AZ

Çin lideri səfər boyu o ölkələri seçib ki, Avropaya uzanan “bir kəmər, bir yol” layihəsinə dəstək verirlər

Çin lideri Si Cinpin Avropa turnesinə Fransadan başlayıb. Bundan sonra Si Cinpin Çinin Avropadakı dost dövlətlərinə - Serbiya və Macarıstana keçəcək. Çin lideri səfər boyu o ölkələri seçib ki, Pekinin siyasətinə qarşı sərt mövqedən çıxış etməyərək, Avropaya uzanan “bir kəmər, bir yol” layihəsinə dəstək verirlər. Misal üçün Çin liderinin İtaliyaya səfəri nəzərdə tutulmayıb. Çünki, İtaliya “bir kəmər, bir yol” layihəsindən çıxdığını bəyan edib.

Çin lideri Parisdə Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə üçtərəfli görüş keçirib. Emmanuel Makron və Ursula fon der Lyayen Si Cinpinlə ticarət və investisiya mövzularını müzakirə ediblər. Paris və Brüssel hesab edirlər ki, Çin dövlət investisiyaları hesabına Avropaya ixrac etdiyi məhsullarını qiymətini aşağı endirir ki, bu da qeyri-bərabər rəqabət yaradır. ABŞ və Avropa dövlətləri illərdir Çinin bu siyasətindən şikayət edirlər. Dəyişən heç nə yoxdur. Misal üçün Çin elektromobillərin istehsalına dövlət subsidiyası ayırır. Nəticədə Çin istehsalı elektromobillərin qiyməti ucuzlaşır, Avropada istehsal olunan elektromobillər isə rəqabətdə geri qalırlar. Çünki Avropa dövlətləri elektromobillərin istehsalına subsidiya ayırmırlar, bu azad iqtisadiyyatın tələblərinə ziddir. Çinin maliyyə imkanları çox olduğundan müxtəlif istehsal sahələrini subsidiya edir və bununla dünyaya ucuz mallar ixrac edir.

Emmanuel Makron Si Cinpinlə 3 mövzunu ayrıca müzakirə edib. Birinci mövzu Yaxın Şərqdəki gərginliyə aid olub. Bu məsələdə ortaq mövqe bildirilib, həm Paris, həm də Pekin müstəqil Fələstin dövlətinin 1967-ci il sərhədlərində yaradılmasını dəstəkləyib. İkinci mövzu İranın nüvə proqramına aid olub. Liderlər İranın nüvə probleminin sülh yolu ilə həllinə tərəfdar olduqlarını bildiriblər. Emmanuel Makron və Si Cinpin problemin diplomatiya və siyasi tədbirlərlə həllinin əhəmiyyətini vurğulayıblar. Liderlər ölkələrinin İranın nüvə probleminin siyasi və diplomatik yolla həllinə kömək etmək üçün səy göstərəcəklərini təsdiqləyiblər.

Fransa İrana qarşı sərt sanksiyaların tərəfdarı olsa da, Tehranla gizli əməkdaşlığını davam etdirir. Ermənistanın silahlandırılması məsələsində Fransa və İranın mövqeyi eynidir. İranın nüvə silahını əldə etməsi də Parisi o qədər də narahat etmir. Bu məsələdə isə Parislə Pekinin mövqeyi eynidir.

Üçüncü mövzu Rusiya-Ukrayna müharibəsi olub. Avropa dövlətləri Çin liderinin Kremlə təsir etməsini istəyir. Si Cinpin müharibənin dayandırılması üçün Kremlə təsir etmək fikrində deyil.

Si Cinpinin Fransaya səfəri zamanı etirazla da üzləşib. Si Cinpinin Parisdə hərəkət etdiyi yollarda müstəqil Tibet və Sincan tərəfdarları etiraz aksiyaları keçirib, yol boyu körpülərdə şüarlar asıblar. Tibet və Sincan tərəfdarları Çində insan haqlarının pozulmasına etiraz ediblər. Etirazçılar Parsin mərkəzi küçərlərində Pekinin siyasəti əleyhinə şüarlar səsləndiriblər.

Avropa İttifaqının 2021-ci ilin martında Sincandakı vəziyyətlə əlaqədar bəzi Çin rəsmilərinə və şirkətlərinə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməsi Pekinin sərt reaksiyalarına səbəb olmuşdu. “Human Rights Watch” təşkilatı Fransa prezidentini Çin liderinə insan haqları mövzularını açıq şəkildə müzakirə etməyə çağıraraq, Çində siyasi məhbusların azad edilməsinə çağırıblar. Aydındır ki, Makron bu mövzuları detallı şəkildə Si Cinpinlə müzakirə etməyib. Pekin insan haqları mövzularını müzakirəyə maraq gəstərmir.

“Atlas” Araşdırmalar Mərkəzi

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
50
Mənbələr
Şərh ()
Bağla