AZ

Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 

Şuşanın ilk sakinləri püşkatma nəticəsində müəyyənləşib. Bu sakinlər içərisində Vətən Müharibəsi iştirakçısı Elvin Məmmədov da olub. O təəssüratlarını Moderator.az-la bölüşüb.
 
 
“2022-ci ildən Şuşa Dövlət Qoruğu idarəsində işləməyə başlamışam. Bu gün də Şuşada işləyirəm. Sağ olsun cənab prezidentimiz məni Şuşada evlə təmin edib. İnşallah yaxın zamanda Şuşaya köçəcəm. Ailəmlə, iki qızımla birlikdə Şuşada yaşayacam. Şuşada yaşamağı, işləməyi sevirəm. Sevinc hisslərimi heç cür ifadə edə bilmirəm. Elə hisslər var ki, onu dilə gətirmək olmur. İnsan aciz olur. Şuşa Allahın bir möcüzəsidir. Füsunkar bir şəhərdir. Binamızın, mənzilimizin yazıldığı kağız parçasını püşkatma nəticəsində əldə etdik. Bu adi kağız parçası deyil. Bu bizim üçün bir vaxtlar arzusunda olduğumuz, xəyallarını qurduğumuz günün gerçəyə çevrilməsini sübut edən əsaslı bir sənəddir. Bu kağız parçasının hər bir hərfi şəhidlərimizin müqəddəs qanı ilə yazılıb. Bu bizim ordumuzun gücüdür, bu qələbəmizdir, bu dövlətimizin apardığı siyasətin uğurlu nəticəsidir. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Öz timsalımda Şuşanın ilk sakinlərini təbrik edirəm. Gözlərimiz aydın olsun” deyə Şuşa sakini bildirib.
 
Elvin Məmmədov deyir ki, Şuşadan 7 yaşında çıxıb.
“1986-cı ildə Şuşa şəhərində anadan olmuşam. Şuşadan çıxandan sonra hər zaman ora qayıtmağı düşünmüşəm. Elə bir günüm olmayıb ki, Şuşa yadıma düşməsin, oranı xatırlamayım. Gövhər Ağa məscidində namaz qılmağı arzulayırdım. Dayım oğlu Azər Quliyev 1992-ci ildə Şuşanın qırx pilləkən deyilən yerində şəhid olub. Onun məzarını ziyarət etməyi Allahdan istəmişəm. Şuşanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun adından 2019-cu ildə Kərbəla ziyarətinə getmişəm. Onun şəkili əks olunmuş köynəyi geyinmişəm. Allaha sonsuz şükürlər olsun ki, 2020-ci il oktyabr ayının 1-də 17 Şuşalı könüllü ilə Füzulidən Şuşaya qədər döyüş yolu keçmişəm. Füzuli, Qubadlı, Xocavənd, Xocalının kəndlərindən daxil olub Daşaltı əməliyyatlarında yaralanmışam. 3-cü qrup əliləm. 2021-ci ilin aprel ayında Allaha şükürlər olsun ki, 4 aydan sonra ayağa qalxıb, Şuşaya getmişəm. Ramiz Qəmbərovun, Quliyev Azərin də məzarları daxil olmaqla bütün şəhidlərimizin məzarlarını ziyarət edib, Gövhər ağa məcsidində namaz qılmışam” deyə o bildirib.
 
 
Moderator.az 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla