AZ

Şagirdlərin “qanuni oğru” sevgisi: 4 səbəbi varmış

Son vaxtlar məktəblərdə baş verən kriminal hadisələr valideynlərin təlaşına səbəb olub.

Belə ki, Bakının Ramana qəsəbəsindəki 90 saylı məktəbdə şagirdin xəsarət alması, yaxud Bakı şəhəri 75 nömrəli tam orta məktəbdə şagirdlərdən birinin əlindəki naməlum əşya ilə digər məktəblini yaralaması, eləcə də Suraxanı rayonundakı 89 nömrəli orta məktəbin 7-ci sinfində təhsil alan şagirdlərdən birinin ayaqyolunda zorakılıqla üzləşməsi ilə bağlı məlumatlar yayılıb.

Bugünlərdə isə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin şagirdləri arasında dərsdən sonra məktəb binasından kənarda insident (şagirdlərin bir-birinə xəsarət yetirməsi) yaşanıb.

Bu gün isə Tərtər rayonu ərazisində 2 saylı məktəb-liseydə iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və aparıldığı xəstəxanada ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Qeyd olunub ki, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır. Eləcə də son zamanlarda gənclər, xüsusilə məktəblilər arasında "kriminal aləm"ə, “qanuni oğru”ya oxşamaq meyilliyi artır. Buna uyğun olaraq, məktəblilər üzərlərində kəsici-deşici alətlər gəzdirir.

Məktəblərdə baş verən bu proseslər ictimaiyyət tərəfindən birmənalı qarşılanmır, məktəbə olan etibarın zədələnməsinə gətirib çıxarır. Bu sahədə baş verən proseslərlə bağlı isə bir qrup valideyn məktəbi, digər qrup isə valideynləri, şagirdlərin düzgün tərbiyə olunmamasını əsas gətirirlər.

Cəmiyyətdə baş verən bu kimi neqativ hadisələrin əsas səbəbi nədir?

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Cebhe.info”-ya bildirdi ki, bizim cəmiyyət gündən-günə mürəkkəbləşib, xeyli həssaslaşıb və bu cəmiyyət 30-40-50 il bundan öncəki cəmiyyət deyil:

“Biz əslində bunları nəzərə alaraq çalışmalıyıq ki, cəmiyyətdə müəyyən işlər görək. 

Bizim ən böyük səhvimiz odur ki, cavabdeh olan müvafiq qurumlar heç bir iş görmür. Bu ona bənzəyir ki, orqanizmdə bir xəstəlik var, onu müalicə etmirlər və “bu niyə belə oldu?”deyirlər.

Həmin xəstəliyi müalicə etmək, profilaktik tədbirlər görmək lazımdır. Cəmiyyət də orqanizmə bənzəyir. Bir var səhiyyə, tibb insan orqanizmini müalicə etməklə məşğuldur, sosial iş, sosial yönümlü sahələr də cəmiyyətdə gedən problemləri həll etmək üçündür. İndi birdən-birə ölkədə səhiyyəni ləğv etsək ki, həkimlər, tibb olmasın, o zaman adi bir xəstəlikdən insanlar məhv olub gedər.

İnsan orqanizmindən qat-qat mürəkkəb, həssas olan cəmiyyəti, gedən prosesləri başlı-başına buraxmaq olmaz. Buna məsul qurumlar, təşkilatlar var və onlar bilmirlər ki, nə iş görmək lazımdır. Onlara mən təcrübəli sosioloq kimi fikir bildirəndə başa düşmürlər ki, nə deyirəm.

Onlar fikirləşir ki, məmurdursa, ağsaqqal sosioloqdan daha ağıllıdırlar. Halbuki o məmur mənim tələbələrim səviyyədə deyil. Mənim aspirantlarım, tələbələrim bu sahəni həmin məmurlardan qat-qat çox bilir. Yəni orqanizmi müalicə etməyəndə xəstəlik gündən-günə artdığı kimi cəmiyyətdə də proseslərlə bağlı vaxtında diaqnoz qoymaq, problemləri həll etmək lazımdır”.

Sosioloqun sözlərinə görə, məktəblərdə bu hadisələr ona görə baş verir ki, cəmiyyətdə proseslər mürəkkəbləşib:

“Təbii ki, cəmiyyət mürəkkəbləşdikcə, o mürəkkəblik məktəbə də daşınr. Məktəbin özünü 30-40 il əvvəl direktor, dərs hissə müdiri, sinif rəhbəri idarə edə bilirdisə, indi o mümkün deyil. Çünki məktəbdəki cəmiyyətin özü xeyli mürəkkəbləşib. 

Bu bir direktor səviyyəsində deyil. Məsələn, məktəbdə baş verən hadisələrlə bağlı coğrafiya, yaxud riyaziyyat müəllimi nə bilir ki, neynəmək lazımdır? Bunun üçün sosial işçilər lazımdır. Maraqlı odur ki, Azərbaycanda xeyli pedoqojiyönlü təhsil müəssisələri, universitetlər, kolleclər sosial işçi hazırlayır. Ona görə hazırlayırlar ki, onlar xarici ölkələrdə sosial işçi hazırlandığını eşidiblər.

Bizim təhsil işçiləri də fikirləşirlər ki, biz də hazırlamalıyıq. Ancaq fərq oradadır ki, xaricdə sosial işçilərdən istifadə edilir, ancaq bizdə sosial işçilər, sosioloqlar deyir ki, cəmiyyətdə bizə iş yeri yoxdur.  Biz bu gün cəmiyyətdə çox vacib olan sosioloji xidmət yerinə yetirən təşkilatlat qurmuruq. Sonra isə deyirik ki, niyə bu proseslər baş verir?

Mənim təklif etdiyim, dünyada da uğurla yayılan, Azərbaycanın xəbəri olmayan “Ahəngyol” nəzəriyyəsi var. Yaponiya, Hindistan, Çin, Amerika, İtaliya kimi ölkələrdə hər yerdə mənim məqalələrim çap olunur.

Ancaq bizdə isə ona demək olar ki, əhəmiyyət verilmir. Mənim Almaniyada çap olunan “Sosial sistemlərin tərəqqisinin qeyri-səlist riyazi modelləri” adlı məqaləmdən bir çox ölkədə istifadə olunur. Ancaq Azərbaycanda kimə desən güləcək. Mən bu yaşda istəyirəm ki, kiməsə kömək edim. Hazırkı proseslərlə bağlı mən 15 ildir ki, dəfələrlə bu işlərin görülməli olduğunu demişəm, ancaq görmürlər.

Məhz “Ahəngyol” nəzəriyyəsində də qeyd edilir ki, hər bir davranışın formalaşmasına 4 mühüm amil təsir edir. Birincisi, insanın özünün fərdi, psixoloji xüsusiyyətləri, ikincisi, mühit, üçüncü isə, aldığı informasiyanın intensivliyi və məzmunu, nəhayət dördüncüsü, üstünlük verdiyi dəyərlərdir. Bu amilləri araşdırmaqla ölkədə istənilən sosial təbəqədə istənilən davranışı tənzimləmək olar”.

Hazırda məktəbyaşlı şagirdlərinin özlərini müxtəlif şəxslərə, o cümlədən "kriminal aləm"ə maraq göstərməsinə, şüarlar səsləndirməsinə gəldikdə isə, sosioloq deyir ki, davranışa təsir edən amillərdən biri də aldığı informasiyanın intensivliyi və məzmunudur:

“Deməli davranışda televiziyalar da rol oynayır. Təkcə televiziyalar deyil, 4 amili də nəzərə almaq lazımdır. Bundan başqa istedadlı, axtarış aparan uşaqlara diqqətsizlik etdikdə, boşluq yarananda başqa bir zərərli şüarlar, dəyərlər də  daxil olacaq, davranış da formalaşacaq. Mən bu gün Elm və Təhsil Nazirliyinə nə qədər müraciət edirəmsə, hamısı gülümsəyir. Eləcə də Elm və Təhsil Nazirliyinə iki il öncə sosial iş xidməti barədə layihə də təqdim etmişəm. 

Məktəblərdə psixoloqlar azdır, bu işin öhdəsindən gələ bilməz, bu köhnə modeldir. Psixoloq, “Məktəblinin dostu” ştatını da sosial iş xidmətinə keçirmək lazımdır. Küçədə kimin diplomu varsa, sosial iş xidmətinə işə götürmək olmaz. Əvvəlcədən təhsil müəssisələrinə sifariş vermək lazımdır ki, məktəb üçün  sosial iş xidməti işçiləri hazırlasınlar. Xüsusi olaraq 4 il onlar hazırlanmalıdır və sonra məktəblərə işə götürülməlidirlər.

Mən dediyimi reallaşdırsalar, məktəblərdəki bəlaların qarşısı alınar. Yalnız məktəb deyil, eləcə də bu gün kimisi arvadını, kimisi atasını öldürür. Sahə müvəkkili ilə yanaşı sosial iş xidməti də olmalıdır. Görəndə ki, bir ailədə gərginlik yaranıb, sosial işçiləri cəlb etmək lazımdır. Bu zaman hansı görmək lazım olduğunu sosial işçilər bilirlər. Bizdə sosiologiya və sosial iş xidmətinə lazımi diqqət yetirilmir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla