AZ

Avroparlamentin yeni çoxsaylı maliyyə maxinasiyaları üzə çıxdı...

Image

“Transparency International” təşkilatı Avropa İttifaqını Avropa Parlamenti üzərində nəzarəti gücləndirməyə çağırıb. Qurum bunu onunla əsaslandırır ki, Avropa Parlamentinin deputatlarının bir çoxu Brüssel siyasətinə təsir etməyə çalışan şirkətlərdə yaxşı gəliri olan vəzifələr tutur. Bununla da həmin deputatlar bu yolla Avropa Parlamentinin qərarlarına, Avropa İttifaqınının siyasətinə təsir etməyə çalışırlar. 

“Transparency International” təşkilatının dərc etdiyi hesabata görə, Avropa Parlamentinin deputatları, Brüssel siyasətinə təsir etməyə çalışan özəl şirkətlər də daxil olmaqla, belə "yan işlərdən" ildə 8,6 milyon avrodan çox pul qazanırlar. Məlumatlara görə, 705 millət vəkilinin üçdə ikisindən çoxu Brüsselin siyasətinə təsir göstərmək məqsədilə özəl şirkətlərdən pul alır.  Tədqiqat müəyyən edib ki, bəzi hallarda Avropa Parlamentinin üzvləri əsas işləri ilə yaxından əlaqəli olan korporasiyaların direktorlar şuralarında otururlar və Avropa Parlamenti ilə müqayisədə daha çox qazanırlar. Qanunvericilərin maaşı ayda 10 min avrodur. Brüssel ötən il Avropa Parlamentində qərarların qəbuluna xarici təsirlərin olması ilə bağlı qalmaqaldan sonra islahatlara başlayıb. İndi qanunvericilər xarici gəlirləri haqqında daha ətraflı məlumat dərc edirlər. Bununla belə, “Transparency International”ın fikrincə, yeni qaydalar hələ də maraqların toqquşmasının qarşısını almaq üçün kifayət etmir. Avropalı deputatlar üçün əlavə iş haradadır və onlara nə qədər gəlir gətirir? Bu xüsusda “Transparency International” təşkilatı konkret nümunələr də göstərir. Məsələn, Avropa Parlamentinin Litvadan olan üzvü Viktor Uspasskix Edvervita UAB şirkətində ildə 3 milyon avro maaş aldığını bəyan edib. Yerli media bu şirkətin Uspasskix və onun övladlarına məxsus olduğunu və Rusiyada iri kommersiya daşınmaz əmlakları ilə əlaqəsi olduğunu yazıb. Almaniyalı Manfred Veber isə Avropa Xalq Partiyasının prezidenti vəzifəsinə görə ayda 14,000 avrodan bir qədər çox pul qazandığını bəyan edir. Yenə Almaniyadan olan  Monika Hollmeier “BayWa AG” kənd təsərrüfatı və enerji şirkətində işinə görə ildə təxminən 75.000 avro qazanır. Alman deputat Aksel Voss “Transparency İnternational” təşkilatına görə, hər il əlavə 54 min avro gəlir əldə edir. Voss “Deutsche Telekom” və “Bietmann” hüquq firmasında məlumatların qorunması üzrə məsləhətçi kimi əlavə işdə işləyir.

Qaydalara əsasən, Avropa Parlamentinin üzvlərinə başqa fəaliyyətlə məşğul olmaq icazəsi verilir, lakin onlar işlədikləri şirkətlərin maraqlarını lobbiçilik etməməlidirlər. Avropa Parlamenti bu qaydalarlı pozur. Məsələn, “BayWa”, Avropa ittifaqının lobbiçilik məlumat bazasında kənd təsərrüfatı siyasəti ilə maraqlanan şirkət kimi siyahıya alınıb. Parlamentin büdcəyə nəzarət komitəsinə rəhbərlik edən Hollmeier Avropa Parlamentinin deputatı olduğu müddətdə Aİ-nin kənd təsərrüfatı siyasətinə düzəlişlər edib. Daha bir deputat, Belçikanın keçmiş maliyyə naziri Yohan Van Overtveldt “Antverpen” proqram şirkəti olan NBX BV-nin direktorlar şurasında xidmət edərək ayda 2500 avro qazandığını göstərir. “Transparency İnternational” təşkilatının məlumatına görə, ən yüksək maaş alan 20 deputatın böyük əksəriyyəti sağçı və ifrat sağçı partiyalardandır. Polşadan olan deputat Marek Bielka ən yüksək maaş alan qanunvericilər arasında onuncu yeri tutur. O, Vyana Sığorta Qrupunun müşahidə şurasının üzvü olduğu üçün ayda 5000 avro və “Pelion” səhiyyə şirkətində analoji iş üçün ayda 2000 avro gəlir əldə edir. Gəlir baxımından yeddinci yerdə Belçikadan Gay Verhofstadt qərarlaşıb. O, “Planet First Partners” yaşıl investisiya fondunun məsləhətçiliyindən 5000 avro alır. Bəzi qanunvericilər hətta böyük korporasiyalardakı maaşlı mövqelərinin siyasətin qurulmasını yaxşılaşdırdığını iddia edirlər. Məələn, Hollmeier bu xüsusda bildirir: “Mən hesab edirəm ki, Avropa Parlamentinin deputatlarının cəmiyyətdə və biznesdə məsuliyyətli iştirak etməsi çox vacibdir. Siyasətçilər təkcə siyasi fil sümüyü qalasında deyil, parlamentdən kənarda da fəal olmalıdırlar. Hər şey şəffaf olmalıdır". Eyni zamanda, Hollmeier siyasi qərarları tamamilə müstəqil qəbul etdiyini iddia edir. “Transparency International” təşkilatının mütəxəssisi Rafael Kergeno qeyd edir ki, bir çox başqa ölkələr daha da irəli gedib, qanunvericilərə ikinci iş yerlərini tamamilə qadağan ediblər. Kergeno həmçinin Hollmeierin kənar işin həyati əhəmiyyətli əlavə perspektiv təmin edə biləcəyi ilə bağlı arqumentini rədd edir. Onun sözlərinə görə, lobbi qrupları bunun  üçündür. Elə ermənilər də pul vasitəsilə bu quurma ciddi təsir edir. Müxtəlif lobbi qruplarının maraqlarına xidmət edən Avropa Parlamenti indiyədək dəfələrlə Azərbaycana qarşı qərəzli və birtərəfli mövqe nümayiş etdirib. İndi açıqlanan məlumatlar bunun arxasında pul faktorunun dayandığını çox açıq göstərir.  Beləliklə  Avropa Parlamentinin ə rüşvət vasitəsilə digər ölkələrə qarşı ədalətsiz qətnamələr qəbul etməsi artıq adi haldır.  Şübhəsiz ki, lobbiçilik müqabilində rüşvətalma faktlarının üzə çıxması Avropa Parlamentinin imicini yerlə bir edir. Amma Avropa Parlamenti baş verənlərdən nəticə çıxarmaq istəmir. İndi də Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqe tutur. Səbəb isə puldur.

Nahid SALAYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla