AZ

Fəlsəfənin Koperniki

Alman filosofu İmmanuel Kantın 300 illiyinə 

Neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfi fikrinin ən görkəmli nümayəndələrindən biri, Avropa intibah dövrünün son böyük filosofu İmmanuel Kantın anadan olmasının 300 illiyi münasibətilə 2024-cü il Avropada “Kant ili” elan edilib.

Bəs bütün dövrlərin ən çətin anlaşılan filosofu, klassik fəlsəfədə Kopernik inqilabına bərabər dönüş yaratmış Kant kim idi?

İmmanuel Kant 1724-cü ilin 22 aprelində Köniqsberq şəhərində kasıb sərrac ailəsində anadan olub. Dindar anası ona bu adı müqəddəs İmmanuelin şərəfinə qoyub.

İmmanuel “Fridrixs-Kolleqium” gimnaziyasını bitirdikdən sonra Köniqsberq universitetinə daxil olub. Hələ universitetdə təhsil alarkən o, ev müəllimliyi ilə məşğul olurdu.

Kant 31 yaşında iki dissertasiya işi müdafiə edərək  doktorluq dərəcəsi alır və universitetdə müəllim kimi çalışmağa başlayır. 1770-1797-ci illərdə o, universitetdə fəlsəfədən əlavə elmin digər sahələri - riyaziyyat və fizika ixtisaslarından da dərs deyir.

Bəzi tədbirlərdə, konfranslarda iştirakını çıxmaq şərtilə Kant, demək olar, bütün ömrü boyu Köninqsberqdən kənara çıxmayıb. Lakin bu, onun universal zəkasının inkişafına heç də əngəl olmayıb.

Fəlsəfədə yeni fenomen: transsendental bilik

Kant fəlsəfədə çevriliş etmiş, insan idrakını öz qanunları ilə cərəyan edən fəaliyyət kimi dəyərləndirmişdir. O, ilk olaraq fəlsəfədə dərk olunan substansiyanın strukturunu deyil, idrakın predmet və üsulunu müəyyənləşdirən başlıca amili, dərk edilən subyektin spesifikasiyasını nəzərdən keçirmişdi.

Beləliklə, Kant qnoseologiyanı (qnos-bilik, loqos-təlim) başlıca fəlsəfi təlimə çevirir. Kanta görə, qnoseologiyanın mərkəzi predmeti ənənəvi fəlsəfi baxışlardan fərqli olaraq nə təbiət, nə dünya, nə də insandır. Qnoseologiyanın əsas predmeti subyektin idraki fəaliyyəti, insan əqlinin qanunları və onların hüdudlarının müəyyənləşdirilməsi idi. Kant ontologiyanın (varlıq haqqında təlim) əvəzinə qnoseologiyanı önə çəkdi. O, insan zəkasının maddi aləmi obyektiv dərk etmə qabiliyyətini şübhə altına alırdı. Bu qənaət sadəcə skeptisizmlə məhdudlaşmırdı. Necə deyərlər, bütün yollar transsendental bilik anlayışına aparıb çıxarırdı.

Məlum olduğu kimi, fəlsəfədə biliyin əldə olunmasının iki yolu var: 1. Hissi idrak vasitəsilə. 2. Rasional idrak vasitəsilə. Kanta görə, bizim əldə etdiyimiz, şüurumuzda əks olunan bilik “transsendental bilik”dir. Başqa sözlə desək, transfer olunmuş bilik. Bu səbəbdən Kant hissi idrak vasitəsilə əldə edilən biliyin həqiqiliyini şübhə altına alır. Bəs idrakımızın bizə təqdim etdiyi biliyin həqiqi olub-olmadığını necə öyrənə bilərik? Kantın fikrincə, həqiqi bilik - obyektiv, məkan, zaman və zəka isə subyektivdir, ona görə də subyektiv imkanlarla obyektiv reallığı dərk etmək mümkün deyil.

Burada Kant bizim əldə etdiyimiz bilikləri “transsendental idealizm” adlandırır. Transsendental bilik - obyektiv reallıqda mövcud olan həqiqi bilik deyil, o bizim zəkamıza, şüurumuza daxil olarkən beynimizin imkanlarına uyğunlaşır və öz gerçək mahiyyətindən çıxır. Bu halda o, yuxarıda da qeyd etdiyimiz kimi, həqiqi bilikdən transsendental biliyə çevrilir.

Kantın əsərini sona qədər oxuya bilməyən filosof: “Dəli olmaqdan qorxdum...”

İmmanuel Kantın fəlsəfi ideyalarını özündə cəmləşdirən əsas əsərləri bunlardır: “Xalis zəkanın tənqidi”, “Praktik zəkanın tənqidi”, “Mühakimə qabiliyyətinin tənqidi”.

Kant “Xalis zəkanın tənqidi” əsərini çap olunmazdan öncə öz dostu filosof Herstə oxumağa vermişdi. Herst əlyazmanın yarısını oxuduqdan sonra onu müəllifə qaytarır. O bu əsəri axıra qədər oxumamasının səbəbini kitabın onu ruhi xəstəliyə aparıb çıxaracağından qorxması ilə izah edir.

Amerikalı filosof Uill Dürant Kant haqqında yazdığı bir məqalədə həmin hadisəni xatırlayaraq ortaya maraqlı bir sual qoymuşdu: “Bəs belə bir filosofla biz necə rəftar etməliyik?”

Kant “Xalis zəkanın tənqidi”ndə idrak prosesini nəzəri cəhətdən təhlil etmiş və apriori (təcrübəyə qədərki) bilik anlayışını yaratmışdır.

Kanta görə, zəkamız dərk etməyə çalışdığı üç ideya üzərində düşünür. Təbiət və ruh haqqında empirik biliklərə əsaslanaraq o, əvvəlcə ruh ideyasını (düşünən subyektin hadisələrinin tamlığı), sonra kainat ideyasını (mövcudluq hadisələrinin tamlığı) və nəhayət, Tanrı ideyasını (bütün təfəkkür və varlıq hadisələrinin ən yüksək vəhdəti) dərk etməyə çalışır.

Kant özünün transsendental idealizm doktrinasında iddia edir ki, məkan və zaman sadəcə olaraq təcrübəni təşkil edən “intuisiya formalarıdır”. Elə buna görə də “özündə şeylər” mövcuddur. Onlar təcrübəyə töhfə versələr də, təcrübə obyektlərindən fərqlidirlər. Buradan belə nəticə çıxır ki, təcrübə obyektləri sadəcə, “bizə belə görünürlər”, amma şeylərin təbiəti özlüyündə bizim tərəfimizdən dərkolunmazdır. “Xalis zəkanın tənqidi”ndə Kant sintetik aprior biliyin mümkün olub-olmaması sualına cavab vermək üçün öz təcrübə nəzəriyyəsini inkişaf etdirir. Bu da öz növbəsində metafizik tədqiqatın sərhədlərini müəyyən etməyə imkan verir. 

Kant hesab edirdi ki, zəka həm də əxlaqın mənbəyidir və estetika mühakimə qabiliyyətindən yaranır. Kantın fikirləri bu gün də müasir fəlsəfəyə, xüsusən qnoseologiya, etika, siyasi nəzəriyyə və postmodern estetika sahələrinə böyük təsir göstərməkdə davam edir. Beləliklə, Kant zəka və təcrübə arasındakı əlaqəni izah etməyi, eləcə də ənənəvi fəlsəfənin, o cümlədən metafizikanın səhv bildiyi qaydalarından kənara çıxmağı bacardı. O, rasionalistlərlə empiristlər arasındakı əbədi mübahisəyə son verdi və hər iki fəlsəfi yanaşmanı sintezləşdirə bildi.

Filosofun həyatından etüdlər

Kantın ideyaları elmi camiədə inqilabi effekt doğursa da, həmkarlarının intriqalarına, qısqanclıqlarına görə o, məntiq və metafizika professoru tituluna xeyli gec - 46 yaşında layiq görülüb. Ona Almaniyanın digər nüfuzlu universitetlərində yüksək titullar və professor dərəcəsi təklif olunsa da, Kant bunlardan imtina edib. İmmanuel Kant iki dəfə - 1786 və 1788-ci illərdə Köniqsberq universitetinin rektoru seçilib. Klassik alman fəlsəfəsinin flaqmanı 1804-cü ildə 80 yaşında vəfat edib.

Böyük mütəfəkkir heç vaxt ailə qurmasa da, onun çoxlu mənəvi varisləri var. XIX-XX ərlərin qovşağında Kant fəlsəfəsinin təsiri ilə Avropada və Rusiyada neokantçılıq cərəyanı yaranıb. Kantın ideyaları böyük rus yazıçısı Lev Tolstoyun dünyagörüşünün formalaşmasında bilavasitə rol oynayıb.

İmmanuel Kantın məşhur sitatlarından biri belədir: “İki şey ruhumu getdikcə daha çox sevgi və dincliklə doldurur. Onlar haqqında tez-tez və uzun müddət düşünürəm - bunlar başımın üstündəki ulduzlu səma və içimdəki əxlaq qanunudur”.

Şəxsi həyatında standart qaydaları olan böyük filosofun bioqraflarından biri yazırdı ki, Kant həyatını saat dəqiqliyi ilə bir neçə yerə bölmüşdü: “Erkən oyanmaq, kofe içmək, yazmaq, mühazirə oxumaq, nahar etmək, gəzmək”. Heyne qeyd edirdi ki, bunların hər birinin bəlli vaxtı vardı. İmmanuel Kant boz kostyumda, əl ağacı ilə öz evinin qapısı ağzında görünərək cökə ağacları ilə əhatə olunmuş xiyabana doğru gedəndə qonşular bilirdilər ki, artıq saat dördün yarısıdır.

O, fəlsəfəni hətta corab geyməyə də tətbiq etmişdi. Ümumiyyətlə, Kant bir şeyi həyata keçirməzdən öncə onun üzərində diqqətlə düşünürdü. Bunun nəticələrindən biri o oldu ki, böyük filosof ömrü boyu subay qaldı. O, bir xanıma evlilik təklifi etmək barədə o qədər düşünmüşdü ki, həmin xanım daha cəsarətli olan başqa birisinə ərə getmişdi.

Kant xidmətçisi Lampe haqqında yarızarafat belə deyirmiş: “Lampenin Tanrıya inamı mənim maraqlarıma uyğundur. Mən ayaqqabılarımın oğurlanmayacağı sarıdan tam arxayın ola bilərəm”.

Murad Köhnəqala

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Mənbələr