli müqaviləni “Peşəkar Futbol Liqası” İctimai Birliyinin prezidenti vəzifəsini icra edən Elgiz Abbasov, “YAŞAT” fondunun rəhbəri Elvin Hüseynov və “Badamlı Mineral Sular” MMC-nin direktor müavini Elbrus Novruzlu imzalayıblar.

Bu gün Peşəkar Futbol Liqası ilə “YAŞAT” Fondu arasında anlaşma memorandumu da imzalanıb. Memoranduma əsasən şəhid övladlarına diqqət və qayğının göstərilməsi və artırılması, onlar arasında sağlam həyat tərzinin təbliği istiqamətində birgə fəaliyyət əməkdaşlığın əsas məqsədi kimi müəyyən edilib.

Tərəflər öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı faydalı, uzunmüddətli əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq etmək və bu istiqamətdə fəaliyyətlərinin koordinasiyası barədə razılığa gəliblər. PFL bu anlaşmaya əsasən öz bayrağı altında keçirilən oyunlarda (yarışlarda) şəhid övladlarının oyunçularla xüsusi günlərdə (anım günlərində) meydançaya çıxmasının, o cümlədən onların iştirakının müxtəlif formada təmin edilməsi, şəhid övladları üçün birgə yay düşərgələrinin təşkili, onların arasında sağlam həyat tərzinin, vətənpərvərliyin təbliği yönündə çalışma öhdəliyi götürüb.

Memorandumu PFL prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Elgiz Abbasov və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov imzalayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
9
Mənbələr
Şərh ()
Bağla