AZ

Türkiyədə inflyasiya hansı həddə ENƏCƏK? – Hədəflərə çatmağın tarixi AÇIQLANDI

“İnflyasiya artdıqda iqtisadiyyatı sakitləşdirmək lazımdır. Yəni tələbləri azaltmaq mütləqdir”.

Bunu Yenicag.az-a açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkədə inflyasiyanın ən aşağı həddə endirilməsi ilə bağlı səsləndirdiyi bəyanatı şərh edən iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, Ərdoğanın inflyasiyanın ən minimum səviyyəyə endirilməsi ilə bağlı dediyi fikirlər tam olaraq realdır.

“Düzdür, Türkiyə qardaş ölkədir, bu ölkənin mətbuatını yaxından izləyirik. Hazırda inflyasiyanın birrəqəmli göstəricilərə endiriləcəyi barədə gələcək üçün verilən proqnozların gerçəkləşdirilməsi mümkündür.

Ötən ilin ikinci yarısından başlayaraq, Türkiyə prezidenti Mərkəzi Bankın və Maliyyə Nazirliyinin işlərinə müdaxiləni azaltmağa başladı. Misal üçün öncələr faizləri aşağı saldıqda inflyasiyanın azalacağını düşünürdü. Bu isə əsaslı yanaşma deyil. İnflyasiya artdıqda iqtisadiyyatı sakitləşdirmək lazımdır. Yəni tələbləri azaltmaq mütləqdir”, – deyə iqtisadçı bildirib.

Əlavə olaraq, Xalid Kərimli Türkiyə Mərkəzi Bankının hazırda faiz dərəcələrini 50%-ə qaldırdığını deyib:

“Daha öncə Türkiyə hakimiyyəti dini inanclara əsaslanaraq, məcburən faizləri aşağı saldırırdı. İndi isə Mərkəzi Banka azadlıq verilib. Nəticə olaraq isə hazırda anti-inflyasiya tədbirləri həyata keçirilir. Əgər dünya iqtisadiyyatındakı proseslər indiki kimi davam edərsə, növbəti iki il ərzində Ərdoğanın iqtisadiyyatla bağlı qarşıya qoyduğu hədəflərə çatması real görünür”.

Nəsimi Ələsgərli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla