AZ

Soltan Məmmədov Heydər Əliyev Fondunun təhsilə, səhiyyəyə, qazi və şəhid ailələrinə verdiyi dəstəkdən DANIŞDI

“2005-ci ildə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-ə yaxın məktəb binası inşa edilib və yenidən qurulub”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov deyib.

 

“Sonradan proqram dövlət tərəfindən dəstəklənərək 3 mindən çox məktəb təmir olunub və ya yenidən qurulub. Təhsilin keyfiyyətinin artırılmasına xidmət edən “Təhsilə dəstək” layihəsi artıq neçə ildir ki, uğurla davam edir. “Fondun həyata keçirdiyi proqramlar çərçivəsində uşaq bağçaları üçün yeni binalar tikilib, 40-dək uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib. 

 

Fondun səhiyyə sahəsində proqram və layihələri sayəsində Bakıda Psixonevroloji Uşaq Mərkəzi, Talassemiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzi, Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi və bir sıra digər tibb müəssisələri inşa olunub. 

 

2004-cü ildən başlayaraq “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində 14 yaşınadək pasiyentlər hər il dərman preparatı ilə təmin edilib. 2015 və 2020-ci illərdə həyata keçirilmiş “Koxlear implantasiya” proqramından 200-dən çox şəxs faydalanıb. Görmə məhdudiyyətli uşaqlar üçün respublika internat məktəbində müvafiq mərkəz istifadəyə verilib, Naxçıvan, Gəncə və Yevlaxda regional informasiya mərkəzləri yaradılıb”.

 

Millət vəkili bildirib ki, Heydər Əliyev Fondu pandemiya ilə mübarizəyə də önəmli töhfələr verib:

 

“Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın işinə dəstək olaraq 2020-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, müxtəlif ölkələrdən gətirilən tibbi ləvazimatlar müvafiq tibb müəssisələrinə təqdim olunub”.

 

“Fond təhsildə fərqlənən, valideyn himayəsindən məhrum uşaqları, şəhid ailələrini, müharibə veteranlarını və müharibə əlillərini hər zaman diqqət mərkəzində saxlamağa çalışır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərdən ibarət bir qrup hərbçi yüksək texnologiyalı protezlərlə təmin olunub. 

 

Uşaq və yeniyetmələrdə idmana marağın artırılması məqsədilə bir çox təhsil müəssisələrində idman zalları, futbol meydançaları, yeni salınan parklarda mini stadionlar, idman qurğuları ilə təchiz olunmuş sahələr yaradılıb. Olimpiya və Paralimpiya oyunlarında medal qazanmış idmançılar Heydər Əliyev Fondunun təqaüdlərinə və diplomlarına layiq görülüblər. 2016-cı ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Küləyə qalib gəl” şüarı altında “Bakı Marafonu”nda minlərlə insan iştirak edir. Heydər Əliyev Fondu ekoloji tarazlığın qorunması, nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin mühafizəsi, əhali arasında ekoloji təbliğatın gücləndirilməsinə də xüsusi diqqət yetirir”,-S.Məmmədov qeyd edib.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla