AZ

Tarix yazan xilaskar Lider



Dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. İlk dəfə 1969-cu ildə respublikaya rəhbərlik etməyə başlayan Ulu Öndər Azərbaycanda iqtisadi inkişafa doğru ciddi dönüş əldə edildi, elmi və ədəbi-mədəni intibahın əsası qoyuldu. Məhz həmin dövrdən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün əsaslı zəmin hazırladı.

Adətən Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edərkən, Ulu Öndərimizin 1993-cü ildə Azərbaycanda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonrakı dövrdə göstərdiyi fəaliyyətindən danışırıq. Lakin unutmaq olmaz ki, Ümummilli Lider hələ 1990-1992-ci illərdə öz siyasi iradəsini ortaya qoyaraq müstəqil Azərbaycan dövlətinin yaradılması yolunda ən zəruri və mühüm addımları atmışdır. İlk növbədə Ulu Öndər 1990-cı ildə üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul olunması haqqında qərar verilməsinə nail olmaqla dövlət suverenliyimizin ən mühüm atributunu dünyaya nümayiş etdirdi. Daha sonra Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci ildə keçirilmiş sessiyasında SSRİ-nin qorunub saxlanılması barədə referendumda Azərbaycanın iştirakı məsələsinin müzakirəsi zamanı çıxış edən Ulu Öndər Heydər Əliyev bu cür aksiyanın xalqımızın dövlət müstəqilliyinə qarşı yönəldiyini bildirməklə onun əleyhinə səs vermişdi. Nəticə olaraq həmin ümumittifaq referendumunda Naxçıvan MR-nın iştirak etməməsi barədə qərar qəbul edildi ki, bu da Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi və azərbaycançılıq ideyasına bağlılığı ilə şərtləndirilən bir addım idi. Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin 15 iyununda Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə xalqı öz milli müstəqilliyini itirmək, dövlətimizi isə faktiki olaraq yox olmaq təhlükəsindən xilas etmişdir. Məhz həmin tarixdən ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycanın dövlət müstəqilliyi hər cür daxili və xarici təhdidlərdən qurtuldu. Çağdaş Azərbaycan tarixinin həqiqi müstəqillik mərhələsi başlandı. Azərbaycanı, onun dövlət müstəqilliyini Heydər Əliyev dühası, Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi, Azərbaycan xalqına sonsuz məhəbbəti xilas etdi.

Bu gün bütün dünya azərbaycanlıları üçün birləşdirici amil olan Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, Ulu Öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ümummilli Lider Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın mühüm tərkib hissəsi hesab edirdi. Azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə Ümummilli Lider ölkəmizin inkişafı və tərəqqisi üçün işıqlı yolun təməlini qoydu. Ulu Öndər Azərbaycançılıq ideologiyası ilə dilindən, dinindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarını ümumi vətən naminə həmrəyliyə dəvət etdi. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması isə tolerantlığın bariz təzahürünə çevrildi.

Bu il xalqımız böyük ruh yüksəkliyi və sonsuz ehtiramla Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edir. Ümummilli Liderimizin 101 iiliyinin ən böyük özəlliyi ondan ibarətdir ki, məhz bu möhtəşəm tarix ilk dəfə olaraq ölkənin istisnasız bütün ərazisində qeyd olunur. Dörd il bundan əvvəl Şanlı Ordumuz Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala son qoydu. Keçən ilin sentyabr ayında isə ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bununla da Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin irsinə sadiq, mirasına sahib çıxdığını bütün dünyaya bir daha nümayiş etdirdi.

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri




Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla