AZ

Elçin və portuqaliyalı qapıçı “Sumqayıt”ın qələbəsini “oğurladı” - REPORTAJ

Düzdü, matçın protokolunda tribunalarda 700 azarkeşin olduğu yazılıb.

Lakin bu sayın azı 1000 olduğunu demək mümkündü. Çünki həm Gəncə, həm də Sumqayıt təmsilçisinin xeyli tərəfdarı stadiona təşrif buyurmuşdu. Tovuzda əsl futbol havası var idi. Belə əhval-ruhiyyədə "Sumqayıt" avrokuboklar uğrunda mübarizədə iddiasını qorumaq, "Kəpəz" isə turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaq məqsədiylə meydana çıxdı.

İlk təhlükəli vəziyyəti qonaqlar yaratdı. 5-ci dəqiqədə Sorqa Kehatın ara ötürməsindən faydalanıb hesabı açmaq istəyirdi. O, qapıya zərbəylə yadda qaldısa, Rodriges təkbətək mübarizəyə qoşulmaqdan çəkinmədi və "çərçivə"ni qorudu. Portuqaliyalı qolkiper cəld müdaxiləylə topu meydandan çıxardı. Epizod meydan sahibləri üçün siqnal oldu. Güc nisbətini tarazlayan gəncəlilər daha məsuliyyətli çıxış etməyə başladı. "Sarı-göylər"in inamlı oyunu 22-ci dəqiqədə fayda verə bilərdi. Lakin Nianenin tiri silkələyən zərbəsindən sonra top qapı xəttini keçmədi. Topun meydanda qalması hücumun növbəti dalğasını gecikdirmədi. Nianenin ikinci cəhdinə şahidlik etdik ki, təhlükəni sovuşdurmaq Mehdi üçün çətin olmadı. "Kəpəz"in üçüncü kəsərli hücumunun baş rol ifaçısı da Niane oldu. Nəhayət, malili hücumçu 29-cu dəqiqədə topu tora qovuşdura bildi. Lakin bu dəfə də bəxt ondan yana deyildi. Yan xətt hakiminin bayraq qaldırmasıyla bilindi ki, Niane Martinsin ötürməsini qəbul edərkən oyundankənar vəziyyətdə olub. Maraqlıdı ki, "Sumqayıt" nəinki buna, hətta ilk hissənin sonuna qədər başqa diqqətçəkən epizodla yadda qalmadı. Qısası, "Kəpəz" daha istəkli oynayırdı.

İkinci yarıda gərginlik bir qədər də artdı. 54-cü dəqiqədə Rodriges Sorqanın təhlükəli zərbəsini dəf etdi. Qolkiper irəli atılaraq komandasını növbəti dəfə qoldan xilas etdi. Lakin onun seyvindən sonra topun meydanda qalması işi çətinə saldı. Belədə "Sumqayıt" üçün fürsət yarandı. Xvalko Rövlanın cərimə meydançasına ötürməsini geri qaytarsa da, Səbuhi topa yiyələnib Dossoya göndərdi. Legioner müdafiəçi dərhal qapını nişan alsa da, dirək “kefinə soğan doğradı". Epizodun təsiri ötüşməmişdi ki, "Kəpəz"in qapısına penalti təyin edildi. Çünki Tural Qurbanov Ehtiramın cərimə meydançası daxilində Kehatı kobud müdaxiləylə yerə yıxdığını düşündü. Halbuki Ehtiram topa müdaxilə etmiş, əksinə, Kehat ona təpik vurmuşdu! Xoşbəxtlikdən VAR məsələyə "əl qoydu" və biabırçı qərar ləğv olundu.

Hesabın açılması isə diqqətçəkən hadisə fonunda reallaşdı. Rüfət Montekadan topu alaraq hücuma keçmək istəsə də, ispaniyalı yarımmüdafiəçinin yerdə qalması və Vüqarın "arxaya bax!" mənasına gələn əl işarəsi onu dayandırdı. Rüfət nə baş verdiyini anlamağa çalışırdı ki, Rövlan topu ondan alaraq Kamrana ötürdü. Sonuncu bir qədər irəliləyib "çərçivə"ni nişan aldı ki, Rodriges zərbəni dəf etdi. Meydanda qalan "kürə"ni Rezabala baş zərbəsiylə tora qovuşdurdu. Bundan sonra "Kəpəz"in daha aqressiv oyununa şahidlik etdik. Əvvəl Martins Camalın uzaqdan qapı önünə ötürməsini dəyərləndirə bilmədi. Daha dəqiqi, braziliyalının başla zərbəsi qapının üstündən keçdi. Gəncəlilər 92-ci dəqiqədə baş verənlərdən sonra azlıqda qaldı. Belə ki, Camalın Montekaya qarşı kobudluq etdiyini düşünən hakim matçı saxladı. Meydandan qovulan isə hakimin qərarına qarşı çıxaraq təhqir edən Olavale oldu. Burda Junior da iddia edirdi ki, Monteka Əliyə qarşı qaydaları pozub. Matçın son dəqiqələrindəki hadisələr məhz bu məqam ətrafında cərəyan etdi. Hesabın bərabərləşməsi isə gərginliyi son həddə çatdırdı. Əvvəl Dosso hücuma keçən Cəlalın qarşısını topu meydandan çıxararaq aldı. Belədə gəncəlilər küncdən zərbə qazandı ki, hətta Rodrigesi də rəqibin cərimə meydançasında gördük. Burda Şakirin qapı önünə göndərdiyi topu məhz qolkiper Elçinə ötürdü və sonuncu dəqiq zərbəylə hesaba tarazlıq gətirdi. Bununla matçın taleyi həll edildi. Necə deyərlər, xallar qardaş payı kimi bölündü. Nəticədə "Kəpəz" turnir cədvəlində bir pillə irəlilədisə, "Sumqayıt" avrokuboklara vəsiqə uğrunda mübarizədə iddiasını qorudu.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
Mənbələr
Şərh ()
Bağla