AZ

III Dünya Müharibəsi riski artır...

Fransa Ukraynaya qoşun göndərməklə yeni təhdid formalaşdırır

Rusiya ilə Ukrayna arasında 2 ildən artıqdır davam edən müharibənin miqyası böyüyür - yaranan təhdidin və təhlükənin sərhədləri isə daralır. Öz maraqları xatirinə bu döyüşlərin daha da alovlanması, geniş coğrafiyaya yayılması üçün çalışan bəzi güclərin aktiv müdaxiləsi artıq reallaşmaqdadır ki, bu da müsbət nəticələr vəd etmir. Dünənə qədər Ukraynaya silah-sursat, maliyyə, texnika və bu kimi “stimullaşdırıcı” köməklik göstərən Qərb artıq fərdi mənada qarşıdurmada iştirak etmək üçün “qollarını çırmayıb”. Bütün sferalarda Kremlin “yolunu” bağlayan Qərbin qeyri-hərbi koalisiyasının tətbiq etdiyi sanksiyaların ardından müharibənin gedişatında geridönüş yaratmaq üçün daha real “iştirak” üçün planlar qurulub. Bir sıra siyasi ekspertlər isə bunu olduqca böyük təhlükə kimi qiymətləndirir və həyəcan təbili çalırlar. Hətta mövcud vəziyyəti ötən əsrdə baş verən iki Dünya müharibəsi ərəfəsi ilə əlaqələndirənlər də var. Belə ki, bir sıra siyasi mütəxəssislərin fikrincə, 1914, 1939-cu illərdəki siyasi-hərbi situasiya məhz hazırki duruma çox bənzəyirdi - Qərbin müharibəyə aktiv müdaxiləsi genişmiqyaslı hərbi əməliyyatlar üçün bir növ siqnala çevrilə bilər ki, bu da  müsbət perspektiv vəd etmir. Təsadüfi deyil ki, dünyada baş verən siyasi prosesləri dəyərləndirən zaman vahid qənaət formalaşır: bütün səbəblər III dünya müharibəsini şərtləndirməkdədir.

Fransanın avantürist addımları...

III Dünya müharibəsinin “başlanması” üçün cəhd göstərən ən əsas “qüvvə” kimi isə yenə də antoqonist siyasəti ilə dünyanı uçuruma sürükləyən Fransa çıxış etməkdədir. Yayılan məlumatlara görə, Ukraynaya 3-cü Piyada Alayının əsgərlərini göndərən Fransa bu canlı heyətini 54-cü Mexanikləşdirilmiş Briqadanın şəxsi heyətinə dəstək məqsədilə yola salıb. İlkin mərhələdə göndərilən əsgərlərin sayı 100 nəfər olsa da, bu sayın 1500 nəfərədək artırılacağı bildirilir. Onların əsasən Donbass cəbhəsinin müdafiəsində iştirak edəcəyi açıqlanıb.

Qeyd edək ki, Fransanın bu istiqamətdə cəhdləri hələ bu ilin fevral ayından müşahidə edilməkdədir. Fevralın 26-da bununla bağlı çağırılmış qeyri-rəsmi iclasda Makron heç bir nəticə əldə etməmişdi - hətta bununla bağlı “fikirləri” belə təkzib edilmişdi. Sonradan bir sıra dövlətlər Makronun bu “ideyasını” siyasi avantüra sayaraq vəziyyəti daha da kəsiknləşdirəcəyi haqda bəyanatlar vermişdi. Hətta Macarıstanın xarici işlər naziri Peters Siyarto Fransa Prezidenti Emmanuel Makronun Qərbin Ukraynaya ordu göndərməsi ehtimalını təhlükəli hesab etmişdi. Bir neçə gün öncə XİN rəhbəri LCI-yə müsahibəsində vurğulayıb ki, Avropa və ya Amerika əsgərləri Ukrayna torpaqlarına ayaq bassalar, bu, NATO daxilində “qırmızı xətti” keçdiyimiz anlamına gələcək. Əgər NATO üzvü olan dövlət Ukraynaya əsgər göndərirsə, bu o deməkdir ki, NATO ilə Rusiya arasında birbaşa qarşıdurma olacaq. Bu, Üçüncü Dünya müharibəsi deməkdir.

Bir müddət öncə təxminən eyni məzmunda açıqlama verən Böyük Britaniyanın XİN başçısı da Makronun bu ideyasını uğurlu hesab etməmişdi. Əslində, prosesi dəyərləndirən zaman mənzərə daha aydın görünür - Fransa bundan öncə verdiyi qeyri-real və qeyri-demokratik qərarlar ilə (xüsusilə Cənubi Qafqaza yönəlik), ikibaşlı siyasi oyunları ilə Aİ-ni çətin vəziyyətlərə salmışdı. Bu nöqteyi-nəzərdən son aylarda mərkəzçi Avropa (avrosentristlər) cəbhəsində açıq soyuqluq müşahidə olunmaqdaydı. Artıq bu cinahın digər aparıcı təmsilçisi Almaniya Fransa ilə eyni fikirləri bölüşmədiyini açıq şəkildə bildirirdi - hətta kansler Şolts hələ fevral ayında Makronun Ukraynaya ordu göndərmək ideyasını qəbul etmədiyini açıq bildirmişdi. Beləliklə, Fransa önə çıxmağa çalışdığı Aİ sıralarında autsayderə çevrildiyini hiss etməyə başlamışdı. Demək ki, Makron özünü və ölkəsini saldığı bu rüsvayçı durumu “kompensasiya” etmək üçün bu kimi təhlükəli planı “B” variantı olaraq irəli sürür. Amma bu “plan” Makronla yanaşı, bütövlükdə Avropa məkanı üçün böyük təhlükələr yaradır. 

Nüvə ritorikası, yoxsa NATO hələ öz “işindədir”...

Bu kimi addımlar ilk plandaca nüvə ritorikasını yenidən aktuallaşdırır. Təsadüfi deyil ki, Macarıstanın XİN başçısı öz müsahibəsində Ukrayna münaqişəsində nüvə silahının mümkün istifadəsindən narahatlığını ifadə edir - “Prezidentiniz (Fransa Prezidenti Emmanuel Makron-red.) nüvə potensialının quraşdırılmasından danışdı (Avropada - red.) Qonşularımızdan bəziləri amerikalılardan öz ərazilərində nüvə silahı yerləşdirməyi xahiş ediblər. Biz çox yaxşı bilirik ki, bu və ya digər tərəf nüvə silahından istifadə etmək qərarına gəlsə, bu, dünyanın sonu olacaq”. Siyartonun sözlərinə görə, Qərb “əsgərləri göndərmək və ya nüvə silahından istifadə etmək haqqında” fikirləşməkdən, hətta “yeni silah ixracı”ndan danışmaqdansa, “bu müharibəyə son qoymalıdır”.

Macar nazirin bu narahatlığı isə əbəs deyil. Artan xətlə inkişaf edən Qərb-Rusiya münasibətləri təhlükəli müstəvilərə daşınır. İsveç ilə Finlandiyanı sıralarına qatmaqla NATO təxminən Rusiyanı şimal, şimal-qərb istiqamətində qarşılamaq üçün potensialını artırıb. ABŞ Konqresinin Ukraynaya 61 milyard dollarlıq yeni dəstək paketinin təsdiqlənməsinin ardından isə müharibə ssenarisi “dəyişib”. Hazırki proseslər Ukraynanın məğlubiyyətini təsdiqləyirdisə, indiki zamanda Qərbin aktiv müdaxiləsi güc balansına yenidən təsir göstərəcək. Həm də Qərb bu yolla yeni “dirçəlmə” prosesini həyata keçirir. Başqa sözlə, Ukrayna müharibəsi NATO-ya Rusiyanın sərhədləri ətrafında güclü hərbi potensial yerləşdirmək üçün vaxt qazandırır. Yayılan məlumatlara görə, hazırda Rusiyanın sərhədlərində NATO-nun 35 minlik canlı qüvvəsi, 300 tankı və 800 zirehli döyüş texnikası artıq mövcuddur. Və NATO-nun Rusiya ilə gələcək savaş ssenarisi üzrə keçirilən hərbi təlimlərə 90 min nəfərlik canlı qüvvə cəlb olunub.

Nəzərə alsaq ki, son bir ildə Qərb dünyasının silah tədarükü statistikası xüsusilə diqqəti cəlb edir, müharibənin “yeni boyut” qazanma riski günü-gündən artır - “The New York Times”ın hesablamalarına görə, 2023-cü ildə dünya ölkələri hərbi sahəyə son 35 ildə olduğundan daha çox maliyyə vəsaiti xərcləyiblər. Ötən il qlobal hərbi xərclər 2,4 trilyon dollar həcmində olub. Bu, ilk növbədə Ukrayna savaşının silah-sursata olan ehtiyacları maksimum səviyyədə artırmasından qaynaqlanır. Eyni zamanda, Asiya qitəsində və Yaxın Şərq regionunda hərbi-siyasi gərginliyin artması da bu xərcləri yüksəldir. Yalnız ABŞ hərbi ehtiyaclara ötən il 920 milyard dollar xərcləyib. Və bu fantastik maliyyə vəsaitləri isə ilk növbədə nəhəng silah şirkətlərinin büdcələrini doldurur.

Bunun qarşılığında isə Rusiya da əlləri bağlı ona ediləcək hücumun vaxtını “gözləmir”. Belarusa yerləşdirilən nüvə başlıqları Qərb üçün olduqca böyük risqlər yaradır. Ötən əsrin ortalarında Kubaya göndərilmiş nüvə başlıqları kimi bu dəfəki “qabaqlayıcı tədbirlər” də NATO-nu bir az düşünməyə vadar edir...

1966-cı il situasiyası - paralellər, oxşarlıqlar...

Ötən əsri xatırlamışkən, Fransanın apardığı siyasi xəttin həm də anti - Qərb xarakteri daşıması bütün konturlarından bəllidir. Ukraynaya əsgər göndərməklə kollektiv Qərbin, xüsusilə NATO-nu çətin vəziyyətə salan Paris öz müttəfiqlərinə bir növ xəyanət edir - yuxarıda qeyd edildiyi kimi, NATO-nun indiki məqamda Rusiya ilə açıq savaşa girmək kimi planları hələ mövcud deyil, hətta mövcuddursa belə bu yaxın günlər və ya aylar üçün planlaşdırılmayıb. Amma Fransanın Ukraynaya özbaşına 100 əsgər göndərməsi NATO-nu olduqca çətin bir duruma salır. Tarixdə ikinci dəfədir ki, Fransa NATO-nun maraqlarına arxa çevirir, təşkilat içində ikitirəlik salır, qitəni bölməyə çalışır - NATO yeni yaranan dövrlərdə Şarl de Qollun Fransaya başçılıq etdiyi dövrdə belə bir böhran “meydana gəlmişdi”. De Qoll Birləşmiş Ştatların təşkilatdakı güclü rolunu və Birləşmiş Ştatlar ilə Böyük Britaniya arasındakı xüsusi münasibətləri qəbul etmirdi, bunu Avropanın proseslərə təsir imkanlarının zəifliyi kimi irəli sürürdü. 17 sentyabr 1958-ci ildə ABŞ prezidenti Duayt Eyzenhauerə və İngiltərənin baş naziri Harold Makmillana göndərilən memorandumda, Fransanı ABŞ və Birləşmiş Krallıq ilə bərabər bir vəziyyətə gətirəcək üç tərəfli müdiriyyətin yaradılması irəli sürülmüşdü (Paris hər zaman Avropanın önündə təmsil olunmaq istəsə də buna nail ola bilməyib). NATO-nun cavabı isə tam fərqli olmuşdu - burada əsas məqamlardan biri də Fransanın həmin dövrdə Əlcəzairdə törətdiyi qeyri-qanuni hərəkətlər və bu hərəkətlərini NATO bayrağı altında gizləməyə çalışması idi. 1966-cı ildə Fransa NATO-nun hərbi strukturlarından çıxdı və NATO qoşunları Fransa torpaqlarını tərk etdi. Parisin Alyansa qayıdışı (bütün strukturlar üzrə) bir də 2009-cu ildə rellaşa bildi. 

Yeni risklər...

Paris bu gün də eyni xətti tutub - öz maraqlarını həm qitə, həm də Alyans maraqlarından önə çıxarmaq istəyən Makron hakimiyyəti hətta ayrı-ayrı siyasi təşkilatların “dili ilə” bu təbliğatı aparmaqdadır. Təsadüfi deyil ki, Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində bildirib ki, Fransa mümkün qədər tez NATO-dan çıxmalıdır, bu təşkilatda qalmaq son dərəcə təhlükəlidir. O, ABŞ Dövlət katibi Antoni Blinkenin Ukraynanın alyansa üzv olması ehtimalı ilə bağlı sözlərinə belə cavab verib. Maraqlıdır ki, siyasətçi bu iddiasını heç də Fransanın III Dünya müharibəsini körükləməsi ilə deyil, ABŞ-ın apardığı “ağılsız siyasət” ilə bağlayır. Filippo deyib ki, ABŞ-nin hərəkətləri dünyanı üçüncü Dünya Müharibəsinə yaxınlaşdırır, onun ilk qurbanları Avropa ölkələri, o cümlədən Fransa olacaq.

Bəli, bu günün reallığında siyasi münasibətlərin kəskin hal alması sirr deyil - amma bəzi qüvvələrin bundan məharətlə istifadə edərək qarşıdurmaların miqyasını böyütməyə çalışması mühüm təhdidlər yaradır. Fransanın və digər qüvvələrin imperialist arzuları isə dünya üçün yeni risklər deməkdir...

P.İSMAYILOV 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla