AZ

Kamal Bayramovun silləsi, futbolumuzun ehtiyac duyduğu leysan...

Əksər baş məşqçilərin dediyi kimi, Tovuza səfər ağır olur.

Elə jurnalistlər üçün də belədi. İlk növbədə yolun uzaqlığına görə. Amma yolu baxımlı mənzərələrin müşayiət etməsi adamı bir qədər yüngülləşdirir. İstirahət isə hakimin start fitindən final fitinə qədər olan zamanı əhatə edir. Ona görə ki, bu səfalı bölgədə futbolu sevirlər. Tribunaların nisbətən dolu olması, azarkeş ehtirasları oyuna rəng qatır. Ötən həftəsonu “Kəpəz” – “Sumqayıt”, “Turan Tovuz” – “Zirə” oyunlarını işıqlandırmaq üçün Tovuza yollandığımdan həmin hissləri növbəti dəfə yaşamaq mənə də qismət oldu. İndi isə yaşananları jurnalist gözüylə sizlə bölüşmək vaxtıdı.

“Kəpəz”in inadı, “Sumqayıt”ın qıcığı
Hər iki komandanın xeyli azarkeşi oyuna 30 dəqiqə qalmış tribunada yerini almışdı. Diqqətçəkən məqam “Kimyaçılar” fanklubunun “Turan Tovuz”un azarkeş qrupu “Ultras Turan”ın ənənəvi yerində əyləşməsi idi. Hər halda, həmin oturacaqların meydan sahibi komandanın tərəfdarlarına aid olduğunu bilirik. Bununla yanaşı, “Kimyaçılar”ın pankartı “Ultras Turan”ın pankartı üzərini tam örtmüşdü. Bir neçə dəqiqə sonra qəribəliyin aradan qaldırıldığını gördüm. “Sumqayıt” azarkeşləri pankartı sökərək əllərində tutmağa başladılar. Bu barədə “gənclik şəhəri” təmsilçisinin azarkeşlərlə əlaqələndiricisi Sənan Mirzəyevdən məlumat aldım. O, mənə səhvən klub rəsmisi saydıqları şəxsdən icazə aldıqlarını, “Turan Tovuz”un azarkeşlərlə əlaqələndiricisi Kamal Saqqayevin müdaxiləsindən sonra isə dəyişiklik etdiklərini dedi. Bəlli oldu ki, “Ultras Turan” fanklubu “Kimyaçılar”ın davranışının xoş olmadığını bildirərək problemin aradan qaldırılmasını istəyib. Qonaqlar isə tələbi anlayışla qarşılayıb.

Hakimin start fitindən bir neçə dəqiqə keçməmiş növbəti hadisə diqqətimdən yayınmadı. Bu dəfə “Kəpəz”in azarkeşlərlə əlaqələndiricisi Turqan Əliyev polis avtomobilinə doğru aparıldı. Belədə səbəbi Gəncə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Azad Mustafayevdən soruşmalı oldum. Klub rəsmisi polis əməkdaşlarının Turqanı yalnış anladığını və bundan xəbərdar olan kimi sərbəst buraxdıqlarını dedi. Sən demə, Əliyevin tərəfdarlarla sıx münasibəti polislərin şübhələnməsinə səbəb olub. Onlar şəxsin azarkeşlərlə əlaqələndirici olduğunu bilmədiyindən belə addım atıb...

...Meydandakı gərgin mübarizənin tribunalara sirayət etməməsi qeyri-mümkün idi. Hadisələrin məntiqi axarı özünü azarkeşlər arasında söz atışmalarında göstərdi. “Kimyaçılar” nəinki “Kəpəz”, gözlənilməz şəkildə “Neftçi” azarkeşlərini belə hədəf aldı. Onlar “uğurumuza sevinməyən “Neftçi”li olsun” şüarıyla çıxış etdi. “Sarı-göylər”in tərəfdarları isə gah rəqibi dəstəkləyənlərə söz atır, gah da hakimi təhqir edirdi. “Kəpəz”in qapısına penalti təyin olunanda narazılıq son həddə çatdı. Oyunun sonlarına gəlincə, meydan sahiblərinin inadkarlığı, qonaqların texniki zonasında deyilən sözlər (təəssüf ki, media sektorundan həmin ifadələr anlaşılmırdı) hərarəti artırdı. Başverənlər azarkeşlərin söz savaşı, futbolçuların özündən çıxması və rəsmi şəxslərin az qala qol gücünü sınamasına qədər gəlib çıxdı. Xoşbəxtlikdən bunu istəməyən adamların və hüquq-mühafizə orqanlarının operativ müdaxiləsi işə yaradı.

Tovuz Ayxan Abbasovu istefaya səslədi
“Qartallar”ın tovuzluları məğlub etməsi ilə Ayxan Abbasovun komandası “Sumqayıt”dan 9 xal geri düşdü. Sona isə 3 tur qaldı. Belədə şans davam edir kimi görsənsə də, reallıq fərqlidi. Hər halda, “kimyaçılar” bütün matçlarda uduzmalı, “bozqurd” isə udmalıdı. Bu da mümkünsüzdü. Bunu dərk edən “Turan Tovuz” azarkeşləri məğlubiyyət rəsmiləşən kimi Ayxan bəyi istefaya səslədi. “Zirə”nin təxminən 15-20 nəfərdən ibarət “Qartallar” fanklubu son ana qədər komandanı dəstəklədi və qələbəni də futbolçularla birgə qeyd etdi. Həmin dəqiqələrdə “Turan Tovuz”un texniki zonası ətrafında xaos hökm sürürdü. Bu ərəfədə qapıçısı Kamal Bayramov “istefa” şüarı səsləndirən azarkeşlərlə söz davasına çıxdı. Hələ onu sakitləşdirməyə çalışan şəxsə (təəssüf ki, həmin adamın kimliyini öyrənə bilmədik) sillə ilişdirməkdən də çəkinmədi! Qısası, bu matçda da hüquq-mühafizə orqanlarının təhlükəsizlik tədbirlərini gücləndirirək olaylara müdaxilə etməsinə ehtiyac duyuldu.

Beləliklə, hər iki matçda futbol izləməyin verdiyi zövqlə yanaşı, müəyyən xoşagəlməz, hətta qəbuledilməz hadisələrin şahidi oldum. Bu öz yerində...
Qəzetimizin ötən sayında “Hakimliyimiz həkimlikdi” sərlövhəli yazıda bəhs etdiyim problemlərin aradan qaldırılması üçün daha çox zamana ehtiyac olduğunu da anladım. Bunun ən qabarıq nümunəsi isə Tural Qurbanov oldu. Əldə etdiyim məlumata görə, hakim-inspektor Asim onun performansını bəyənməyib və aşağı balla qiymətləndirib. Kaş ki Tovuzdan paytaxta qayıdarkən yolda göz açmağa imkan verməyən leysan futbolumuza da “yağsın”. Yağış isə sevinc, bərəkət gətirir.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
5
Mənbələr
Şərh ()
Bağla