AZ

Hazırda Azərbaycanda qızılcaya yoluxma ilə bağlı vəziyyət NECƏDİR? – MÜHÜM AÇIQLAMA 

Azərbaycanda ötən il yanvar-noyabr aylarında 1493 nəfər qızılcaya yoluxub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən il ən yüksək yoluxma göstəriciləri Azərbaycan, Qırğızıstan və Yəməndə olub.

Ölkədə ötən il qızılcaya yoluxanlar arasında ağırlaşma və ölüm hallarına da rast gəlinib. Ölüm halları əsasən, uşaqlar və tələbələr arasında qeydə alınıb. Noyabrdan bugünədək neçə nəfərin qızılcaya yoluxması haqqında isə rəsmi məlumat yoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

Hacıqabulda 17 yaşlı qız qızılcadan öldü


Bəs hazırda qızılca xəstəliyinə yoluxanların sayında hansı dəyişiklik var?

Suala aidiyyatı qurumlardan, Dövlət Statistika Komitəsi (DSK) və Səhiyyə Nazirliyindən cavab almaq mümkün olmayıb.

İnfeksionist-hepatoloq Mərdan Əliyev Bizim.Media-ya deyib ki, noyabr ayından sonra qızılcaya yoluxma halı daha çoxdur:

“Qızılca səviyyəsi peyvənd olunma səviyyəsi ilə tərsmütənasibdir. Yəni peyvənd olunma səviyyəsi yüksək olan yerlərdə qızılcaya yoluxma sayı az, peyvənd olunma səviyyəsi az olan yerlərdə qızılcaya yoluxma yüksək olur.

Azərbaycanda ötən ilin yanvarından noyabr ayına qədər qızılcaya yoluxanların sayı məlumdur. Hesab edirəm ki, noyabrdan sonra daha yüksək yoluxma sayları müşahidə edildi. Onları da nəzərə alsaq yoluxma sayı xeyli dərəcədə çoxalar”.

O bildirib ki, hazırda yoluxanların sayında azalma müşahidə edilir:

“Qızılca xəstəliyi koronavirus xəstəliyi kimi deyil, koronavirusda alovlanma aylarla, illərlə davam etdi. Qızılca xəstəliyi koronavirusdan 10-20 dəfə daha sürətli yoluxma qabiliyyətinə malik olduğu kimi, burada alovlanma da, sönmə də sürətli baş verdi. Buna görə hazırda qızılcaya yoluxma halları xeyli azalıb. Özüm də təcrübi fəaliyyətlə məşğulam, ona görə də öz təcrübəmdən bilirəm ki, yoluxma sayı xeyli dərəcədə azalıb. Bəzən ağırlaşma halları müşahidə olunur, yəni tək-tək qızılca xəstələrinin ağırlaşmaları ilə müraciət edənlər olur”.

Günay Şahmar, Bizim.Media 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
7
Mənbələr
Şərh ()
Bağla