AZ

Holokostdan sağ çıxanlar Netanyahunu günahlandırırlar

Yazını böyüt
Yazını kiçilt

İsrailin Baş naziri Binyamin Netanyahu Beynəlxalq Holokost Anma Günündə çıxışından bir neçə gün sonra, o, dünya yəhudilərinin həyatına görə məsuliyyəti öz üzərinə aldığını göstərdi və İsraili Qəzza zolağında apardığı müharibəyə görə tənqid edən hər kəsi antisemitizmdə ittihamladı.

Hafta.az-ın yazdığına görə, Holokost-dan sağ qalan bəzi yəhudilər Netanyahunun Qərbi Qüdsdəki Yad Vaşem Holokost Muzeyindəki çıxışını yarımçıq kəsərək, onu Həmas-ın əsir götürdüyü 100-dən çox yəhudinin həyatına məhəl qoymamaqda və müharibənin davam etməsi səbəbindən real təhlükədə yaşamaqda ittiham ediblər.

Holokost-dan sağ çıxan bəzi yəhudilər Netanyahu və onun nazirlərinin Həmas-ın nasist hərəkatı olduğunu və onun İsrailin cənubuna hücumunun ikinci Holokost olduğu barədə ritorikasına etiraz ediblər. Onlar həmçinin bu diskursdan ən çox istifadə edən maliyyə naziri Bezalel Smotrişi günahlandırdılar. Smotriç bir neçə dəfə İordan çayının qərb sahilində “iki milyon nasistin” olduğunu söyləməyə qədər getdi. İsrailin xarici işlər naziri Yisrael Katz da bazar ertəsi “Kerem Şalom” Sərhəd Qapısı yaxınlığında əsgərlərə raket hücumu səbəbilə Həmas-ı nasist adlandırıb.

Digər tərəfdən, həm prezident İsaak Hersoq, həm də müxalifət lideri Yair Lapid bu bəyanatı rədd ediblər. Hersoq, “7 oktyabr Holokost deyildi. Çünki bu gün İsrail dövlətinin müdafiə ordusu var. Holokost-dan keçən onilliklər ərzində biz dəfələrlə vurğulamışıq və and içmişik ki, yəhudi xalqı bir daha heç vaxt müdafiəsiz qalmayacaq. Lakin Holokost dəhşəti hamımızı sarsıtdı və oktyabr qırğınları zamanı qəlbimizdə əks-səda verdi” deyib.

Lapid də bildirib ki, “Holokost bizə bu ölkənin yaxşı olmasını öyrətdi. Nifrətə nifrətlə cavab verə bilməzsən. Biz onlar kimi olmayacağıq. Biz onlara bu ləzzəti verməyəcəyik” deyə bildirib.

Bu gün İsraildə nasistlərin soyqırımından sağ çıxmış 133 min nəfərin orta yaşı 86-dan yuxarıdır. Araşdırmalara və statistikaya görə, bu insanlar Holokost-dan ən çox danışan lider Netanyahunun rəhbərliyi altında hər il daha pis şəraitdə yaşayırlar. Əhalinin bu təbəqəsinin rifahından məsul olan fondun 2024-cü il məlumatlarına görə, 61 faiz Qəzza müharibəsindən sonra həyat standartlarının aşağı düşdüyünü, 51 faizinin gündəlik yaşayış xərclərini qarşılamaqda çətinlik çəkdiyini, 46 faizi isə təhlükəsiz yerə çata bilməyəcəyini düşünür. Üstəlik, 27 faiz bu müddət ərzində evlərini tərk etməli olub. Daha 27 faiz kifayət qədər qida almaqdan, 24 faiz imkanları olmadığı üçün tibbi müalicələrdən, 21 faiz isə ümumi tibbi yardımdan, 8 faiz isə dərmanlardan imtina etməli olduğunu düşünür.

Netanyahunun “Yəhudilərin Holokost-dan aldığı dərs odur ki, İsrail təkdir və özünü müdafiə etmək üçün heç kimə etibar edə bilməz” ifadəsini tənqid edənlər var. Onlar bu bəyanatı İsrailin qüdrətli, hətta dünyanın ən güclü ölkələrindən biri olduğunu inkar edən bəyanatlardan biri kimi görürlər. Hərbi olaraq İsrail Həmas-a müharibə elan etdi və Həmas, İslami Cihad və digər qruplaşmaların 30-40 min döyüşçüsünə qarşı yarım milyona yaxın əsgər çıxardı. Bütün Qərb dövlətləri onun tərəfinə keçərək onu silahla təmin edirdilər. ABŞ İsrailə təqribən 15 milyard dollar yardım edib və hərbi gəmilər göndərib. İran Dəməşqdə İnqilab Keşikçiləri Ordusunun (SEPAH) bəzi komandirlərinin öldürülməsinə cavab olaraq hücuma keçəndə onun ətrafında böyük koalisiya yaradılıb və ona qarşı yönəldilmiş raketlərin və pilotsuz uçuş aparatlarının (PUA) 60 faizi vurulub. Netanyahu bütün bunları görməməzliyə vurmağa necə cürət edib?

Əsirlərin ailələri Holokost qurbanlarının Beynəlxalq Anma Günü ilə əlaqədar məşəlin alovlandırılması mərasiminə qatılmaqdan imtina ediblər. Onlar bu hadisəyə böyük hörmət bəslədiklərini, lakin hökumətin əsirlərin xilası üçün ciddi və səmimi işləmədiyi üçün mərasimlərdə iştirakdan imtina etdiklərini bildiriblər. Bəziləri sərt sözlərlə mövqelərini ifadə edərək, bir daha vurğuladılar ki, bu gün yəhudilər bu müharibədə təkdirlər və onların arxasında hakimiyyətin olduğunu hiss etmirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
hafta.az

1Mənbələr