AZ

Qazaxıstan görüşünün sülh prosesinə TƏSİRİ: Türkiyə-Ermənistan sərhədi açıla bilər

“Əgər Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə, Azərbaycan xoşməramlı mövqe nümayiş etdirəcək. Xüsusən də Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması mümkün ola bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanla Ermənistan XİN rəhbərləri arasında keçiriləcək Qazaxıstan görüşünün sülh prosesinə təsirindən danışan politoloq Zaur İbrahimli deyib.

Onun sözlərinə görə, delimitasiya və demarkasiya işlərinin başlandığı, kəndlərin qaytarıldığı dövrdə belə bir görüşün keçirilməsi gələcək proseslər üçün etibarlı bünövrə ola bilər.

“Qazaxıstanın təklif etdiyi vasitəçiliyə hər iki tərəfin razılıq verməsi konstruktiv mövqe və gələcəyə ümidlə bağlıdır. Lakin bunun xüsusi dönüş nöqtəsi olacağını söyləmək düzgün deyil. Çünki daha öncə də dəfələrlə işgüzar görüşlər keçirilib”, – deyə politoloq bildirib.

Zaur İbrahimli qeyd edib ki, Qazaxıstan görüşü sərhədlərin delimitasiyası üzrə komissiyanın işinə yeni impuls gətirə bilər:

“Görüş, eyni zamanda, tərəflərin birgə yol xəritəsi işləməsinə şərait yaradacaq. Nəticə etibarilə Azərbaycanın mövqeyi hər zaman bəlli olub. Burada əsas məsuliyyət Ermənistanın üzərinə düşür. Belə ki, milli qanunvericiliyinə yenidən baxmalı, konstitusiyasına düzəlişlər etməlidir. Bu addımlarla sülh sazişinə gedən yolu açmalıdır”.

Siyasi şərhçi həmçinin bildirib ki, görüşün əsas müzakirə predmetindən biri regional kommunikasiyaların açılması ilə bağlıdır.

“Bu, hər iki tərəf üçün həssas mövzudur. Əlavə olaraq, qarşılıqlı etimadı gücləndirəcək məsələlərdən biridir. İrəvan və Bakının mövzu ətrafında yanaşmaları isə fərqlidir. İndi isə ortaq yanaşmaların müəyyən olunması üçün fürsət yaranıb. Əgər Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə, Azərbaycan xoşməramlı mövqe nümayiş etdirəcək.

Xüsusən də Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması mümkün ola bilər. Bu isə Ermənistanı Rusiyanın asılılığından qurtarmağa çalışan Paşinyanın ən böyük uğurlarından biri ola bilər”.

Nəsimi Ələsgərli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla