AZ

Zurabişvili prezident kimi ƏN AĞIR GÜNLƏRİNİ YAŞAYIR

Əlimusa İbrahimov: "Afrika və Ermənistanın ardınca Fransanın Gürcüstanla bağlı layihəsi də bitmək üzrədir"

İlqar Məmmədov: "Vəziyyətin gərginləşməsinə yol açan "Xarici agentlər haqqında" qanun layihəsinin seçki ərəfəsində qəbulu cəhdi qəribə və şübhəlidir"

Elməddin Behbud: "İvanişvili iqtidarı mürəkkəb siyasi vəziyyətdən çıxış yolu axtarmaqdadır"

Gürcüstan parlamentinin plenar iclasında ikinci oxunuşda hakim "Gürcü Arzusu" partiyasının təklif etdiyi "Xarici agentlər haqqında" qanun layihəsinin dəstəklənməsindən sonra həm ölkə müxalifəti, həm də əksər Qərb dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar bununla bağlı öz iradlarını bildiriblər. İş o yerə çatıb ki, artıq Gürcüstan prezidenti Salome Zurabişvili də hakim "Gürcü Arzusu" partiyasının Siyasi Şurasının sədri Bidzina İvanişvilinin mövzu ilə bağlı son çıxışını çox təxribatçı və Qərb tərəfdaşlarına qarşı yönəlmiş çıxış kimi qiymətləndirib. Zurabişvili həmçinin, "Xarici agentlər haqqında" qanunun yenidən işə salınmasını zorakılıq və Avropa Birliyinin qapılarını açıq görməyə şad olan insanlara qarşı təxribat adlandırıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi isə Gürcüstan parlamentinin "Xarici agentlər haqqında" qanun layihəsini qəbul etməsinin bu ölkədə demokratik əsasları sarsıda biləcəyindən narahatdır: "Biz bu qanun layihəsinin fərqli fikirlər, söz azadlığı və Gürcüstanın haqlı olaraq fəxr etdiyi demokratik prinsiplərə və demokratiyaya potensial zərəri baxımından çox narahatıq".

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə bu qənaətdədir ki, Gürcüstan antirqərb ritorikasına və "Xarici agentlər haqqında" qanun layihəsinə görə Avropa Birliyi və NATO-ya üzvlük perspektivlərini təhlükəyə atır. Miller bildirib ki, ABŞ 32 ildir Gürcüstan iqtisadiyyatına yardım edir, lakin Tiflis bu dəstəyi yanlış şərh edib və bu, onun effektivliyini zəiflədir. ABŞ Dövlət Departamentinin sözçüsü ey ni zamanda, ölkəsinin Gürcüstanda nümayişçilərə qarşı güc tətbiqini pislədiyini də qeyd edib. Onun fikrincə, "Xarici agentlər haqqında" qanun layihəsi Rusiyadan ilhamlanıb.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen isə Gürcüstandakı vəziyyəti şərh edərkən rəsmi Tiflisə Avropaya doğru kursa sadiq qalmağı tövsiyə edib: "Gürcüstandakı vəziyyəti böyük narahatlıqla izləyirəm və Tiflisdə küçələrdə baş verən zorakılığı pisləyirəm, gürcü xalqı Avropa kursu ilə getməlidir".

"Xarici agentlər haqqında" qanun QHT-lərin kənardan maliyyələşdirilməsinə son qoyacağı kimi, Zurabişvilinin də karyerasına nöqtə qoya bilər"

Beləliklə, "Hürriyyət" xəbər verir ki, məsələ ilə bağlı mövqeyini bölüşən politoloq Əlimusa İbrahimovun fikrincə, Makron Fransasının Gürcüstan layihəsi də boşa çıxır: "Fransanın Afrikada həyata keçirdiyi müstəmləkə siyasətinin artıq sona çatmaq üzrə olması və Ermənistan vasitəsi ilə Cənubi Qafqaza soxulmaq cəhdlərinin boşa çıxması heç kimdə şübhə doğurmur. Afrika ölkələrinin bir-birinin ardınca Parisə ölkələrini tərk etmələri barədə ultimatumları və Ermənistanın baş naziri Nikol Paşinyanın son dövrdə Türkiyə və Azərbaycanla münasibətdə isti mesajları dediyimizin sübutudur. Bu yerdə Gürcüstanda son günlərdə baş verən hadisələri də Fransanın aktivinə yazmaq doğru olardı. Axı Salome Zurabişvili 6 il bundan öncə məhz Fransa tərəfindən hazırlanıb Gürcüstana göndərilmişdi. O zaman düşünürdülər ki, xanım prezident Gürcüstanı Rusiyanın nüfuz dairəsindən qopararaq Avropa İttifaqına aparmaqda ciddi fəaliyyət göstərəcək. Amma Zurabişvili ona bəslənən ümidləri heç doğrulda bilmədi. Fəaliyyəti dövründə portfelsiz və səlahiyyətsiz prezident missiyasını həyata keçirdi. Vəziyyət o yerə gəlib çatmışdı ki, Gürcüstan hökuməti onu xarici səfərlərə belə, buraxmaq istəmirdi".

Politoloq hesab edir ki, hazırda Salome Zurabişvili prezident kimi ən ağır və bəlkə də son günlərini yaşayır: "Gürcüstan parlamentinin qəbul edəcəyi "Xarici agentlər haqqında" qanun QHT-lərin kənardan maliyyələşdirilməsinə son qoyacağı kimi, Zurabişvilinin də karyerasına nöqtə qoya bilər. Beləliklə, Afrika və Ermənistanın ardınca Fransanın Gürcüstanla bağlı layihəsi də bitmək üzrədir".

"Gürcüstandakı gərginliyin təməlində Rusiyanın bacarıqlı strateji hesablaması dura bilər"

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov isə bu qənaətdədir ki, Gürcüstanda vətəndaş cəmiyyətini sıxacağı iddia edilən qanunun qəbuluna qarşı kütləvi meydan etirazlarının Azərbaycana təsiri olmayacaq: "Bizdə on minlərlə insan 2013-cü ildə qəbul olunmuş oxşar qanunlara etiraz üçün meydanlara axışan deyil. Baxmayaraq ki, hazırda vətəndaş cəmiyyəti fəallarının davam edən həbsinə şəraiti məhz 2013-cü il qanunları yaradıb. Siyasi-ictimai azadlıq mövzuları burda hələ maraqsızdır. İqtisadiyyatda fırlanaraq hər kəsə azdan-çoxdan çatan neft-qaz pulları iqtisadiyyatın canında nisbətən azalmayınca, vəziyyət bu baxımdan dəyişməyəcək. Gürcüstana qayıtsaq, oktyabrda bu ölkədə parlament seçkiləri keçiriləcək. Vəziyyətin gərginləşməsinə yol açan qanunun seçki ərəfəsində qəbulu cəhdi qəribə və şübhəlidir. Hökumət 6 ay gözləyə də bilərdi, amma müxalifətin əlinə bilərəkdən mövzu verdi, özü də prezident bu məsələdə müxalifətin tərəfində ola-ola. Görəsən niyə? Əlbəttə, bütün bunlar Gürcüstanın daxili işidir. Mən hadisələrə ancaq Azərbaycanın maraqları baxımından qiymət verməyə çalışıram. Tutalım, qanun qəbul edildi və prezident, söz verdiyi kimi, ona veto qoydu. Vetonu parlament aşa da bilər, amma nəticədə prezident öz vəzifəsini itirəcək. Bu cür siyasi dramanın tərkibində meydan hərəkatı da varsa, hökumətin istefası ehtimalı da yaranır. Buna isə Moskva və onun gürcü, abxaz, osetin tərəfdarları heç şübhəsiz, durub mat-mat baxmayacaq. Hökumətin getməsini çevriliş kimi görəcəklər. Onsuz da rus təhlilçilər bir səslə deyir ki, gərək ordumuz 2008-ci ildə Gürcüstanı tərk etməzdi".

Partiya sədrinin sözlərinə görə, sonrakı hadisələr daha da dramatikdir: "Rus ordusu təzəcə yığdığı qiymətli döyüş təcrübəsi ilə Gürcüstanı qısa vaxt ərzində hər hansı adla zəbt edir və Rusiya Ermənistanla faktiki həmsərhəd olur. Ermənistandakı Paşinyan hökuməti çox ciddi seçim qarşısında qalır. Nəticə etibarı ilə Azərbaycan da yeni vəziyyətə uyğunlaşmalı olur. Sözün qısası, Gürcüstandakı indiki gərginliyin demokratik etiraz formalarına baxmayaraq, onun təməlində Rusiyanın çox bacarıqlı strateji hesablaması dura bilər. Doğrudan da, gərginlik yaratmaq, ya da yaratmamaq haqda qərar Rusiya ilə isti münasibəti ilə fərqlənən İvanişvili hökumətinin əlində idi. Hökumətin son illərdə ciddi uğurları olduğu yerdə bu uğurlar üzərindən kampaniya aparıb 6 aydan sonrakı seçkidə mövqeyini möhkəmlətmək əvəzinə niyə o, məhz gərginliyi seçdi? Ruslar çoxdan şikayət edirdi ki, Qərb onlara qarşı Gürcüstanda ikinci cəbhə açmağı planlayır. Ola bilər ruslar fikirləşir ki, ikinci cəbhə onlar üçün narahat vaxtda açılınca, qoy onu elə indi, rahat vaxtda açdıraq və məsələni kökündə həll edək. Yox, işdir, qanun birtəhər qəbul olunsa və vəziyyət sakitləşsə, onda Qərbin Gürcüstanda maliyyələşdirdiyi çevrələri yavaş-yavaş neytrallaşdırıb Gürcüstanla istədiyimiz tipdə qonşuluğa nail olarıq".

"Görünür, Avropa İttifaqının Gürcüstana birlik üzvlüyünə namizəd statusu verməsi Rusiyanı ciddi şəkildə qıcıqlandırdı və İvanişvili hökumətini geosiyasi mərkəzlər arasında seçim etmək üçün konkret tələblər qarşısında qoydu"

Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri, siyasi analitik Elməddin Behbud isə qeyd edib ki, 2023-cü ilin martında Gürcüstan parlamentində "Xarici agentlər haqqında" qanunun müzakirəsi Rusiya və Qərbin yerli emissarlarını kəskin şəkildə üz-üzə gətirdi: "ABŞ-ın Gürcüstandakı səfiri Robin Danniqan deyib ki, "Əfsuslar k, Gürcüstan tərəfi yüksək səviyyəli ABŞ təmsilçiləri ilə görüşdən imtina etməyi seçdi". Bunu Avro-Atlantik məkana inteqrasiyanı rəsmi kurs kimi elan edən Gürcüstan hakimiyyətinin ABŞ-la strateji tərəfdaşlıqdan imtinasının açıq şəkildə ilk ifadəsi hesab etmək olar. O da məlum olub ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən imtina edib. Rəsmi Tiflis bu qərarı Birləşmiş Ştatların Gürcüstan parlamentinin xarici agentlər haqqında qanun layihəsinin qəbulu prosesini dayandırmağı tələb etməsinə etiraz olaraq qəbul edib. 2007-ci ildə Tiflisdə etirazçılara sərt güc tətbiq olunmasından və 2008-ci il Gürcüstan-Rusiya müharibəsindən sonra gürcü cəmiyyətində sosial dayaqlarını və beynəlxalq dəstəyini əhəmiyyətli dərəcədə itirmiş Saakaşvili hökumətinin əvəzlənmə modeli ilə bağlı pərdəarxası razılaşmaların nəticəsi 2012-ci ildə tamlıqla bəlli oldu. Rəsmi Moskva və Qərbin regional geosiyasi konfiqurasiyaya korrektələrinin nəticəsi olaraq 2012-ci ildə Gürcüstanda İvanişvili hökuməti quruldu. Bu konsensus rəsmi şəkildə Qərbin, faktiki şəkildə isə hər ikisinin maraqlarının təminatını özündə əks etdirirdi. İvanaşvili iqtidarının mövcud olduğu ötən 12 il ərzində Gürcüstanda 7 seçki (2 parlament, 2 prezident və 3 yerli seçki) keçirilsə də indiyədək hər iki qütb bu balansın pozulmasında maraqlı olmayıb. 2023-cü ilin martında Gürcüstan parlamentində xarici agentlər barədə qanunun müzakirəsi Rusiya və Qərbin yerli emissarlarını kəskin şəkildə üz-üzə gətirdi. Ancaq küçə toqquşmaları İvanaşvili hakimiyyətinin qanun layihəsinin müzakirəsini parlamentdə dayandırmaq qərarı ilə nəticələndi. Qlobal rəqabətin güc müstəvisindəki dinamikasının artan xətt üzrə inkişafı özünü dünyanın müxtəlif regionlarında göstərməkdə davam edir".

Elməddin Behbudun fikrincə, hazırda Gürcüstanda baş verən siyasi kataklizmi də bu toqquşmanın regional miqyasda əksi hesab etmək olar: "Görünür, Avropa İttifaqının Gürcüstana birlik üzvlüyünə namizəd statusu verməsi Rusiyanı ciddi şəkildə qıcıqlandırdı və İvanişvili hökumətini geosiyasi mərkəzlər arasında seçim etmək üçün konkret tələblər qarşısında qoydu. Gözlənildiyi kimi, bu seçim prosesinin siptomları Qərb donorlarının uzun illər ərzində maliyyələşdirdiyi gürcü vətəndaş cəmiyyəti institutlarının "qida mənbələri" ilə bağlı hüquqi vintlərin bərkidilməsi ilə başladı. Sözügedən qanun layihəsinin qəbul olunmasına etiraz edənlərin - deputat, müxalif Vahid Milli Hərəkat Partiyasının hazırki sədri Levon Kabieşvili də daxil olmaqla, yüzlərlə mitinq iştirakçısının polisin sərt müqaviməti ilə üzləşməsi, ağır fiziki xəsarətlər alması Rusiyanın Qərbin qarşısında geri çəkilmək istəməməsi kimi başa düşülməlidir. Hazırda Bidzina İvanişvili iqtidarı mürəkkəb siyasi vəziyyətdən çıxış yolu axtarmaqdadır. Əgər Qərb Gürcüstanda əməkdaşlıq etdiyi və uzun illərdir böyük miqdarda vəsaitlər ayırdığı institutların hesabına küçə aksiyalarının miqyasını xeyli artıra bilsə və bu proses parlament seçkilərinin keçiriləcəyi oktyabr ayınadək permamnent şəkildə davam etsə, situasiyanı və yekun nəticəni öz xeyrinə dəyişə biləcək. Əks halda güman ki, rəsmi Tiflis aksiyaların dayandırılması üçün bütün inzibati resurslardan istifadə edəcək və payızdakı seçkilərdən də yenə qalib çıxacaq. Qərb isə müxalif partiyaların yeni konfiqurasiyada (çünki artıq VMHP əvvəlki siyasi gücə malik deyil) parlamentdə 1/3 nisbətdə təmsilçiliyi ilə kifayətlənməli olacaq. Azərbaycan isə hər zamanki kimi Gürcüstanda stabilliyin qorunmasında və Cənubi Qafqazda təhlükəsizlik balansının pozulmasına gətirib çıxaracaq risklərin qarşısının alınmasında maraqlıdır. Xüsusi ilə Fransanın Ermənistanı Gürcüstanın hava və quru yolları vasitəsi ilə silahlandırması hakimiyyətdə kimin olmasından asılı olmayaraq rəsmi Tiflisə hərtərəfli dəstək verən Azərbaycanı haqlı olaraq narahat edir".

Vazeh BƏHRAMOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla