AZ

“Səbail”in “Sumqayıt”ı ötmək şansı qalmadı

Azərbaycan Premyer Liqasının daha bir iştirakçısının avrokuboklara vəsiqə şansı bitib.

Futbolinfo.az saytının məlumatına görə, “Qəbələ”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Turan Tovuz”dan sonra “Səbail” üçün də mövsümün uğursuz nəticələnəcəyi dəqiqləşib.

“Dənizçilər”in olan-qalan ümidinin üstündən 33-cü turda “Qəbələ” ilə matçda xətt çəkilib. Doğma arenada autsayderə 2:3 hesabı ilə məğlub olan Şahin Diniyevin yetirmələrinin mövsümü ilk “dördlük”də başa vurmayacağı rəsmiləşib.

Sona 3 tur qalmış 42 xalla 6-cı sırada qərarlaşan “Səbail” 4-cü yerin sahibi olan “Sumqayıt”dan 9 xal geri qalır. Qəsəbə təmsilçisi bundan sonra maksimum nəticə toplasa və “gənclik şəhəri” təmsilçisi hər üç qarşılaşmasında uduzsa, xallar bərabərləşəcək. Ancaq bu da bakılılar üçün yetməyəcək. Çünki bu komandalar arasında ilk üç dövrədə baş tutan qarşılaşmanın hər üçündə “Sumqayıt” rəqibi üzərində qələbə qazanıb. Yəni 34-cü turdakı duel “Səbail” üçün heç bir əhəmiyyət kəsb etmir.

Diniyevin kollektivi ən yaxşı halda 5-ci yerdəki “Neftçi”ni üstələyə bilər. Bunun üçün isə “Səbail” hər üç matçda qələbə qazanmalı, “ağ-qaralar” isə uduzmalıdır. 50 xala malik “Neftçi” aktivinə daha bir xal yazdırsa, “Səbail” üçün beşincilik də əlçatmaz olacaq. Çünki Bayıl komandası şəxsi matçlarda “Neftçi”yə də uduzur – 1 heç-heçə, 2 məğlubiyyət. Tərəflərin son dueli 35-ci tura təsadüf edəcək.

Qeyd edək ki, Premyer Liqada 34-cü tura mayın 10-da start veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
futbolinfo.az

1Mənbələr