AZ

Hüquq və qanun anlayışları arasındakı fərqlər

Qanunlar ümumi nizamı təmin etmək üçün hazırlanmış və əməl edilməli olan yazılı müddəalardır. Bu normalar ictimai münasibətlərin bütün sahələrinə təsir edə və həmin münasibətlərdə davranış qaydalarını müəyyən edə bilər. Qanunlar topluluğa uyğun hazırlanır və hər toplumun spesifik əlamətlərini özündə ehtiva edir. İstisna edilmir ki, bir toplum tərəfindən qəbul edilmiş qayda, digər toplum tərəfindən qəbul edilməyə, hətta qadağan edilə bilər. Bundan başqa qanunlar demokratik dəyərləri özündə ehtiva edə, həmçinin anti-demokratik əlamətlərə malik ola bilər.

Hüquq isə qanundan daha geniş anlayışdır. Hüquq yalnız yazılı qaydaları deyil, həm də həmin qaydaların meydana çıxma zərurətini, onların necə formalaşmasını, həmçinin həqiqətən ədalətli, demokratik olub-olmamasını öyrənir. Məsələn, Azərbaycan Respublikası Ailə Məcəlləsinin əvvəlki redaksiyasında qeyd edilirdi ki, ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda onların yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olub-olmasından asılı olmayaraq nikaha müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Göstərilən norma qanunda öz əksini tapsa belə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məsələyə hüquqi yanaşması ilə norma ləğv edildi və qanun hüquqa uyğun hesab edilmədi. (Bax: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 7 iyul 2013-cü il tarixli qərarı)

Göstərilənlərdən də aydın olur ki, məsələ qanuni dövlət modelinin təmin edilməsi deyil, hüquqi dövlət modelinin təmin edilməsidir. Bu səbəbdən də AR Konstitusiyasında qeyd olunur ki, Azərbaycan Respublikası hüquqi dövlətdir.

Göründüyü kimi, bir çox hallarda qarışdırılan bu anlayışlar əslində fərqlidir və istifadə edilərkən mütləq yazılanlar diqqətə alınmalıdır.

Dədəkişi Vəlizadə

Vəkillər Kollegiyasının üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla