AZ

Azərbaycanda Ermənistan səfirliyi AÇILACAQ? - AÇIQLAMA

Azərbaycanda Ermənistan səfirliyi AÇILACAQ? - AÇIQLAMA

Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi çərçivəsində delimitasiya prosesi daavm edir. Bu yaxınlarda ölkə başçısı son müsahibələrində qeyd etdi ki, Ermənistan və Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələr qurula bilər. Əlbəttə ki, bütün bunlar üçün Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Proseslərə nəzər yetirdikdə verilən mesajlar sülhün əldə edilməsində real mənada inamları artırır. Bu baxımdan Azərbaycan və Ermənistan ərazilərində səfirlikləri açıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turan Rzayev deyib ki, Ermənistan və Azərbaycan arasında geridə qoyduğumuz 30 il ərzində bu tipli konstitutiv danışıqlar heç vaxt aparılmayıb. Real nəticələrdə əldə edilməyib. Bunun əsas səbəbi ondan ibarətdir ki, 30 il ərzində gedən danışıqlar "vasitəçilər"in prosesə müdaxiləsi, mənasız bürokratik danışıqların aparılması, status-kvonun saxlanmasına xidmət edirdi. Bununla yanaşı, sərhədin Qazax-Tavuş kimi çətin relyefə və siyasi baxımdan problemli olan bölgənin delimitasiya prosesinə başlanması və müəyyən bir qisminin yekunlaşması ümumi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının davamı baxımından müsbət bir hadisədir. Real nəticələrin əldə edilməsində olan inamı daha da artırır. Bunlar bu qədər müddət ərzində prosesi bir addım qabağa aparmırdı. Lakin 44 günlük müharibə və lokal xarakterli antiterror əməliyyatları sonrasında Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Azərbaycan burada Dağlıq Qarabağ mərhələsini bitirdi. Əslində bu bizi üçün prioritet və münaqişənin dalana dirənməsindəki ən böyük məsələ idi. Bunları həll etdikdən sonra, Ermənistan və Azərbaycan arasında qalan münaqişə vəziyyətinin bitirilməsi lazım idi. Qarabağ münaqişəsi bitdiyi üçün proseslər daha düz bir məcraya daxil oldu:

"Ölkə prezidenti İlham Əliyev sonuncu müsahibələrində bildirdi ki, sülhə heç vaxt bu qədər yaxınlaşmışdıq. Hətta cənab prezident sülh prosesinin Cop-29-a qədər imzalana biləcəyini qeyd etdi. Burada biz ilkin sülh müqaviləsindən bəhs edirik. Azərbaycan bunda maraqlıdır. Rəsmi Bakı üçün indiki məqamda nə gərginlik aktualdır, nə də Ermənistan ilə yeni bir münaqişəyə girməkdə maraqlıdır. Əsas məsələ bu müqavilənin tez bir zamanda imzalanmasıdır. Hesab edirəm ki, ilkin sülh müqaviləsi bağlandıqdan sonra diplomatik təmaslar artıq qurulacaq. Faktiki olaraq son görüşlərin iştirakçı ölkələrin vasitəçi deyil, məkan və platforma olduğunu görürük. Yəni biz birbaşa danışıqların getdiyini deyə bilərik və sülhə olan inamı da artırır. Sülh müqaviləsi imzalandıqdan sonra böyük ehtimalla bu ilkin müqavilə olacaq. Buraya ərazi bütövlüyünün tanınması, beynəlxalq hüquqda tanınan ərazilərin qəbulu, delimitasiya prosesinin davam etməsi müəyyənləşdiriləcək. İlkin müqavilədən sonra diplomatik və iqtisadi təmaslar qurula bilər. Hətta Azərbaycan danışıqlar gedə-gedə Ermənistana iqtisadi layihələrin anonsunu verir. Bunun üçündə kommunikasiya xətləri açılmalıdır. Bu da mümkündür ki, ilkin sülh müqaviləsi sonrasında danışıqlar həll edilsin. Yəni bütün bunlar qısamüddətli həll ediləcək məsələ deyil. Ən azı 5 illik dövriyyədə həll edilə bilər".

Politoloqun sözlərinə görə, ilkin sülh müqaviləsindən sonda Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurula bilər. Bununla da növbəti mərhələ olaraq səfirlik fəaliyyətləri də yaradıla bilər:

"Amma səfirlik fəaliyyəti üçün münaqişə vəziyyətinin tam bitməsi lazımdır. Müəyyən mənada iki ölkə ərazisində vətəndaşların yaşaması lazımdır. Bizim qərbi Azərbaycan dediyimiz indiki Ermənistan ərazisində faktiki olaraq azərbaycanlılar yaşamır. Qərbi azərbaycanlıların bu əraziyə qayıdışı fonunda yaxud gələcəkdə ermənilərin Azərbaycana gəlişi fonunda səfirlik fəaliyyətləri yaradıla bilər. Adətən o ölkələrdə səfirlik açılır ki, onların siyasi maraqları olur, ya daki həmin ölkələrdə vətəndaşlar yaşayır. Bunlar olmadan səfirliyin açılmasını danışmaq çox tezdir. Ona görə də səfirliyin açılma məsələsi bir qədər uzun proses ola bilər. Burada 5 ildən artıq bir dövr əhatə edə bilər. Amma münasibətlərin qurulmasından və yol xəritəsindən asılı olaraq bu məsələ həllini tapa bilər. Bunun üçün əvvəlcə qərbi azərbaycanlıların öz yurdlarına qayıtması lazımdır".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
Mənbələr
Şərh ()
Bağla