AZ

Azərbaycanda “Vikipediya” niyə bərbar vəziyyətdədir? - ARAŞDIRMA

Müasir dövrün elektronlaşmış insanı uzun illərdir, əyani ensiklopediyalara deyil, “Vikipediya” internet resursuna üz tutur, dünyanın dörd bir yanından düyməyə basaraq istənilən vaxt, rahatlıqla məlumatların doğruluğunu yoxlaya bilir. Yəni hazırda “Vikipediya” əvəzolunmaz mənbə kimi çoxlarının dadına yetişir, milyonlarla könüllü tərəfindən davamlı olaraq yenilənir. “Vikipediya” dünya ölkələrində artıq kifayət qədər təkmilləşsə də, Azərbaycan üçün bunu demək hələ də çətindir. "Vikipediya”nın Azərbaycan bölməsindəki səhvlər, məqalələrin natamamlığı kimi problemlər müzakirə mövzusu olaraq qalmaqdadır. 

 

Pravda.az “Vikipediya” və bu açıq resursdakı səhvlər barədə araşdırma aparıb. 

 

Əvvəlcə “Vikipediya”nın tarixinə qısa nəzər salaq 

 

“Vikipediya” ilk dəfə 2001-ci il, yanvarın 15-də fəaliyyətə başlayıb. Onun yaradıcıları Amerikanın Ohayo Universitetinin fəlsəfə doktoru Larri Sanqer və amerikalı sahibkar Cimmi Uels olub. Yaradıcıların məqsədi dünyanın bütün dillərində nəhəng virtual ensiklopediya yaratmaq, eyni zamanda axtarış sistemi əsasında informasiya xidməti göstərmək olub. Maraqlıdır ki, bu veb-saytın Azərbaycan dilində bölməsinin bir çox mənbələrdə 2002-ci ildə işə düşdüyü qeyd olunsa da, Azərbaycan bölməsinin adminstratoru İradə Ələkbərova 2013-cü ildə “Kaspi” qəzetinə verdiyi müsahibəsində Azərbaycan dilində “Vikipediya”nın 2004-cü ildə yaradıldığını bildirib. Resursun Azərbaycan bölməsi ilə bağlı hazırda ən diqqətçəkən məqam Azərbaycan dilində “Vikipediya” məqalələrinin sayıdır. Belə ki, hazırda “Vikipediya”da Azərbaycan dilində məqalələrin sayı 199 min 866 olsa da, Azərbaycan bölməsinin bundan xəbəri yoxdur. Bölmə hələ də öz dilimizdə məqalə sayını yeniləməyib, 199 min 862-də qalıb.

 

Bu veb-sayt yarandığı vaxtdan ta indiyədək Azərbaycan dili bölməsinə və digər dillərdə fəaliyyət göstərən bölmələrə ermənilər tərəfindən müdaxilələr edilir. Məsələn, ermənilər istər Azərbaycan, istər digər dillərdəki bölmələrdə “Qafqaz Albaniyası” sözünü silib, Ermənistan yazırlar, yaxud “Azərbaycan mədəniyyəti”, “Azərbaycanın tarixi abidəsi” və s. kimi sözlərdə Azərbaycanın adını Ermənistanla əvəz edirlər. Araşdırmalarımız nəticəsində məlum oldu ki, “Vikipediya”nın rus dili bölməsində “Azərbaycanda tarixin saxtalaşdırılması” adlı məqalə yerləşdirilib.

 

Bir sözlə, dırnaqarası erməni “tarixçiləri”, “politoloqları” rusdilli “Vikipediya”da da istədikləri formada saxta informasiya müharibəsi aparırlar.

 

Türkdilli “Vikipediya”dakı səhvlər isə  qəbuledilməzdir. Hələ də Azərbaycanın tarixi ilə bağlı yanlış məlumatlar yer alır. Məsələn, Şuşanın adını “Şuşi”, Kəlbəcəri “Kaşatağ”, Kəlbəcərin bir hissəsini isə “Şaumyan” kimi göstərirlər. 

 

Azərbaycanın Silahlı Qüvvələri barədə məlumatlar da mütəmadi olaraq “Vikipediya”da təhrif olunur. Məsələn, 3 avqust 2021-ci ildə Birinci Ordu Korpusunun komandiri vəzifəsindən azad edilən general-mayor Hikmət Həsənov “Vikipediya”nın ingilis dili bölməsində hələ də keçmiş vəzifəsində qalır. Dəfələrlə bu məsələ qaldırılsa da, 3 il keçib, məlumata heç bir dəyişiklik edilməyib. 

 

Əfsanəvi hökmdar, Qüdsün fatehi, Azərbaycan türkü Səlahəddin Əyyubi ilə bağlı da ingilisdilli “Vikipediya”da saxta erməni “imzası” qalmaqdadır. Belə ki, ermənilər Səlahəddin Əyyubinin Ermənistandan olduğunu qeyd ediblər. 

 

Araşdırmalarımızı daha geniş aspektdən aparmaq üçün əksər  sahələrə diqqət çəkməyə çalışdıq. Məlum oldu ki, uzun zamandır, “Vikipediya” oxucularını narahat edən digər mühüm məqam Xəzər dənizi ətrafında yerləşən Azərbaycan Respublikası üçün "Dəniz tullantıları" adlı məqalənin Azərbaycan dilində deyil, ermənicə olmasıdır.

 

Siyahını hələ çox uzatmaq olar...

 

“Vikipediya”nın Azərbaycan bölməsində görün nələr var 

 

Mətbuata verilən açıqlamalarda, yazılan məqalələrdə Azərbaycan “Vikipediya”sının “inkişafı” ilə bağlı pafoslu cümlələrin ardı-arası kəsilmir. Məsələn, deyilənə görə, “Son illər ölkəmizdə  “Vikipediya”çı könüllülərin sayı həddən ziyadə artıb. Bəs bu qədər könüllü uzun zamandır, farsların, ermənilərin müzakirə obyektinə çevirdiyi dahi türk şairi Nizami Gəncəvi ilə bağlı məlumatları niyə hələ də yeniləmir? Nizami Gəncəvi Azərbaycan bölməsində belə “fars şairi” kimi göstərilir, məqalədə bir cümlə belə olsun “Nizami türk şairidir" ifadəsinə rast gəlinmir. Bəs İranın “mollaları” Nizami Gəncəviyə “fars şairi” deyəndə niyə qınayırıq?


Araşdırmamız zamanı gülməli məqamlara da rast gəldik. Bilmədik ki, Xalq artisti Brilliant Dadaşovanın “Vikipediya”dakı vəziyyətinə gülək, ya ağlayaq. 2024-cü ildir, lakin hələ də “Vikipediya” 65 yaşlı Dadaşovanın doğum tarixi barədə seçim edə bilmir – 1959-cu il və ya 1965-ci il olub-olmadığı barədə düşünür.
 

Elə bu iki məlumat “Vikipediya”mızın vəziyyətinin nə yerdə olduğunu göstərməyə kifayət etdi, araşdırıb özümüzü çox yormaq istəmədik, sözü rəsmilərə, mütəxəssislərə vermək istədik... 

 

Onların gözündə “Vikipediya” 

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa da dedi ki, “Vikipediya” səviyyəsində xeyli işlər görülür: 

 

“Bu, əslində vacibdir, çünki müasir dünyada əsas informasiya mənbələrindən biri “Vikipediya”dır. Xüsusilə, biblioqrafik, bioqrafik informasiyalar “Vikipediya”dan alınır. Biz görürük ki, özümüzlə də bağlı uzun illərdir, eyni nəticələr, informasiyalar olduğu kimi qalır. Məlumatların çevik dəyişdirilməsinə ehtiyac var, hər zaman yenilənmə həyata keçirilməlidir. Azərbaycanda “Vikipediya” sahəsinə xüsusi diqqət, vəsait ayrılmalıdır ki, vaxtaşırı ölkəmizlə, ölkəmizin tanınmış şəxsləri, imici ilə bağlı məsələlər tam əhatə olunsun. “Vikipediya” olduqca vacib platformadır və bu platformadan ağıllı şəkildə istifadə etməliyik. Azərbaycan bölməsində hansı səhvlərlə qarşılaşdığımı indi xatırlaya bilmirəm. Hər halda belə məqalələr var. Məlumatlar öz dolğunluğu, peşəkarlığı ilə seçilməlidir. Əks halda, insanlar məlumat axtarışlarında arzuladıqları şəkildə nəticə əldə edə bilmirlər”. 

 

İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirova da mövzu ilə bağlı müraciət etdik. Mütəxəssis bildirdi ki, Azərbaycanda “Vikipediya” anlayışı yaxşı inkişaf etməyib: 

 

“Adətən dövlət qurumları, yaxud tanınmış şəxslər haqqında məlumat toplayan fərdi qurumlar “Vikipediya”dan çox da geniş istifadə etmirlər. Doğrudur, bəzi qurumlar müəyyən məlumatları yerləşdirirlər, amma “Vikipediya”da onlar barədə geniş məlumat tapmaq olmur. Bunun bir neçə səbəbi var. Birincisi, ölkəmizdə vətəndaşlarımız texnologiya ilə elə də adaptasiya ola bilməyiblər. Bu adaptasiya son bir neçə ildə başlayıb. İkincisi, texniki mühəndislərin “Vikipediya” sahəsinə çox yönəlməməlidir. Məsələn, “Vikipediya”da hər hansı dövlət qurumu haqqında geniş məlumat tapmaq istəyiriksə, gərək, həmin dövlət qurumu özü bu işlə məşğul olan mütəxəssisə və ya şirkətə bir layihə təqdim etsin. Nəticədə şirkət, yaxud mütəxəssis müəyyən mənbələrdən, qurumun özündən geniş məlumatları toplayır, yazı formasına salır və “Vikipediya”ya yerləşdirir. Bu isə bizdə bir az fərqli, qeyri-peşəkar formadadır. Kiçik İT mütəxəssisinə deyirlər ki, “mənim haqqımda “Vikipediya”ya məlumat qoy”. Mütəxəssis də o məlumatı yerləşdirir, artıq burada korperativ yanaşma olmur. Düzdür, yaxşı “Vikipediya” təsis etmiş bəzi qurumlar var. Ad vermək istəmirəm. Lakin hamısı məsələyə belə yanaşmır. Üçüncüsü, Azərbaycan ərazisində insanlar “Vikipediya”ya geniş müraciət etmirlər. Məqalələrin oxunma sayına baxanda rəqəmin aşağı olduğunu görürük. Bunun üçün kompleks yanaşma olmalıdır. Planlı şəkildə tədbirlər həyata keçirilsə, ümumi yanaşma dəyişdirilsə, problem düzələr. Çünki Azərbaycanda bu işi görə biləcək kifayət qədər savadlı, hətta beynəlxalq təcrübəsi olan mütəxəssislər var. Azərbaycanlı mütəxəssislər ölkəmizdə istədikləri işi tapmadıqları üçün xaircə yönəlir, orada özlərinə iş tapırlar. Onlar bu sahəyə uyğun formada cəlb olunsalar, peşəkar yanaşma olsa, effektiv nəticə almaq mümkündür. Hətta hər bir dövlət qurumu, yaxud özəl şirkət "Vikipediya” ilə bağlı xüsusi qrup yarada bilər”. 

 

F.Əmirov “Vikipediya”da qarşısına çıxan problemlərdən də danışıb: “Hər hansı layihə ilə bağlı müvafiq quruma müraciət etmək, yaxud müəyyən məlumat almaq istəyirəmsə, “Vikipediya”da bu haqda dolğun olmayan informasiya ilə qarşılaşıram. Məsələn, “X” dahi şəxs haqqında məlumat almaq istəyirəm, “Vikipediya” bu barədə geniş informasiya vermir. Mən məcburam, hər hansı alternativ yerli qəzetlərdən, jurnallardan o haqda məlumat oxuyum. Bu, Azərbaycanda “Vikipediya”nın diqqətdən kənar qalmasını göstərir”. 

 

İnformasiya təhülkəsizliyi üzrə mühəndis Xədicə Tağızadə (Bürcəliyeva) də təəssüflə qeyd edib ki, ölkəmizdə “Vikipediya” müasir texnologiyanın inkişaf sürəti ilə ayaqlaşa bilmir: 

 

“Terminlərin, yaxud müəyyən konseptlərin izahı kifayət qədər ətraflı, dolğun deyil. Yəni doğru məlumat tapa bilmirik. Öz sahəmizdən danışsaq, informasiya texnologiyaları, kibertəhlükəsizlik sahəsində terminlərin, bəzi konseptlərin izahına çox böyük ehtiyac var. Məsələn, informasiya sistemləri. “Vikipediya”da bir Azərbaycan dilində bu barədə olan məlumatlara baxsaq, bir də ingilis dilində, arada nə qədər fərq olduğunu görərik. İngilis dilindəki versiyada proqram təminatı, informasiya sistemi, onların tətbiqi, yaradılması, inkişafı və s. çox uzun, ətraflı şəkildə izah olunur. Bizim “Vikipediya”da isə bu barədə cəmi iki kiçik abzaslıq, dar çəçivəli məlumat var, heç “informasiya sistemləri” anlayışını qətiyyən qarşılamır. Çünki bu, kifayət qədər geniş sahədir. İkinci misal, verilənlər bazası ilə bağlıdır. Yenə də ingilis dili ilə qarşılaşdırsaq, vəziyyət eynidir. Təəssüf ki, bu, ölkəmizdəki təhsil sisteminə də mənfi təsir edir. Onsuz da  Azərbaycan dilində kifayət qədər dərsliklər yoxdur. Öz təcrübəmə əsaslanaraq, universitetdə çalışmış biri kimi deyirəm ki, tələbələr imtahana hazırlaşanda, dissertasiya işi yazanda məlumat tapmaqda çox əziyyət çəkirlər. Əslində isə “Vikipediya”nın məqsədi budur ki, müəyyən sahələr üzrə ətraflı, düzgün məlumatlar tərtib olunsun ki, insanlar rahat istifadə edə bilsinlər. Bu baxımdan, “Vikipediya” kimi açıq mənbələrin inkişaf etdirilməsi həqiqətən vacibdir. Təəssüf ki, bu cəhətdən çox geridə qalırıq. Digər ölkələrdə isə vəziyyət əksinədir. İnsanlar məlumat tapmaqda əziyyət çəkmirlər. Çox istərdim ki, ölkəmizdə də “Vikipediya” sahəsində işlər daha da təkmilləşdirilsin. Ayrıca işçi qrupu, yaxud komitə bununla məşğul olsun ki, hər sahə üzrə məlumatları çevik ala bilək”. 

 

Mütəxəssislərin açıqlamasını əsas götürərək xarici ölkələrdə “Vikipediya” sahəsini bir az araşdırdıq. Ümumi belə nəticəyə gəldik ki, dünya ölkələrinin çoxunda “Vikipediya”ya ayrıca “iş yeri” kimi yanaşılır. Dövlət qurumları tərəfindən xüsusi maliyyələşən şəxslər var və onlar “Vikipediya” məlumatlarını çevik şəkildə yeniləyir, kənar müdaxiləçiləri bloklaya bilir, digər ölkələrin İP adreslərindən edilən müdaxilələrlə bağlı həmin ölkələrin aidiyyəti qurumlarına xəbərdarlıq edə bilirlər. Görünür, Azərbaycan da könüllü “vikipediya”çılara deyil, peşəkar şəkildə ixtisaslaşmış, dövlət tərəfindən maliyyələşən kadrlara ehtiyac var. 

 

Aytəkin Qardaşova

Tarix: 7 May 2024, 12:25   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla