AZ

Alış-veriş xəstəliyi: Onlar sonda özünü günahkar hiss etməyə başlayır

Oniomaniya olaraq da bilinən alış-veriş asılılığı ciddi qəbul edilməli olan psixoloji xəstəlikdir. Elmi araşdırmalara görə, alış-veriş xoşbəxtliyi təmin edən serotonin hormonunu artırır.

Yenisabah.az xəbər verir ki, alış-veriş asılılığının əlamətləri qadınların 47,9 faizində, kişilərin isə 37,4 faizində aşkar edilib. Alış-verişə aludə olan insanlar alış-verişdən sonra müsbət emosiyalar yaşayır və zamanla bu, pis emosiyalardan uzaqlaşmaq üçün həll yoluna çevrilir.

Bu xəstəlik irəlilədikcə fərd alış-verişdən sonra artıq özünü günahkar hiss etməyə və peşman olmağa başlayır.

Alış-veriş aludəliyi olan insanlar hər hansı problemdən bir anlıq rahatlıq hissi ilə çıxmağı və alış-veriş edərək problemdən uzaqlaşmağı hədəfləyirlər. Ancaq bu müvəqqəti bir hiss olduğundan bir müddət sonra adam eyni üsulla dincəlmək üçün yenidən alış-verişə üz tutur. Alış-veriş asılılığının altında yatan psixoloji problem nə olursa-olsun, ilk növbədə, müalicə üçün müəyyən edilməlidir.

İnsanlar özlərini yaxşı hiss etmək üçün alış-veriş etmək istəyirlər, lakin asılılıqda vəziyyət bir qədər fərqlidir. Bu şəxslər alış verişdən sonra sevinc və rahatlıq hissi yaşayır, lakin bir müddət sonra peşmanlıq və günahkarlıq hissləri hər şeyi üstələyir.

Oniomaniya adlanan alış-veriş asılılığında obsessiv, impulsiv davranış nümunəsi var. Bu, adətən, həddindən artıq alış-veriş etmək, həddindən artıq pul xərcləmək və nəzarətsiz bir arzu ilə başlayan simptomlarla özünü göstərir.

Alış-veriş asılılığının özünü göstərən əlamətlərini aşağıdakı kimi sadalaya bilərik:

İnsan özünü pis hiss edəndə pul xərcləmək istəyir

Şəxs alış-veriş edərkən dincəlir, özünü güclü və dinc hiss edir

Xərclənən pulun miqdarında əhəmiyyətli artım müşahidə olunur

Pul xərcləyən şəxsin ailəsində və ya yaxın çevrəsində neqativ hallar baş verir

Gözləniləndən daha çox alış-veriş edilir

Şəxs pul xərcləməyə başladıqdan sonra özünü dayandıra bilmir

Həddindən artıq alış-verişə görə artıq ətrafdan ciddi tənqidlər eşidir

Oniomaniyadan əziyyət çəkənlərin böyük əksəriyyəti sevməyi bacarmayan, az sevən, maddiyyatla özünü doymuş hesab edənlərdir.

Başqa sözlə, bir qisim insanın beynini sevgi, başqa bir qisimin beynini əşyalar xoşbəxt edir. Çox zaman qadınların onioman olmalarının səbəbi həyatın başqa sahələrində hiss etdiyi çatışmazlıqlar, ailədə sevginin hiss olunmamasıdır. Onlar həyatlarındakı boşluğu əldə etdikləri saysız-hesabsız nemətlərlə doldurmaq istəyirlər.

Əslində dərəcəsini aşmadan alış-veriş etmək depressiyadan çıxmağın ən yaxşı üsuludur. Lakin həddən artıq  aludəçilik ciddi xəstəliyə çevrilə bilər. Alver asılılığı da alkoqolizm, ya da qumar kimi psixoloji asılılıqdır və bundan qurtulmaq üçün bəzən ciddi müalicəyə ehtiyac duyulur.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla