AZ

“Xarı bülbül tarix yazan şəhidlərimizin, qazilərimizin, işğalçıları ölkəmizdən qovan oğullarımızın mübarizəsinin ən gözəl simvoludur”- Aydın Xan Əbilov

Image

“Xarı Bülbül” festivalı Qarabağın Azərbaycanın əzəli torpağı olmasını dünyaya yayması baxımından əhəmiyyətlidir”

Hər gülün öz ətri, öz təravəti, öz gözəlliyi var. Xarıbülbülün də. Amma xarıbülbülü başqa güllərdən fərqləndirən bir cəhət də var ki, o öz məskəninə, bitdiyi torpağa daha sədaqətlidir. Qarabağın simvolu sayılan xarıbülbül öz sədaqətliliyini qoruyub saxlamaqla yalnız Qarabağ təbiətinə sadiqdir, orada bitir. Hətta bir vaxtlar Qarabağ xanının qızı Ağabəyim ağa üçün İran şahının Tehranda saldırdığı bağçada bütün güllər bitir, təkcə xarıbülbüldən başqa. Odur ki, xarıbülbülü vətən, torpaq aşiqi də adlandıra bilərik.

Tarixin bütün çətin sınaqlarına məğrurcasına sinə gərən, bütün çətinliklərdən qəhrəmanlıqla çıxan poeziya və musiqi beşiyi, sənət məbədi, sənətkarlar oylağı olan Qarabağ 30 illik işğaldan sonra öz məğrurluğunu sübut etdi. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun igid əsgərlərinin sayəsində yalnız torpaqlarımız düşməndən azad edilmədi, xarıbülbülün də başı dirçəldi, eyni açıldı, bülbüllər onun sevincinə qoşularaq daha şövqlə oxudular. Cıdır düzü sevindi, İsa bulağının suyu daha da duruldu. Bu gün işğaldan azad edilən ərazilərdə həyat yenidən canlanır. İşğaldan azad olunan bütün ərazilərin bərpası ilə bağlı infrastruk işləri davam edir. Şuşada müxtəlif formatlı tədbirlər keçirilir. Məlumat üçün bildirək ki, mayın 11-13-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bu il 35 yaşını qeyd edən festival Şuşa və Laçın şəhərlərində baş tutacaq. Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana portalının və www.yenimedia.net saytının təsisçisi, baş redaktoru, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq  Aydın Xan Əbilov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, XX əsr peşəkar və xalq musiqisinin intibahı kimi yadda qalıb. 1989-cu ildə Xan Şuşinskinin 100 illiyi ilə əlaqədar olaraq Şuşada “Xarı Bülbül” festivalının keçirilməsi ilə bağlı olaraq qərar qəbul edildi. Bu festivalın həm siyasi, həm də estetik tərəfləri var idi: “Estetik tərəf odur ki, MDB və dünyanın əksər ölkələrindən Azərbaycana musiqiçilər gəlməyə başladı. Musiqinin formatından istifadə edərək Qarabağ həqiqətləri dünyaya car çəkildi, bizim  musiqiçilərimiz bunu bacardı. Ermənilərin Qarabağı işğal etməsindən sonra festival öz fəaliyyətini dondurdu. 2020-ci ildə şanlı ordumuzun 44 günlük zəfərindən sonra ölkə başçısı İlham Əliyev Xarı bülbülü sülh rəmzi olaraq  dünyaya nümayiş etdirmək üçün festivalın yenidən dirçəlməsi ilə bağlı sərəncam imzaladı. Bu il isə festivalın əhatə dairəsi genişlənərək Şuşa ilə yanaşı, Laçında da keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən gələcək insanlar festivalda iştirak edəcək. “Xarı Bülbül” festivalı Azərbaycanın mədəniyyət mərkəzi sivilizasiyası olduğunu, Şuşanın Azərbaycanın əzəli torpağı olmasını dünyaya yayması baxımından əhəmiyyətlidir. Şuşada keçirilən müxtəlif festivallar bir daha Azərbaycan mədəniyyətinin mətbəx və xalq yaradıcılığının nə dərəcədə zəngin, nə qədər qədim olduğunu sübut edir. Bu qədimilik özü də azərbaycanlıların Şuşada, Qarabağda ta əzəldən yaşadıqlarına dəlalət edir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, xarı bülbül elə bir gül, bitkidir ki, yalnız Şuşada yetişir. Bu səbəbdən xarı bülbül bizim üçün çox dəyərlidir: “Onu da deyim ki, xarı bülbül  tarix yazan şəhidlərimizin, qazilərimizin, işğalçıları ölkəmizdən qovan oğullarımızın mübarizəsinin ən gözəl simvoludur. Bu çiçək həm də cənnət rəmzidir. Qarabağ da  Azərbaycanın cənnəti sayılır. Xarı bülbül həm də sülh rəmzidir. Təəssüflər olsun ki, ermənilər o gülün mahiyyətini anlamadı və xarı bülbülün sülh fəlsəfəsini qəbul etmək istəmədilər”.

A.X.Əbilov hesab edir ki, “Xarı bülbül”musiqi festivalı olmaqla yanaşı, həm də mədəni, kulturoloji bir dəyərdir. 

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla