AZ

Azərbaycanlı alimin növbəti uğuru » AzadMedia.az



“Beynəlxalq hüquq və insan hüquqları kontekstində tibb hüququnun inkişafı problemləri” istiqamətində elmi araşdırmalar aparan gənc alim, h.ü.f.d. Pərvinə İsmayılovanın transplantasiya, köməkçi reproduktiv texnologiyalar (KRT), genetik tədqiqatlar və onların insan genomuna təsiri, müasir biotexnoloji proseslərdə hüquq normalarının tətbiqi, milli yurisdiksiyanın beynəlxalq normalara uyğunlaşdırılması mövzusuna dair innovativ tədqiqatları tibbi hüquq sahəsində böyük maraqla qarşılanmışdır.
Belə ki, onun xarici yüksək indeksli elmi jurnallarda, habelə “Amazonia Investiga” kimi nüfuzlu jurnalda dərc olunan növbəti məqaləsi yenilikçi baxışları və tibbi hüququn gələcəyini formalaşdırmaq potensialı ilə diqqəti cəlb etmişdir. Qeyd edək ki, 2018-ci ildən o, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası, həmçinin Beynəlxalq ümumi hüquq kafedrasında Tibb hüququ və Bioetika sahələrində tədris edir.
İsmayılovanın əsas tədqiqat sahələrindən biri kimi, KRT-dən (ekstrakorporal mayalanma və surroqat analıq) istifadə zamanı yaranan etik və hüquqi nəticələrdir. Məqalələrdən birində: KRT-dən istifadə zamanı yaranan hüquqi problemlərin həlli və insan hüquqlarının təminatı baxımından əhəmiyyətli olacaq “Köməkçi reproduktiv texnologiyalardan istifadə hüququnun tənzimlənməsi haqqında” AR Qanunu adlı yeni qanunvericilik aktının qəbul edilməsi təklif edilir. Bu qanunvericilik aktı dövlətlərin hüquq və məhkəmə təcrübəsi nəzərə alınmaqla beynəlxalq müqavilə və ya konvensiya layihəsi kimi də (nümunəvi akt kimi) qəbul edilə bilər. Məqalədə model olaraq verilən yeni qanunvericilik aktına KRT, donorluq prosedurları, surroqat analıq, genetik analıq və digər əlaqəli terminlərin tərifləri, izahları daxil edilmişdir.
Azərbaycanda surroqat analıq və KRT-dən istifadəyə dair heç bir milli yurisdiksiya normalarının olmadığını nəzərə alaraq, müəllif tərəfindən detallı şəkildə hazırlanmış qanunvericilik aktının qəbulu, habelə əlaqəli sahələrdə də hüquqi normalar bazasının yaradılması təklif edilmişdir. Müəllif xüsusilə qeyd edir ki, hazırda AR qanunvericiliyində KRT-dən istifadəyə dair boşluq və terminlərin qarışıqlığı müşahidə olunur. Məsələn, ölkədə surroqat analıq institutunun heç bir hüquqi normativ aktla tənzimlənməməsi və bu terminin yalnız bir dəfə Ailə Məcəlləsində (46-cı maddə) yalnış formada istifadə olunması, məhkəmə işlərində normativ bazanın və hüququn düzgün təfsir edilməməsinə gətirib çıxarır. Müəllifin təklif etdiyi normativ aktda isə, surroqat ana terminin anlayışı tam şəkildə verilərək, “ənənəvi” və “gestasion” surroqat analıq növləri ayrılmış, genetik valideyn, onların hüquq və vəzifələri, daşıyıcı ana, onun hüquq və vəzifələri aydın şəkildə göstərilmişdir. Müəllif KRT-dən istifadənin genetik valideyn hüquqlarından başlayaraq, insan alverinə qədər müxtəlif hüquqi problemlər yaratdığını qeyd edərək, öz elmi araşdırmasında milli yurisdiksiyanın bu prosesdə iştirak edənlərin hüquqlarını qorumaq məqsədilə necə uyğunlaşdırıla biləcəyinə işıq salır və tibbi hüquq elminin inkişafına töhfə verir.
Genetik tədqiqatlar sahəsində P. İsmayılova yeni texnologiyaların insan genomuna təsirini araşdırır, Azərbaycanda genetik tədqiqatlarda qeyri-adekvat hüquqi tənzimləmənin potensial nəticələrini vurğulayaraq, genetik xəttlə irsən keçən xəstəlik risklərini azaltmağın hüquqi yollarını müəyyən edir. Qeyd olunur ki, müasir genin redaktə vasitələrinin meydana çıxması ilə genetik xüsusiyyətləri dəyişdirmək və irsi xəstəlikləri aradan qaldırmaq potensialı getdikcə mümkün olur, bununla belə, bu texnologiya xüsusilə razılıq, məxfilik və ayrı-seçkilik məsələləri ilə bağlı əhəmiyyətli etik və hüquqi problemlər yaradır. İsmayılovanın məqalələri fərdi hüquqların müdafiəsi zərurətini balanslaşdıraraq, hüquqi çərçivələrin bu texnologiyalara necə uyğunlaşa biləcəyi barədə dəyərli fikirlər təqdim edir. Məqalələrində: Genetik müalicədə biotibbi tədqiqatları tənzimləyən beynəlxalq qanunvericiliyə nəzər salmaqla, müasir dünyada tətbiq olunan əsas prinsiplərin milli yurisdiksiyamıza gətirilməsi təklif edilir. Azərbaycanda genetik xəstəliklərin yüksək yayılma faizini qeyd edərək, “İnbreeding” (qohum nikahlar) və “Residiv genlərin” yayılmasına gətirib çıxaran proseslərin aradan qaldırılması məqsədilə qanunverici bazanın yaradılması, hüquqi boşluqların aradan qaldırılması və gələcək nəsillərin rifahı üçün Milli genofondun qorunmasının vacibliyi vurğulanır. Azərbaycanda talassemiya və hemofiliya kimi genetik xəstəliklərin yüksək daşıyıcı faizinə malik şəxslərin problemlərinin həlli və əhalinin genetik xəttinə ciddi ziyan vuracaq risklərin qaldırılması məqsədilə xəstəliyə düçar olmuş vətəndaşların genetik passportlaşdırılmasının həyata keçirməsi model olaraq təklif edilir.
İnsan orqan və toxumaların transplantasiyası sahəsində geniş araşdırma aparılaraq AR qanunvericiliyində dəyişikliklərin edilməsi, habelə beynəlxalq aktların normalarında dəqiqləşmə və təkmilləşdirmənin aparılması müəllifin beynəlxalq hüquqa verdiyi töhfələrdən hesab oluna bilər. Məsələn, Protokolun (Additional Protocol to the Convention on Human Rights and Biomedicine concerning Transplantation of Organs and Tissues of Human Origin, 2002 Strasbourg) İnsan orqan və toxumalarının transplantasiyası zamanı cinayət maraqlarının qarşısının alınması və ölmüş şəxsin “şəxsi toxunulmazlıq hüququnun” təmin edilməsi baxımından “İradə olmadıqda, insan orqan və toxumalarının transplantasiyası qadağandır” Protokolun 17-ci maddəsinin 2-ci hissəsi norması kimi daxil edilməsi təklif edilib. Müəllif həmçinin hesab edir ki, Protokolun 21.1-ci maddəsinin redaksiyası (“...müqayisə oluna bilməz üstünlük") də qüsurlu hesab edilməlidir. Bu normanın dəyişdirilməsi "...hər hansı, o cümlədən sosial, fizioloji və s. müqayisəli üstünlük əldə etmək üçün qəbul edilə bilməz" ifadəsi ilə dəyişdirilməsi insan ləyaqətinin qorunması məqsədilə daha məntiqli olardı.
Gənc alim məqalələrində: İnsan orqan və toxumalarının transplantasiyasına dair Protokolu Azərbaycanın mövcud qanunvericiliyi ilə müqayisə edərək, daxili qanunvericilik aktında əhatəli tənzimləmənin olmaması barədə qənaətə gəlir. Belə ki, Milli yurisdiksiyanın Protokola uyğunlaşdırılaraq, onun 12-ci maddəsindəki “müstəqil məsləhət almaq hüququ” normasının Qanunumuzun 19.1.1. maddəsinə adaptasiya edilib - “tibbi biliklərə malik müstəqil ekspertdən ...ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq” normasına dəyişdirilməsi təklif edilir. Müəllif: Meyitdən transplantasiya məqsədilə orqanların götürülməsinə dair ziddiyyətli (istisnalı) formada yazılı razılıq prinsipinin; donor orqanların transplantasiya, tədris və elmi məqsədlərlə istifadə edilməsi; orqanların götürülməsinə razılıq və ya orqanların götürülməsindən imtinanın xüsusi ərizə forması ilə rəsmiləşdirilməsi (elmi məqalə çıxdıqdan sonra, 25 dekabr 2023-cü il Orqan donorluğu və transplantasiya sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə qərar qəbul edilmişdir) və digər normaların qanunvericiliyimizə əlavə olunmasını təklif edir. Əlavə olaraq müəllif AR CM-in 137-ci maddəsində qanunsuz (kriminal) orqan transplantasiyasının bütün təzahür formalarını tam əhatə etmədiyini və buna görə də, İnsan orqanlarının alverinə qarşı Konvensiyanın AR tərəfindən tanınmasını təklif edərək bununla transmilli cinayətə qarşı beynəlxalq hüquqi mübarizənin səmərəli şəkildə aparılmasını vurğulayır (elmi məqalə çıxdıqdan sonra, 2023-cu ilin oktyabrın 30-da Azərbaycan Konvensiyanı imzalamışdır).
Xatırladaq ki, müəllifin bu sahədə çoxsaylı elmi araşdırmaları Azərbaycan, rus və ingilis dillərində çap olunub. Məqalələrin bəziləri ilə tanış olmaq istəyənlər aşağıdakı linklərdən keçid edə bilərlər.
https://amazoniainvestiga.info/index.php/amazonia/article/view/2593

https://jilc.e-science.space/wp-content/uploads/2024/01/2.pdf

https://legalhorizons.com.ua/lh/article/view/46/29

http://www.iolr.org/wp-content/uploads/2023/10/Ismayilova-P.F.-Genetik-mualic%C9%99-uzr%C9%99.pdf

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
3
Mənbələr
Şərh ()
Bağla