AZ

Naxçıvan Universitetində təhsil alanların taleyi necə olacaq?

Naxçıvan Universiteti 2024-cü ildə fəaliyyətini dayandıracaq. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, universitetin sonuncu kursunda təhsil alan tələbələr ali məktəbi bitirəcəklər, aşağı kurslarda təhsil alanlar isə müvafiq qaydada digər ali məktəblərə köçürüləcəklər.

Bəs universitetin fəaliyyəti dayandırdıqdan sonra oradakı tələbələrin köçürülməsi zamanı hansı nüanslar nəzərə alınmalıdır?

Bu barədə təhsil eksperti Vüsal Kərimli "Operativ Media"ya açıqlamasında bildirib ki, bu zaman transferlə bağlı qaydaların tələbələrə şamil edilməməsi lazımdır:

"21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli qərarı ilə "Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi qaydası"na əsasən tələbələr o halda köçürmə edə bilər ki, onun topladığı bal həmin ilin balına bərabər olsun. Lakin indiki situasiyada təhsilalanlara sərbət universitet seçimi imkanı təqdim edilməlidir. Eyni zamanda minimal keçid balı ləğv edilməlidir. Mövcud təhsil alanlar təhsillərini bitirənə kimi onlara öz universitetlərində təhsil almaq imkanı verilməlidir".

Ekspert Naxçıvan Universitetinin tamamilə bağlanmasının mənfi cəhətlərindən də bəhs edib.

O qeyd edib ki, universitetin bağlanması həm də müəllimlərin iş problemini qarşıya çıxarır:

"Müəllimlər harada yerləşdiriləcəkdir? Çünki həmin ali təhsil müəssisəsində xeyli insan çalışır. Həm inzibati işdə, həm pedaqoji fəaliyyətlə məşğul olanların taleyi necə olacaq? Bu məsələlərin hamısına aydınlıq gətirilməlidir. Bununla bağlı narahatlıqlar var. İnsanlar müraciət edirlər və onların gələcək iş taleləri ilə bağlı məsələlər hələ də qaranlıqdır. Bu baxımdan nazirliyin də mövqeyi öyrənilməli və mümkün variant və ssenarilər cəmiyyətə təqdim edilməlidir".

Sevinc İbrahimzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
Mənbələr
Şərh ()
Bağla