AZ

Gələn həftə Bakı Ekspo Caspian Agro sərgisi keçiriləcək

15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri - 13-cü Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı Caspian Agro sərgisi keçiriləcək.

Kənd təsərrüfatı üzrə aparıcı tədbir olan Caspian Agro sərgisi regionda kənd təsərrüfatı sahəsinin inkişafına, Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqinə, eləcə də təcrübə mübadiləsinə, yerli və xarici təsərrüfatçılar arasında qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsinə kömək edir.

Aralarında idxalçılar, ixracatçılar, distribyutorlar, topdan və pərakəndə satış müəssisələrinin nümayəndələri, habelə fermerlərin də yer aldığı sərgi iştirakçıları eksponent və ziyarətçilərlə görüşmək və öz məhsullarını əyani şəkildə nümayiş etdirmək üçün ideal fürsət əldə edəcəklər.

Caspian Agro 2019 sərgisinin ekspozisiyası Bakı Ekspo Mərkəzinin üç mərkəzi pavilyonunda, eləcə də mərkəzin açıq platformasında yerləşəcək. Bu il sərgidə dünyanın 25 ölkəsini təmsil edən 200-dən artıq şirkət iştirak edəcək.

Azərbaycan, Belarus, Belçika, Almaniya, İtaliya, Mərakeş, Rusiya, İspaniya, Şri-Lanka, Türkiyə, Ukrayna, ABŞ, İsrail və digər ölkələri təmsil edən nümayəndələr suvarma sistemləri, istixana avadanlıqları, istixanalar, heyvandarlıq sahəsi üçün avadanlıqlar, heyvanlar üçün yemlər, toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya avadanlıqları və digər sektorlar üzrə bir çox yeni məhsullar təqdim edəcəklər. Gürcüstan və Niderland Krallığı sərgidə milli stendlərlə çıxış edir. Həmçinin bu il Mərakeş sərgidə ilk dəfə çıxış edəcək.

Prior Leasing şirkəti Caspian Agro sərgisinin qeydiyyat sponsoru qismində çıxış edir.

Sərgi çərçivəsində “B2B” formatlı ikitərəfli işgüzar görüşlər keçiriləcək və bu görüşlər əsnasında sənaye mütəxəssisləri əməkdaşlıq yollarını müzakirə edə, yeni əlaqələr quraraq mövcud əlaqələri gücləndirə və həm sərginin qonaqları, həm də öz həmkarları olan iştirakçılar arasında tərəfdaş və müştərilər tapa biləcəklər.

Hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri ilə tanış ola bilirlər. Həmçinin sərgi çərçivəsində ilk dəfə olaraq “Fermer təsərrüfatının inkişafı və yüksək keyfiyyətli məhsulların verilməsi” mövzusunda treninq sessiyası keçirməyi planlaşdırırlar. Bu sessiyada fermerlər onları maraqlandıran suallarla mütəxəssislərə müraciət edərək öz təcrübələrini həmkarları ilə bölüşə biləcəklər.

Sərginin ikinci günündə EUROCHEM TRADING RUS şirkətinin seminarının və ICODS HILMER GMBH şirkətinin təqdimatının keçirilməsi planlaşdırılır.

Sərgi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəal dəstək və iştirakı ilə keçirilir. Sərgini həmçinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dəstəkləyirlər. Sərginin təşkilatçısı Caspian Event Organisers şirkətidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
242
4
baku.news

8Mənbələr