AZ

Məndən DNK analizi götürəndə dedilər ki... - Əhməd Cavadın nəvəsi

Məlumdur ki, 2018-ci ilin noyabrında nakam şairimiz Mikayıl Müşfiqin Qaradağ rayonu Puta qəsəbəsində qalıqlarının tapılması ilə bağlı iddiaların araşdırılması üçün ölkə başçısı İlham Əliyev işçi qrupunun yaradılması barədə göstəriş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu məlumatdan sonra repressiya qurbanı olan daha bir görkəmli şairimiz, Azərbaycan himninin müəllifi Əhməd Cavadın da qalıqlarının həmin ərazidə olmasına dair ehtimallar irəli sürülüb. Bu iddialardan sonra Əhməd Cavadın nəvəsi Anar Axundzadə məsələyə dərhal reaksiya verərək sözügedən işçi qrupu ilə əlaqə saxlayıb.

İşçi qrupu vədinə əməl edərək A.Axundzadəni dəvət edərək ondan DNK analizi götürüblər.

Qeyd edək ki, məsələnin üstündən 4 il müddət keçib. Maraqlıdır, görəsən proseslə bağlı hər hansı bir yenilik varmı?

Bakıvaxtı.az-ın sualını cavablandıran Əhməd Cavadın nəvəsi Anar Axundzadə bildirib ki, 4 il öncə onu Dövlət Təhlüksəzlik Xidmətindən (DTX) dəvət ediblər:

“Getdim, məndən analiz götürdülər. Elə başa düşdüm ki, Qaradağın Puta qəsəbəsindəki qalıqları çıxarıb, saxlayıblar. Məndən DNK analizi götürən zaman söylədilər ki, Mikayıl Müşfiqin də qohumundan analiz götürüblər. Yəni, proses davam edir, işlər görülür. İnanıram ki, yaxın zamanlarda babamın qalıqları tapılacaq və müsəlman adət-ənənəsi ilə dəfn olunacaq. Əlbəttə, bu, bizim ən ümdə arzu və istəyimizdir. Amma həmin vaxtdan bu yana heç bir məlumat yoxdur.
Açığını deyim ki, mən də aidiyyəti quruma yenidən müraciət etməmişəm. O vaxt bildirdilər ki, sümüklər bir-bir yoxlanılıb, tam skelet formasına salınmalıdır. Amma o vaxtdan bəri heç bir məlumat yoxdur. Yəqin ki, bir nəticə olacaq”.

A.Axundzadə Türkiyədə MHP sədri Dövlət Baxçalının göstərişi ilə Əhməd Cavad İnstitutu qurulması məsələsinə də münasibət bildirib:

“Bu xəbəri böyük bir sevinc, sevgi və çoşğu ilə qarşıladıq. Dövlət bəyə təşəkkür edirəm ki, belə bir təşəbbüs, iradə ortaya qoyub. Şübhəsiz ki, bu məsələ ailəmizdə də sevinclə qarşılandı. Bu, böyük tarixi hadisədir. Sanki Əhməd Cavada yenidən nəfəs verilir”.

Aydən Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla