AZ

Milli rəssamlığımızın simvolu...

Əzim Əzimzadənin doğum günüdür

Ruhunda yaşatdığı gözəllik duyumunu gerçəkləşdirmək missiyası ilə dünyaya gələn Əzim Əzimzadənin Azərbaycan təsviri sənət tarixində xüsusi yeri var. Gəncliyində ailələrinə çörək pulunu ən müxtəlif sahələrdə işləməklə qazanan Ə.Əzimzadənin nə vaxtsa hiss və duyğularını rəng və cizgilərlə ifadə edəcəyinə böyük inamı var idi. Sonda arzusuna yetişərək böyük sənətkar kimi tanınmışdı. Amma bu, onun üçün heç də asan olmamışdı....

Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz-Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib. Məşhur “Molla Nəsrəddin” jurnalında öz əsərlərini dərc etdirib. 1906-cı ildən “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət” və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub. Onun əsərlərinin əsas mövzusunu təzadlar, sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Rəssam əsərlərində mənfi obrazları yumor, kinayə ilə təsvir etmişdi. Çox vaxt Əzim Əzimzadənin yaradıcılığı şair Mirzə Ələkbər Sabirin yaradıcılığına bənzədilir. Böyük şairin “Hophopnamə”sinə çəkilən illüstrasiyaların müəllifi də Əzim Əzimzadədir. Rəssamın çəkdiyi rəsmlərin M.Ə.Sabir poeziyasının üslubuna yaxınlığı səbəbindən həmin şeirləri o illüstrasiyalarsız təsəvvür etmək mümkün deyil. 1914-cü ildən 1922-ci ilə qədər Əzim Əzimzadə M.Ə.Sabirin şeirlərinə 55 illüstrasiya çəkmiş, “Molla Nəsrəddin” jurnalında 1922-ci ildən 1931-ci ilə qədər rəssamın 1200-dən çox karikaturası çap edilmişdi.

Bu gün əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın anadan olmasından 144 il keçir. İlk fərdi sərgisi 1940-cı ildə təşkil olunmuşdu. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edə biliblər. 1920-1943-cü illərdə Ə.Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olub.

Rəssam siyasi karikatura janrında da bir çox nümunələr yaratmışdı. Onun faşizmi ifşa edən “Şir və pişik balası”, “Faşizmin çöhrəsi”, “Fürerin qənimətləri”, “Vurulmuş kartlar” və digər karikaturaları da bu qəbildəndir.

Rəssamın dostluq etdiyi insanlar arasında ədəbi mühitin bir çox simaları - Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Rüstəm, Üzeyir Hacıbəyov və başqaları da var idi.

1967-ci ildə Azərbaycanın görkəmli Xalq rəssamı, karikaturaçı Əzim Əzimzadənin həyat və yaradıcılığına həsr olunmuş “Əzim Əzimzadə” adlı film çəkilib.

Bakı Rəssamlıq Texnikumu, eləcə də Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev-muzeyi açılıb, evin yaxınlığındakı bağda büstü qoyulub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əzim Əzimzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. Həmçinin, ötən il Bakıda Əzim Əzimzadəyə həsr olunan Bakı Dizayn Festivalı keçirilmişdi.  İlk dəfə təşkil olunan festival çərçivəsində ziyarətçilər müxtəlif yaradıcılıq stendləri, art instalyasiyalarla tanış olmaq imkanı qazanmışdılar.

Yeganə BAYRAMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla