AZ

"Həmin səfirlərin təmsil olunduğu ölkələr anlayıblar ki, Azərbaycan regionda söz sahibidir" - Politoloq

Dünən ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi axır ki, Şuşaya getdi. O, səfər çərçivəsində Cıdır düzündən müraciət də yayıb. Libbi müraciətində Füzuliyə də səfər edəcəyini qeyd edib.

Qeyd edək ki, ABŞ səfiri bir neçə gün əvvəl Şuşaya səfər etməməsinin səbəbini açıqlamışdı. Diplomat bildirmişdi ki, onun Azərbaycan ərazisində səfərlərini səfirlik planlaşdırır və indiyədək Azərbaycanın bir neçə regionunda olub: “Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir. Amma mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm. Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”.

Politoloq Ramiz Alıyev Herbiand.az-a bildirib ki, ABŞ səfiri başda olmaqla digər Qərb dövlətlərinin səfirləri və diplomatik nümayəndəlikləri işğaldan azad etdiyimiz doğma tarixi torpaqlarımıza səfərlər etməməsinin səbəbini onların səfirliklərinin planlarına uyğun gəlmədiyini açıq aşkar bildirsələr də, əsl səbəbini bildirməkdə çətinlik çəkirdilər:

"Çünki Fransa başda olmaqla Qərb dövlətlərinin birmənalı olaraq həzm edə bilmədiyi məsələlər var. Azərbaycan öz tarixi torpaqlarını terrorçulardan təmizləyib və bunu Qərbin və hər hansı bir dövlətin iştirakı olmadan edib. Bilirsiniz ki, Qərb dövlətləri və ümumiyyətlə, böyük gücə sahib olan dövlətlər bu cür məsələlərdə mütləq şəkildə öz maraqlarından çıxış edirlər. Bütün vəchlə çalışırlar ki, bu cür münaqişəli zonaların sayı çox olsun və ölkələr arasında problemlərin mövcudluğu davam etsin. Çünki həmin mövcud münaqişələrdən öz maraqları üçün lazımi formada yararlanırlar. Ancaq Azərbaycan onların planlarını alt-üst etdi və BMT-nin çıxartdığı qətnamələri öz gücü və "dəmir yumruğu" hesabına bərpa etdi. Belə olan halda əlbəttə bu, Qərb dövlətlərinin maraqlarına uyğun gəlmədi. Onlar çalışırdılar ki, Azərbaycanı dörd il ərzində hər hansı bir siyasi-iqtisadi və psixoloji təzyiqlər altında saxlasınlar. Bununla da öz təsirləri altında saxlamaqla hətta Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra belə onların tapşırıqlarını və istəklərini yerinə yetirsin. Ancaq gördülər ki, bunun heç bir xeyiri yoxdur və Azərbaycanda xalq-hakimiyyət birliyi mövcuddur. Xalq hakimiyyətin və cənab prezidentin atdığı bütün addımları dəstəkləyir və sona qədər onun yanındadır. Azərbaycan haqlıdır və öz ərazilərini düşməndən və terrorçulardan təmizləyib, Qərb isə bununla hesablaşmalıdır. Qaliblər heç vaxt mühakimə olunmur. Sadəcə olaraq, bəzi məqamlarda Qərb dövlətləri Azərbaycan kimi öz ərazilərini düşməndən təmizləyən, işğaldan azad edən ölkələri öz təsir dairələrinə salmağa çalışırlar. Bu olmadığı təqdirdə isə vəziyyətlə barışmalı olurlar". 

Politoloq hesab edir ki, həmin səfirlərin təmsil olunduğu ölkələr və həmin ölkələrin rəhbərliyi artıq anlamışdır ki, Azərbaycan regionda söz sahibidir:

"Azərbaycanın iştirakı olmadan regionda heç bir böyük iqtisadi və siyasi layihələr və digər məsələlər həyata keçirilə bilməz. Ona görə də onlar məcburən artıq anlamağa başlayıblar ki, Azərbaycanla sülh və sabitlik şəraitində münasibətləri bərpa etməlidirlər. Azərbaycanla münasibətləri yoluna qoymaq lazımdır ki, gələcəkdə əlaqələrdə daha da irəli addımlar atılsın. Burada təbii ki, Rusiya-Ukrayna müharibəsinin də təsiri var. Onlar gözləyirdilər ki, Ukrayna daha çox təzyiqlər edərək Rusiyanın müəyyən bir çöküşünü təmin edəcək. Bu da mümkün olmayanda artıq Rusiyanın regionda gücünün yenidən bərpa olunduğunu hiss edən Qərb region dövlətləri özünə dost və yaxud hər hansı bir tərəfdaş kimi saxlamağa çalışırdılar. Azərbaycan Qərb, Rusiya, Çin və digər ölkələrlə münasibətlərini bərabər hüquqlar çərçivəsində həyata keçirir və bu, belə də davam edəcək. Hesab edirəm ki, onlar Azərbaycanı Qərbə meylləndirib hər hansı bir təsir dairəsinə salacaqlarını düşünürdülər, lakin bu da yanlışdır".

Ramiz Alıyev qeyd edib ki, onların ən yaxşı ağıllı siyasəti ondan ibarət olmalıdır və olacaqdır ki, Azərbaycanla bərabər hüquqlar çərçivəsində və haqlı olduğu məqamlarda yanında olsunlar:

"Azərbaycanın və regionun istəkləri sülhün, sabitliyin istəkləri deməkdir. Bu yöndə addımlar atacaqlarsa və Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına əngəl olmayacaqlarsa hesab edirəm ki, münasibətlər normal vəziyyətə düşəcək. Əks təqdirdə, Azərbaycan nə Qərbin, nə də başqa bir ölkənin heç bir təsirinə məruz qalmayacaq, psixoloji, iqtisadi və digər təsirlərindən əziyyət çəkməyəcək. Bunu əlbəttə, Fransa başda olmaqla Qərb dövlətləri çox yaxşı bilir. Bunu tez anlasaydılar daha yaxşı olardı. Ancaq təəssüflər olsun ki, bir az gec anladılar və bu da müsbət qarşılanmalıdır. Hesab edirəm ki, digər Qərb dövlətləri də işğaldan azad etdiyimiz ərazilərə səfərlər edəcəklər və artıq onlar da reallığı anlayacaqlar və reallıqdan danışacaqlar".

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla