AZ

Liderinə bağlı xalq



Ulu Öndər Heydər Əliyev XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatına fəal dövlət rəhbəri kimi daxil olmuşdur. Bu dahi şəxsiyyətin 1969-cu ildən ömrünün sonuna qədər fədakarlıqla keçdiyi həyat yolu, çoxşaxəli və məqsədyönlü fəaliyyəti Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, ölkəmizi öz hüdudlarından kənarda tanıtmış, beynəlxalq miqyasda ölkəmizin nüfuzunu xeyli dərəcədə yüksəltmişdir. Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, bacarıqlı siyasətçi və diplomat kimi bütün dünyada özünü tanıtmış, dünya miqyaslı siyasətçilər siyahısında ön cərgələrdə öz layiqli yerini tutmuşdur. Ümummilli Lider Heydər Əliyevin adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış, Ulu Öndərin öz xalqına, millətinə misilsiz xidmətləri ilə yaddaşlara əbədi həkk olunmuşdur. Dahi rəhbərin milli maraqlara yönələn siyasəti, sosial, iqtisadi, mədəni və intellektual cəhətdən ölkəsini dirçəltmək, qədim xalqını öz torpaqlarının, tarixi irsinin və taleyinin həqiqi sahibinə çevirmək uğrunda mübarizəsi onun bitib-tükənməz ideyalarının inandırıcı potensialını daha da artırmışdır. Məhz xalqda olan bu inam böyük Azərbaycanlının ikinci dəfə hakimiyyətə gəlişinin istinadına çevrilmişdir. Böyük qayıdışdan sonra Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyaları fundamental mahiyyət kəsb etməyə başlamış, mütərəqqi ənənələr əsasında yeni dövlətçilik konsepsiyası işlənib hazırlanmışdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdan Ümummilli Lider mahiyyət etibarı ilə Azərbaycanın sadəcə müstəqilliyini deyil, eyni zamanda vahid bir ölkə kimi varlığını qoruyub saxladı. Faktiki olaraq, Ulu Öndər Heydər Əliyev artıq dağılmış və parçalanmaq üzrə olan bir dövləti yenidən qurdu.

Bu il may ayının 10-da qədirbilən Azərbaycan xalqı özünün böyük xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyini böyük fəxarət hissi ilə qeyd edəcək. Bu hissi bizə yaşadan tarixi hadisə də Qarabağ münaqişəsinin artıq bütün müstəvilərdə, qeyd-şərtsiz həll olunması və bununla da xalqımızın öz dahi Liderinin ən böyük vəsiyyətinə əməl etməsidir. Ümummilli Liderimizin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin 2020-ci ildə Ulu Öndərin layiqli davamçısı olan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsidir. Xalq-iqtidar birliyi dörd il bundn əvvəl şanlı qələbəmizi, keçən il isə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin etmiş oldu.

Qeyd olunmaya bilməz ki, Ulu Öndərin siyasətini Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ötən illər ərzində ölkəmizdə sabitlik möhkəmlənmiş, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları ilə bağlı aparılan islahatlar Azərbaycanı bir çox göstəricilər üzrə sürətlə inkişaf edən lider ölkəyə çevirmişdir. Azərbaycanın iqtisadi rəqabət qabiliyyətinə görə ildən-ilə dünyada öndər ölkə kimi yerinin yüksəlməsi, MDB məkanında isə birinci yerdə qərarlaşması da buna daha bir sübutdur. Dövlət başçımızın inamla davam etdirdiyi siyasi kurs Azərbaycanın son illər ərzində möhtəşəm iqtisadi inkişafını təmin etmiş, ölkəmizi sözün əsl mənasında qüdrətli dövlətə çevirmişdir. Azərbaycan bu gün özünü bütün dünyaya Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqların şəriksiz müəllifi kimi təqdim etmişdir. Günümüzün reallıqları bir daha bunu deməyə əsas verir ki, Heydər Əliyev siyasi kursu Azərbaycanı parlaq gələcəyinə qovuşduracaq yeganə doğru yoldur. Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu, xalqı, dövləti qarşısındakı misilsiz xidmətləri hələ bundan sonra əsrlər boyu öyrəniləcək zəngin bir irsdir.

İlqar Kərimov,
YAP Tovuz rayon təşkilatnın sədr müavini




Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla