AZ

“Quşar meşəbəyliyi” deyilən ərazidə ağaclar qırılır, torpaq satılır? - AÇIQLAMA + FOTO

Qusar rayonunda “Quşar meşəbəyliyi” deyilən ərazidəki ağaclar qırılır və hektarı üç min manatdan əhaliyə satılır”.

Oxu.Az xəbər verir ki, belə bir iddia ilə bağlı sosial şəbəkədə paylaşım edilib.

Məsələni aydınlaşdırmaq üçün Qusar rayon bələdiyyəsinə sorğu ünvanladıq.

Qusar rayon bələdiyyəsinin sədri Əlfəddin İbrahimov Oxu.Az-ın sorğusuna cavab olaraq sözügedən ərazidə torpağın təyinatının dəyişdiyini təsdiqləyib.

“Bu məsələ vətəndaşların müraciətləri əsasında həyata keçirilib. Belə ki, bir neçə il əvvəl müharibə iştirakçısı, şəhid ailəsi, qazi ailələri ev tikmələri üçün onlara torpaq sahələrinin ayrılması üçün müraciət etmişdilər.

Bu müraciətlərə baxıldı və rayon icra hakimiyyəti əlaqədar təşkilatlara - Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Əmlak Məsələləri Dövlət Xidməti, Şəhərsalma və Arxitektura Komitəsinə müraciət ünvanladı. Həmin qurumların razılığı alındıqdan sonra müvafiq sənədlər göndərilib Nazirlər Kabinetinə.

Nazirlər Kabineti də həmin razılıq və rəylər əsasında sözügedən “Quşar meşəbəyliyi” adlanan ərazinin təyinatınının dəyişdirilməsi ilə bağlı sərəncam verib. Həmin 30 hektar ərazi müqabilində isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə başqa, təbii meşələşmiş ərazidən yer verilib.

Qeyd edim ki, “Quşar meşəbəyliyi” ərazisi Qusar şəhərinə bitişik ərazidir.

Bir daha vurğulamaq istəyirəm ki, bu torpaqların yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulması barədə rəsmi sərəncam verilib. Bundan sonra isə bələdiyyənin mülkiyyətinə verilməsi üçün rəsmi sənəd çıxarılıb.

Bu torpaqlar iki il əvvəl ayrılıb. 89 nəfər müharibə iştirakçısına və o cümlədən imkansız ailələrə bu yerlər paylanıb.

Bu məsələnin qanunsuz heç bir tərəfi yoxdur, hər şey tam qanunidir və bütün sənədlər qaydasındadır. Həmin ərazidə ümumilikdə 89 nəfərə - müharibə iştirakçısı, 14 şəhid ailəsi, 19 nəfər əlilliyi müəyyən edilən şəxslərə və 44 günlük Vətən müharibəsi iştirakçılarına torpaq paylanıb. Hal-hazırda ərazidə heç bir tikintidən söhbət getmir və heç bir ağac kəsilməsi halı olmayıb”, - deyə bələdiyyə sədri qeyd edib.

Sorğumuzu həm də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə ünvanladıq.

Xidmətin rəisi Hikmət Əlizadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən ərazidə əvvəllər vətəndaşlar tərəfindən ağac kəsilməsi halları qeydə alınıb və qurum tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun tədbir görülüb.

“Son günlər mətbuatda gedən məlumatlarla bağlı əməkdaşlarımız dünən və bu gün ərazidə olublar, son aylara aid yeni ağac kəsilməsi faktları aşkar edilməyib. Ərazidə olan bütün ağaclar hələ 2023-cü ildə tərəfimizdən nömrələnib, siyahılar səlahiyyətləri çərçivəsində preventiv tədbir görülməsi üçün yerli icra orqanlarına verilib, həmçinin yeni ağac kəsilməsi faktlarına yol verilməməsi üçün ərazi nəzarətə götürülüb”, - deyə H. Əlizadə vurğulayıb.

Əzizə İsmayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
2
oxu.az

3Mənbələr