AZ

Həkəridən yol alan şair

Aynur Turan

Neçə min ildirsə xalqımın yaşı,

O qədər zamanın vətəndaşıyam.

Göy yaylağım oldu dağların başı,

Şorvanın, Muğamın vətəndaşıyam.

Ədəbiyyat həyat fəlsəfəsinin, ilahi və insani duyğuların cəmləşdiyi məkandır. İnsan özünün, dünya və ilahi varlığın dərkini burada anlayır. Ədəbiyyat sahilsiz, sərhədsiz elmdir. Onun dərinliyinə vardıqca əzəmətini dərk edirik. Hər kəsi öz ağuşuna alaraq, çox az adamı buradan kamil çıxarır. Bədii aləm insan ömrünü uzadan, sağlam edən ilahi nemətdir. Bədii ədəbiyyatla tanış olmayan, oxuyub sevməyən insan kasıb və məğlubdur. O ürəkdən gələn elmdir. Ürəklə qidalanır və oradan bulaq kimi süzülür. Bədii aləm ürəklə yaşayır, dayanması ilə də sona yetir. Küləyin səsini, suyun şırıltısını, ildırımın çaxmasını və s. təbiət gözəlliklərini bizə sevdirən ədəbiyyatdır.

Şairlik bir başqa aləmdir. Sonu bilinməyən ümmandır. Daxilində böyük söz xəzinəsi olan insandır. Şairlərə İlahidən bir qüvvə verilir. Bu qüvvə onlara ilham, həvəs verərək ümidlər yaradır. Şair olmaq asan deyil. Bu sənət böyük sənətdir. Hər insan şair ola bilməz. Mən bir oxucu kimi, şairləri sonsuz bir çoxluq kimi görürəm. Hansı ki, o çoxluq tükənmir. Şairdə də bunu belə təsəvvür edirəm. Onlar yazdıqca yaradırlar. Şairi böyük bir rəssama bənzəyir. Rəssam hansısa bir gözəlliyi görür və onu cansız təsvir edir. Şair gözəlliyi görür və onu sözlə canlandırır. Gözlə görünən gözəllik daha ifadəli olur, daha cəlbedici xarakter daşıyır. Çünki onu bir şair canlandırır. Biz düşünürük, amma heç nəyi qələmə almırıq. Ancaq şair düşünür və bunu qələmə alır. Şairi bir müəllimə də bənzəyir. Çünki qarşısındakı şagirdi, tələbəni müəllimdən daha yaxşı heç kim tanıya bilməz. Şairlikdə belədir. Əgər insanda şairlik ruhu varsa, ətraf mühiti ondan yaxşı heç kim dərk edib qələmə ala bilməz. Onun daxilini, xaricini yalnız şair ruhu canlandıra bilər.

Poeziya insanı, təbiəti, aləmi insana sevdirən ədəbiyyatın tərkib hissəsidir. Bu sevgi hardan qaynaqlanır? Poeziya öz qüdrətini torpaqdan, qandanmı alır? Bu suallar hələ də mübahizə obyektidir. Danılmaz həqiqətdir ki, dağlar, qayalar, çaylar və s. təbiət gözəllikləri poeziyanın yaranma mənbəyidir. Bunlar şairə ilham verir. Suyun səsi, güllərin xoş ətri, dağların uca zirvəsi və s. kimi duyğular insanı yazmağa səsləyir.

Ayla gecə, Günəşlə gündüz, bülbüllə gül qovuşduğu kimi, söz də öz qiymətinə ədəbiyyatda qovuşur. Ana ilə balanı, gecə ilə gündüzü, yerlə göyü ayırmaq mümkün olmadığı kimi, sözü də ədəbiyyatdan ayırmaq olmaz. Çünki ədəbiyyat söz üzərində bərqərar olub. Qiymətli söz, yazarı əbədiləşdirir. Bu isə hər yazara qismət olmur.

-Göylərdə ulduzların sayı bilinmədiyi kimi, xalqımızın yetirdiyi şairlərin sayı da bilinmir. Hər bölgəmizdə, rayonumuzda, kəndimizdə ürəyi sözlə dolu neçə-neçə şair var. Tarix bizə şairə dünyasını dəyişdikdən sonra qiymət verməyi tövsiyə edir. Azərbaycanımızın dilbər guşələrinin birində Laçında doğulub yaşayıb yaradan Hüseyn Kürdoğlu da Azərbaycan müasir ədəbiyyatına dərin iz qoyan şairlərimizdəndir.

Hüseyn Kürdoğlu müasirAzərbaycan poeziyasının bütün şəkillərində yazıb-yaratmışdır: hecada da, əruzda da. Yüzlərlə şeir, poema, qəzəl, qoşma, bayatı nəşr etdirmişdir. Hər biri də uğurludur.

Soyunu bada verməz,

Şöhrətə, ada verməz,

Başını verər Kərkük,

Dilini yada verməz.

Hüseyn Kürdoğlu 1934-cü il iyunun 15-də Azərbaycanın Laçın rayonunun Əhmədli (Mollaməhmədi) kəndində anadan olmuşdur. Orta təhsilini Əhmədli kənd yeddiillik, Ağdam şəhər 1 saylı orta, Laçın şəhər orta və Qubadlı rayonu Xanlıq kənd məktəblərində alıb ADU-nun filologiya fakültəsinə daxil olmuşdur (1953–1958). Əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində ədəbi dram şöbəsinin redaktoru kimi başlamışdır. Sonra Azərbaycan EA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir (1960). “Müasir kürd şairi A. Qoranın poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1966). Şərqşünaslıq İnstitutunun “İran ədəbiyyatı” şöbəsində böyük elmi işçi vəzifəsində çalışmışdır (1968–1993). Ömrünün sonunadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda işləmişdir (1993-cü ildən). Ədəbi yaradıcılığa erkən başlamış, ilk şeirlərini hələ orta məktəbin beşinci sinfində ikən Laçın rayonunda çıxan “Sovet Kürdüstanı” qəzetində çap etdirmişdir. Onun “Gözəldir” rədifli ilk qoşması 1950-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunandan sonra dövri mətbuatda müntəzəm çıxış etməyə başlamışdır. Bədii tərcümə ilə də məşğul olmuşdur.

Azərbaycandə rəsmi fəaliyyət göstərən “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin (1990) və Mərkəzin mətbu orqanı olan “Denge Kurd” (“Kürdün Səsi”, 1992) qəzetinin təsisçilərindən biri olmuşdur. “Ronahi”-nin mədəni fəaliyyətində iştirak etmiş, “Denge Kurd” qəzetinin fəal əməkdaşı olmuşdur.

2003-cü il iyulun 12-də Bakıda vəfat etmiş, Xırdalan qəbristanlığında dəfn edilmişdir.

Bu günUstad sənin sorağına, ziyarətinə gəlmişik. Həkərinin sol yaxasına — Yaxşının qarşı sahildəki əbədiyyət evinə — sənin qibləgahına boylanırıq. Yox, tək boylanmırıq, səninlə birgə boylanırıq. Sanıram ki, sinədaşındakı saz dilə gəlib od saçır, əsrlər boyu sönməmiş və heç zaman sönməyəcək ülvi bir sevdanın həzin hekayətini dağlara, qayalara, ağ dalğalı büllur Həkəriyə, pıçıltılı bulaqlara söyləyir, Aya-günə, ulduzlara danışır, zaman-zaman bütün dünyaya bəyan edir. Yamyaşıl bağlara bürünmüş gözəl dağlar qoynundakı yurdun bir daha sənin adınla şöhrətləndi, qəlbində şeirlərin şölələnən minlərlə, yüz minlərlə dili diləkli insanlar Kürdoğlu deyə səni sevdi, sazın-sözün ülviyyətinə sığındı, sənətin dirilik bulağına yetişdi.İgid elimiz-obamız sən yatan torpağı — Kürdoğlu torpağını, göy göyərçinlərin yuvasını sinəsiylə qoruyacaq. Mən buna inanıram! Sənin ölməz ruhun da göy göyərçinlərə qoşulub yollar üstə qonur, sərhəd məntəqələrinə gedən igidlərə xeyir-dua verir:

Yurdumuzun, ulu diyarımızın şeir sevənləri, sözə vurğun, sözə sevdalı xalqı səni minnətdarlıqla xatırlayır, xatırlayacaq.

Kürdoğlu Laçın rayonunun ən səfalı guşələrindən olan Əhmədli kəndində anadan olmuşdur. Hüseynin uşaqlıq həyatı ecazkar dağ təbiətinin qoynunda keçmişdir. Doğma kəndinin əfsanəvi gözəllikləri, zərif saz havaları, özünün tütəkdə çaldığı yanıqlı el havaları balaca Hüseynin həssas qəlbində dərin izlər buraxmışdır. Məktəbdə oxuyan vaxtlarda uşaqlıq həyatı haqqında belə demişdir:

Dağların, yaylaqların, çayların, şəlalənin, buz bulaqların bizi əhatə edən aləmin qədrin biləsən, onu sevəsən ki, ondan da ilham ala biləsən. Onda rahat nəfəs alarsan, onda dinc, rahat yaşaya bilərsən, yazıb-yarada bilərsən.

Elə bil göylərin yeddi qatından,

Şığıyıb enirsən çaya, şəlalə!

Öpüşür suların qəhqəhələri,

Çağır bu dağları toya, şəlalə!

Və ya

Dəlidağdan Arazacan yol gedər,

Min şaxəli, min budaqlı Həkəri,

Vəcdə gəlir ağ günündən ellərin,

Vadiləri bağça bağlı Həkəri.

Sadə, ədalətli, ürəyi yumşaq olan bu cür sadə insanlar bu cür ömür yaşayırlar. Eldə, obada, cəmiyyətdə böyük hörmət və nüfuz qazanıblar, insanların qəlbində yuva salmaq üçün Ulu tanrı həmin şəxslərə məhəbbət və ilham vermişdir. Onun tutduğu bu yolda, o, həmişə xeyirxahlıq, kamillik, mənəvi yetkinlik zivəsinə çatırlar. Gənclik illərindən Laçına, onun dağ kəndlərinə, el-obasına, təbiətinə bağlı olması, pillə-pillə, addım-addım zirvələri fəth etməsi elmdə, yaradıcılığında da özünü büruzə vermişdi. Yaranan, əldə olunan nailiyyətlər məhz bununla bağlıdır.

Bu dünya bir karvan yolu

Hüseyn Kürdoğlunun əsərlərinin yaranması, ərsəyə gəlməsi, onun uzun müddət yuxusuz gecələrinin, geniş düşüncəsinin, ağlın, zəkasının, vətənə, insanlara olan sevgisini, məhəbbətini, təbiətə bağlı olmasını nəticəsidir. Şairin təbiətin gözəlliyini tərənnüm edən çox sayda şeirləri yaranmışdı. Belə gözəlliklərin tərənnüm olunmasının mərkəzində insanlara qarşı olan istək, məhəbbət də öz yerini müəyyən etmişdir. Ölçüsü müəyyən olunmayan təbiəti sevməsi, ona bağlılığı, məhəbbəti, sevgisi, arzusu, ilham mənbəyi olması şairlik zivəsinə qədər də gətirib çıxarmışdır. Bir o qədər coşqun, daşqın istəyini, məhəbbətin içində qovrulub, yanan, sevən şair Hüseyn Kürdoğlu heç olmasa özünə bir gün müəyyən edə bilmişdi. Gözəlliyin içinə qərq olan şair, axır ki, istəyinə, seçiminə, məqsədinə çata bilmişdi. Ömür-gün yoldaşı Fəridə xanımla birlikdə həyat yollarında qoşa addımlaması onu daha da təkminləşdirdi, yaş isə yavaş-yavaş öz işini görürüdü, ağsaqqallığa məcbur etdi. Sevgi, məhəbbət aləmində, qayğılar da bir yandan üst-üstə cəm olmağa başladı. Həyat yoldaşıma, üç övladıma qarşı olan sevgisi, məhəbbəti daha da artdı, yeni-yeni şeirlərin, mövzuların yaranmağa sövq etdi.

1992-ci ildə Qarabağ hadisələri hər bir sahədə bizləri imtahana çəkdi. Vətən də bizləri köçkün elədi. Ağrılarımız, həsrətli günlərimiz birə beş artdı. Doğulub, boya-başa çatdığımız el-obadan didərgin saldı bizləri. İndi o yerlərə baxa-baxa qalmışıq. Onda güvəndiyim vüqarlı, əzəmətli dağlar kimi, uca hesab etdiyim Hüseyn müəllimlə görüşdüm. Bulud kimi dolmuşdu, kövrəlmişdi. Mənə təskinlik verdi, dözümlü olmağı “öyrətdi”. Mətbuatda işləməyə istiqamət verdi. Çap olunan ilk qəzetin nömrəsində Hüseyn müəllimin xeyir-duasını vermişdik. “Laçın həsrəti” şeirini də çap etmişdik. Çox xoşuna gəlmişdi. Məsləhətlərini verdi. Mənə Azərbaycan dilinin orfoqrafiyası və qrammatikası kitabını bağışladı. Dedi ki, yazılarında danışıq, ləhcə sözlərindən çox istifadə edirsən. Sözlərin yazılış formasından istifadə edirsən.

(ardı var)

Medianın

dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla