AZ

Dövlət siyasətinin mühüm istiqamətlərindən biri - multikulturalizm

Hazırda dünyanın ayrı-ayrı ölkələrində milli-dini-irqi zəmində ifrat dözümsüzlük müşahidə edildiyi bir dönəmdə Azərbaycan özünün fərqli nümunəsini ortaya qoyur. Belə ki, respublikamızda dövlətin, şəxsən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə və cəmiyyətin istəyinə uyğun olaraq tarixdən gələn tolerantlıq ənənələri bu gün də yaşadılır. Azərbaycan azsaylı ölkələrdən biridir ki, burada multikulturalizm dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Ölkədə bütün icmalara heç bir fərq qoyulmadan yüksək səviyyədə qayğı göstərilir. Elə bu günlərdə Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda dövlətimizin başçısı müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edib, ən səmimi arzu və diləklərini yetiririb. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib. Mehriban xanım Əliyeva bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib. Paylaşımda bildirilir: “Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər bir Azərbaycan vətəndaşının həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Uca Tanrı bu mübarək bayram günlərində edilən bütün duaları qəbul etsin!”

Dirçəlişin, yeniliyin, mərhəmət və xeyirxahlıq duyğularının rəmzi olan Pasxa bayramı

Pasxa bütün xristian dünyasının ən böyük bayramlarından biridir. Prezident İlham Əliyev təbrik məktubunda xristianların səmimiyyətlə və böyük coşqu ilə qeyd etdikləri Pasxa bayramını dirçəlişin, yeniliyin, mərhəmət və xeyirxahlıq duyğularının rəmzi kimi səciyyələndirib. Xalq arasında həm də  Qızıl yumurta bayramı kimi tanınan Pasxa İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibətilə qeyd edilən xristian bayramıdır. Pasxanın İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı, eləcə də bir sıra digər ayinlərin keçirildiyi Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi “Müqəddəs həftə” adlanır. Pasxadan sonra əlli günlük Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır.

Pasxa tarixi hər il dəyişən bayramdır. Buna səbəb bayramın Ay təqvimi ilə hesablanmasıdır. Pasxa həftəsi hər il aprelin 4-dən mayın 8-ə kimi yer dəyişir. Pasxa üçün əsas şərt, martın 21-nin, başqa sözlə gecə-gündüz bərabərliyinin tamam olması və Məsihin dirilmə gününün mütləq şəkildə bazar gününə düşməsidir. Bəzən yəhudilərin Pasxa bayramı ilə üst-üstə düşdükdə,  bir həftə əvvələ  çəkilir. Bu bayramın vaxtı və mərasimləri xristian kilsəsi tərəfindən II əsrdə müəyyən edilib. V əsrdən etibarən isə indi qeyd edilən bayram ritualları formalaşıb.

Pasxanın qeyd edildiyi bazar günündən əvvəlki bütün həftə Böyük və ya Ehtiraslı həftə adlanır. Bu həftə ərzində hər hansı yas və ya şənlik mərasimi keçirilmir, bütün həftə xilaskarın dirilişi gözlənilir. Bu həftə ərzində xristian orucu tutulur, müəyyən qidalardan imtina edilir, günah çıxarılır, küsülülər barışır, pis əməllərdən uzaq durulur, kilsə ayinləri İsa Məsihə həsr olunur.

Ehtiraslı həftənin cümə axşamı-mənəvi təmizlənmə günüdür, Ehtiraslı cümə İsa peyğəmbərin əzabları, onun dəfni günü, Böyük şənbə kədər və İsa peyğəmbərin dirilməsini gözləmək günü, Bazar günü İsa peyğəmbərin dirildiyi müqəddəs gündür.

“Təmizlənmə” adlanan Böyük cümə günündə hər bir pravoslav mənəvi cəhətdən təmizlənməyə, xüsusi ayini icra etməyə çalışır. Xalq həmin günü çayda, göldə çimərək günahlardan təmizlənir.

Elə həmin gün Pasxa süfrəsi üçün yumurta boyanır. Yumurta İsa peyğəmbərin mövludundan-Miladdan hələ xeyli əvvəl qədim xalqların dünyagörüşündə Kainatın, doğuluşun, yaranmanın rəmzi olub. Qırmızı yumurta dirilmə rəmzi, Pasxa rəmzidir.

Əhdi-Cədidin öyrətdiyinə görə Pasxa vasitəsiylə qeyd edilən İsanın dirilməsi xristian inancının əsas məqamlarından biridir. Yenidən dirilmə İsanı insanlara Tanrının oğlu kimi təqdim etdi . Bu, insanların Tanrı yanında ədalət və dürüstlüklə mühakimə olunduqları anlamına gəlir.  İsanın öldükdən sonra yenidən dirildilməsi ilə Tanrı insanlara yenidən doğulmaya ümid və şans verir. Xristian inancına görə, İsanın yenidən həyata qaytarılmış ruhu sayəsində insanlar yeni həyat yolu ilə irəliləyə bilərlər. 

Etimalogiyasına görə, bu xristian bayramının yəhudilərin Misirdən çıxmasının qeyd edildiyi Pesax  ilə oxşarlığı, onun həm də Musa-İsa bayramı olduğu vurğulanır. Bildirilir ki, ilk Pesxanı qədim yəhudilər İsa peyğəmbərin mövludundan 1500 il əvvəl israillilərin Musa peyğəmbərin başçılığı ilə Misirdən çıxmaları və əsarətdən qurtulmaları münasibətilə bayram ediblər. “Pesaxa” sözü qədim yəhudi dilində “çıxma”, “qurtulma” deməkdir. Hazırda əksər dillərdə “Pasxa” və “Pesax” sözləri də əlaqəli və ya omonim sözlər kimi işlədilir.

Dünyanın müxtəlif ölkələrində bir-birindən fərqli Pasxa adətləri olsa da, şəfəq xidmətləri, Pasxa bayramlaşması, kilsə dövrələməsi və İsanın boş türbəsinin simvolu olan bəzədilmiş Pasxa yumurtaları ümumi motivlərdir. Əlavə olaraq, yumurta döyüşdürülməsi, Pasxa dovşanı, Pasxa oyun və festivalları kimi ənənələr də vardır ki, bunlar da xristianlarla yanaşı, qeyri-xristian toplumlar arasında da geniş yayılıb. Bütün dünyada olduğu kimi, Azərbaycanda yaşayan xristianlar da bu müqəddəs bayramı tənənə ilə qeyd edirlər. “Dirçəlişin, yeniliyin, mərhəmət və xeyirxahlıq duyğularının rəmzi olan Pasxa bayramı münasibətilə bir daha hər birinizə cansağlığı, xoşbəxtlik, ailələrinizə firavanlıq arzulayıram”, - deyə Prezident İlham Əliyev təbrik məktubunda vurğulayıb.

Azərbaycan ayrı-ayrı xalqların sülh və əmin-amanlıq şəraitində yaşadığı məkandır

Xalqları, dinləri, mədəniyyətləri ayıran deyil, birləşdirən cəhətləri təbliğ etməklə dünyanı yeni qübləşmələrdən xilas etmək mümkündür. Dünyada milli-dini-irqi zəmində münaqişələrin artdığı indiki dönəmdə özünün nümunəvi tolerant mühiti ilə fərqlənən Azərbaycan multikulturalizm mövqeyindən çıxış edərkən ölkəmizin və xalqımızın zəngin tarixi ənənələrinə əsaslanır. Biz qürur duyuruq ki, mədəniyyətlər və etiqadlar arasındakı müxtəlifliyə baxmayaraq, ölkəmizin ərazisində həmişə müxtəlif xalqların nümayəndələri birgə yaşayışlarını təmin ediblər və çiyin-çiyinə həyatlarını qurublar. Təsadüfi deyildir ki, Azərbaycan klassiklərinin əsərlərində də müxtəlif xalqlara və digər etiqadlardan olan insanlara böyük hörmətlə yanaşılıb.

Tarixdən gələn ənənələr bu gün də yaşayır. Müstəqil Azərbaycanda tolerantlıq sahəsində dövlət siyasətinin əsasını müdrik siyasətçi Heydər Əliyev qoyub. Tolerantlığı azərbaycançılıq ideologiyasının ayrılmaz tərkib hissəsi sayan Heydər Əliyev dəfələrlə bəyan edib ki, milli-dini müxtəlifliyə dözümlü yanaşma, ölkənin bütün vətəndaşlarına bərabər hüquqların verilməsi Azərbaycanın demokratiya yolu ilə inkişafının əsas prinsiplərindən birini təşkil edir. 

 Ulu Öndərin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilir. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizdə multikulturalizm dövlət siyasətinin ən vacib istiqamətlərindən birinə çevrilib. Ölkə Prezidentinin müvafiq Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” elan olunması da Azərbaycan dövlətinin tolerantlıq dəyərlərinə güclü siyasi iradə nümayiş etdirdiyini təsdiqləyir. Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü bariz şəkildə göstərir və bunun nəticəsində də ölkədə etnik, dini nifrət hissi mövcud deyil. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində multikulturalizm və tolerantlıq  xalqımızın həyat tərzininə çevrilib. “Qədim dövlətçilik tarixinə malik olan Azərbaycanda ayrı-ayrı xalqların və etiqadların mənsubları yüz illərdir ki, sülh və əmin-amanlıq şəraitində yaşayır, heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətini, etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlayırlar. Xalqımıza xas zəngin tolerantlıq ənənələrinin, multikultural dəyərlərin təbliği və təşviqi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Ölkəmizin  sivilizasiyalararası münasibətlərin inkişafına verdiyi mühüm töhfələr 

Hazırda  Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Lakin belə fərqlilik ölkəmizdə əsla ayırıcı xətlər yaratmır. Prezident İlham Əliyevin təbrik məktubunda vurğuladığı kimi, cəmiyyətimizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin mədəni özünüifadəsi üçün bərabər imkanlar yaradılmışdır. Təqdirəlayiq haldır ki, ölkəmizin bütün etnik və dini azlıqları, o cümlədən xristian vətəndaşlarımız ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir, Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər. 

Dövlətimizin başçısı təbrik məktubunda vacib bir məqama da xüsusi diqqət çəkib. Bu məqam ölkəmizin sivilizasiyalararası münasibətlərin inkişafına verdiyi mühüm töhfələrlə bağlıdır. “Bu gün Azərbaycan Respublikası müxtəlif dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimad mühitinin, demokratik birgəyaşayış prinsiplərinin mövcud olduğu unikal bir məkandır və dünyada sivilizasiyalararası münasibətlərin inkişafına mühüm töhfələr verir”, - deyə Prezident İlham Əliyev bildirib.

Dünyaya özünün nümunəvi tolerantlıq modelini təqdim edən Azərbaycan daim birgəyaşayışa çağırışlar edir. Prezident İlham Əliyev 2008-ci ildə sonradan bütün dünyada Azərbaycanın brendinə çevrilən “Bakı prosesi” təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs çərçivəsində Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa İttifaqının yüksəksəviyyəli rəsmilərini Bakıda bir araya gətirməyə və faydalı dialoq qurmağa nail olub. Bu prosesin tərkib hissəsi olaraq paytaxtımız Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Forum ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı - hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. 1-3 may 2024-cü il tarixində isə Bakıda sayca 6-cı Mədəniyyətlərarası Dilaoq Forumu böyük uğurla baş tutdu. Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilib. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq qatılıb. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər.

Azərbaycanın geniş əhatə dairəsinə malik olan multikulturalizm siyasətinin həyata keçirlməsində Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan 

Heydər Əliyev Fondu da fəal şəkildə iştirak edir. Fond indiyədək qurumun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə paytaxt Bakıda və regionlarda həm İslam dininə, həm də digər mədəniyyətlərə aid tarixi abidələrin bərpasını uğurla həyata keçirərək inanclı insanların istifadəsinə verib. Heydər Əliyev Fondu, həmçinin dünyanın ayrı-ayrı ölkələrində, o cümlədən də Vatikanda bir sıra tarixi-dini abidələrin bərpasını öz üzərinə götürərək onlara ikinci həyat bəxş edib.

Mübariz ABDULLAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Mənbələr