AZ

Bu gün Əzim Əzimzadənin doğum günüdür

 

Bu gün Azərbaycan karikatura sənətinin banisi, Azərbaycan SSR xalq artisti, xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür.


Missiya.Az xatırladır ki, Əzim Əzimzadə 1880-ci ilin may ayında Novxanı kəndində anadan olub.


O, atasının etirazına baxmayaraq ibtidai təhsilini rus-tatar məktəbində alıb.


Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirməklə başlamışdır. 1906-cı ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur.


Görkəmli rəssamımızın əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri - xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular.


Çəkdiyi "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Yoxsulların toyu", "Su üstündə dava", "Köhnə bakılılar" kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edib.


Ə. Əzimzadə satirik şair M. Ə. Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla (1914) kitab qrafikası sənətinin də əsasını qoymuşdur. 


Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edib. 1920–1943-cü illərdə Ə. Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932–1937-ci illərdə isə direktor vəzifəsində çalışıb.


Mədəniyyət incilərimizdən biri hesab olunan Əzim Əzimzadə 1943-cü il mayın 15-də Bakıda vəfat edib.


Allah rəhmət eləsin.


Leyla SƏMƏNDƏR
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
2
Mənbələr
Şərh ()
Bağla