AZ

Britaniya Müdafiə Nazirliyi haker hücumuna məruz qaldı – “Sky News”


Böyük Britaniya Müdafiə Nazirliyi haker hücumuna məruz qalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sky News” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, kiberhücum nəticəsində Böyük Britaniya Müdafiə Nazirliyinin serverləri sındırılıb, məmurların və aktiv hərbi personalın məlumatları oğurlanıb. Nəticədə, hakerlər şəxsi məlumatlara, o cümlədən bank rekvizitlərinə, Böyük Britaniya Müdafiə Nazirliyinin əməkdaşlarının, habelə hazırkı və keçmiş hərbi qulluqçuların məlumatlarına giriş əldə ediblər.
Telekanalın məlumatına görə, hakerlərin Çinlə bağlı olduğu iddia edilir.
Mayın 7-də Böyük Britaniya hökumətinin kiberhücumla bağlı Parlamentdə bəyanatla çıxışı gözlənilir.
Eyni zamanda, Britaniya hakimiyyətinin Çini birbaşa zərərli hərəkətlərdə ittiham etmək niyyətində olmadığı vurğulanıb. Digər tərəfdən, telekanal nazirliyin kiberhücumla bağlı araşdırmaya başladığını bildirib. Hücuma məruz qalan serverlər podratçı şirkətə məxsus olub və Böyük Britaniya Müdafiə Nazirliyinin sistemlərinə qoşulmayıb.
Bununla belə, telekanalın fikrincə, kiberhücum faktının özü Çinlə çətin münasibətləri olan digər ölkələri Londonla həssas informasiya mübadiləsi ilə bağlı siyasətlərinə yenidən baxmağa vadar edə bilər.
Qeyd edək ki, bu ilin mart ayında Britaniya rəsmiləri çinli hakerlərin krallığın Seçki Komissiyasının serverlərini sındıraraq, ölkədəki 40 milyona yaxın seçicinin şəxsi məlumatlarına giriş əldə etdiklərini bildirmişdilər. Bundan əlavə, onların bir sıra parlamentarilərə, o cümlədən keçmiş Mühafizəkarlar Partiyasının lideri İen Dunkan Smitə qarşı kiberhücumlar həyata keçirdikləri iddia edilmişdi. Bundan sonra London iki Çin vətəndaşına və bir Çin şirkətinə qarşı sanksiya tətbiq etmişdi. Britaniya rəsmiləri hücumun arxasında APT31 haker qrupunun olduğunu bildirmişdilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla