AZ

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib.

“İki sahil” xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi irsinin, milli ideyasının gənc nəslin inkişafında örnək olaraq təşviq edilməsidir.

Görüş iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Ulu Öndərin həyatı və fəaliyyəti ilə bağlı eksponatların nümayiş etdirildiyi Heydər Əliyev Muzeyini ziyarət edən iştirakçılar, daha sonra gənclərin əl işlərindən ibarət sərgiyə baxıblar.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ulu Öndər Heydər Əliyevi yaxından tanıyan, onun idarəçilik məktəbində inkişaf etmiş dövlət və ictimai xadimlərin iştirak etdiyi görüşdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli açılış nitqi ilə çıxış edərək, Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği işində əvəzsiz rolu olan partiya veteranlarının təcrübəsi, bilikləri və Heydər Əliyev ideyalarına sadiqliyi yeni nəsillər üçün örnək təşkil edir və bu dəyərlərin yaşadılmasında mühüm rol oynadığını bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək bildirib ki, tarixboyu Azərbaycanda baş verən siyasi proseslərin mərkəzində olan ulu Naxçıvan böyük bir irsə, misilsiz bir sərvətə malik olub. Bu diyarın yetirdiyi ən böyük şəxsiyyət isə Ulu Öndər Heydər Əliyevdir. B. Muradova qeyd edib ki, Azərbaycan xalqı dahi liderimizin misilsiz xidmətlərini hər zaman minnətdarlıqla xatırlayacaq. Komitə sədri vurğulayıb ki, Heydər Əliyev irsi üzərində qurulan prinsiplərin gənclərimiz tərəfindən mənimsənilməsi bu günümüz və gələcəyimiz üçün çox vacibdir.

Daha sonra Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər.

Çıxışların ardından tədbir “Ulu Öndər irsi gələcək nəsil üçün yol xəritəsi”, “Azərbaycanın ictimai siyasi prosseslərində gənclərin iştiraki” adlı panel sessiyası ilə davam edib. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın moderatorluq etdiyi paneldə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hikmət Məmmədovun, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Nəsimi rayonu Ağbirçəklər Cəmiyyətinin sədri Zərifə Quliyevanın, Azərbaycan Respublikasının əməkdar jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktoru Qahirə Hüseynovanın, Naxçıvan Dövlət Universitetinin Memarlıq mühəndislik fakültəsinin tələbəsi, Heydər Əliyev təqaüdçüsü Nilgül Qənbərlinin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələri və çıxışları dinlənilib, dahi rəhbərin gənclərə göstərdiyi qayğıdan danışılıb, iştirakçıların sualları cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla