AZ

“Elə adətlərimiz var ki, heç buna ehtiyac yoxdur” - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Mən keçmişə hörmətin, milli adət-ənənələrə sayğı və diqqətin tərəfdarıyam. Nahaq deməyiblər ki, keçmişinə güllə atanın gələcəyini topa tutarlar. Amma bu zaman bəzi adət-ənənələrimizi süzgəcdən keçirməyin tərəfdarıyam. Köhnəlmiş, müasir dövrlə uyğunlaşmayan, cəhaləti və fanatizmi təbliğ edən, mahiyyətində bu xüsusiyyətləri əks etdirən adət-ənənələrdən imtina etməyi bacarmalıyıq”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, müasir dövr insanların davamlı olaraq öz üzərində işləməyini tələb edir: “Elə adətlərimiz var ki, XXI əsrdə onları qoruyub-saxlamaq, yaşatmaq mümkün deyil. Heç buna ehtiyac da yoxdur. Məsələn, mən uşaq olanda doğulduğum kənddə dünyasını dəyişən adamı dəfn etmədən mərasimə gələn insanlar üçün ehsan süfrəsi açırdılar. Bu, demək olar ki, Azərbaycanın dörd bir tərəfində belə idi. Xatırlayanda insanı dəhşət bürüyür”.

“Təsəvvür edin, cənazə ortada qalıb, amma camaat bozbaş yeyir. Deyirdilər ki, bu adət bizə babalarımızdan qalıb. Yüz illərdir belə görmüşük. Sizcə, bu adəti yaşatmağa ehtiyac varmı? Əlbəttə, yox! Yaxşı ki, belə köhnə, lazımsız adətlər ortadan qalxıb. Hesab edirəm ki, vidalaşmalı olduğumuz xeyli adət-ənənələr var. Buna görə də yaxşı bir ələk götürüb, onları saf-çürük etməliyik. Bizi inkişafa aparan, cəmiyyətə, insanlara faydalı olan adət-ənənələri yaşatmalı, köhnə, mənasız, bezdirici adət-ənənələrdən isə imtina etməliyik”,- deyə o əlavə edib.

Ayşən Vəli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla