AZ

Daşınmaz əmlakın kirayəsi zamanı nə üçün müqavilə bağlanılmır?

Əksər vətəndaşlar sahibi olduğu daşınmaz əmlakı kirayə verirlər. Lakin bu zaman həm kirayə götürənin, həm də kirayələyən şəxsin yayındığı məqamlar olur ki, bunlardan biri də kirayə müqaviləsidir. 

Bəs kirayə əmlak götürülən zaman müqavilədə nələr qeyd olunmalıdır və bu müqavilənin olmaması hansı problemlərə yol aça bilər?

Bu barədə əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə "Operativ Media"ya açıqlamasında bildirib ki, kirayə müqaviləsində tərəflərin öhdəlikləri gələcəkdə problemlərin olmaması üçün vacibdir:

"Təbii ki, tərəflər hər biri öz istəkləri üzrə orada öz şərtlərini yaza bilərlər. Xüsusilə müqavilədə qiymətlə bağlı məsələ öz əksini tapır. Tərəflərin hansı müddətdə ödənişi həyata keçirmələri ilə bağlı müddəalar qeyd olunur. Mənzilin və yaxud hər hansı qeyri-yaşayış sahəsi isə avadanlıqlı və ya avadanlıqsız kirayə verilməsi ilə bağlı məsələlər də müqavilədə nəzərdə tutulur. Əgər hər hansı bir əmlaka zərər dəyərsə, onların öhdəliklərin nədən ibarət olacağı da orada yazılır. Kirayə müqaviləsinin olması tərəflərin gələcəkdə məsuliyyətlərinin nəzərə alınması üçün zəruri amillərdən biridir. Hər bir vətəndaş hansısa bir əmlakını icarəyə verirsə, kirayə müqaviləsi bağlaması vacibdir".

Ekspert qeyd edib ki, kirayə müqaviləsi olmasa, gələcəkdə bir tərəf digərinə qarşı hər hansı bir iddia qaldıra bilməz:

"Yəni məhkəmə müstəvisində və yaxud digər hüquqi müstəvidə tərəflər bir-birilərinə hər hansısa iddia irəli sürə bilməzlər. Məsələn, əmlakına zərər dəyibsə və ya nəsə olubsa, onunla əlaqədar kirayə verən şəxs məhkəməyə müraciət etsə də, heç nə sübut edə bilmir. Amma kirayə müqaviləsi olduqda tərəflərin öhdəliklərini icra etmələri daha önəmli olur və məhkəmə də bunu nəzərə alır. Məsələn, əgər kirayə müqaviləsi bağlanmayıbsa, ev sahibi istənilən vaxt gəlib oradakı vətəndaşı evindən çıxara bilər və kirayə müqaviləsi bağlanmadığından icarəyə götürən bunu heç bir halda sübuta yetirə bilməz".

R. Qasımzadə əlavə edib ki, əgər şərtlərə dəyişiklik olunarsa, müqavilədə əksini tapmalıdır:

"Məsələn, qiymətlə bağlı məsələlərdə sonradan fikir ayrılığı olarsa, tərəflər bunla bağlı yeni müqaviləni bağlamağa məcburdurlar. Çünki qiymətlə bağlı məsələ tərəflərin əsas şərtlərindən biridir. Ümumiyyətlə, kirayə müqaviləsi çox az hallarda bağlanır. Xüsusən də notariat müqavilələrinin sayı azdır. Bu da ondan irəli gəlir ki, kirayə müqaviləsi üçün notariat xidmətlərinin qiyməti bahadır. Bundan başqa həm də kirayə götürən şəxsin vergi öhdəliyi yaranır. Bu da əmlakın dəyərinin 14 faizi miqdarındadır deyə çox zaman tərəfləri qane etmir. Yəqin ki, gələcəkdə kirayə ilə bağlı vergi öhdəlikləri 14 faizdən 5 faizə salınarsa, bundan istifadə edənlər çoxalar. Hazırda kirayə müqaviləsinin qiyməti Bakıda 110 manat dəyərindədir, regionlarda nisbətən azdır. Bunun da qiyməti təxminən 20-30 manat civarında saxlanılsa, təbii ki, həm kirayə verən, həm kirayə götürənlər notarial qaydada bu belədiyyə sövdələşmələrini həyata keçirərlər".

Sevinc İbrahimzadə

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
operativmedia.az

1Mənbələr