AZ

Azərbaycana qarşı çirkin işbirliyi: Mollalar revanşist trio ilə anlaşdılar

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Separatçı keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə Tavuşdan İrəvana yürüş başlayıb. Sizcə, sərhəddən İrəvana daşınan təxribatçı aksiya genişlənə bilərmi, Nikol Paşinyan hökuməti belə bir mümkün gəlişməyə hazırdırmı?

- Kifayət qədər azsaylı aksiyadan söhbət gedir. Maraqlı məqam bu aksiyanın sərhədyanı bölgədən İrəvana yönəldilməsidir. Qalstanyan bundan öncə həm Eçmiədzində olmuşdu, İrəvanda Robert Köçəryanla görüşmüşdü. Məhz Eçmiədzin və Köçəryandan verilən təlimata uyğun olaraq, aksiyanı İrəvanda daşımaq qərarına gəldilər. Əsas hədəf bəllidir: delimitasiya-demarkasiyadan istifadə edərək normallaşma prosesinə zərbə vurmaq və Nikol Paşinyanı devirmək. Ermənistandakı qüvvələr nisbətini təhlil etdikdə görə bilərik ki, müxalifətin Paşinyanı küçə etirazları ilə devirmək imkanları yoxdur. Resurs həddindən artıq məhduddur.

Revanşistlər Paşinyanın altı il əvvəl istifadə etdiyi taktikadan istifadə etməyə çalışırlar. Bunun da Paşinyan hakimiyyətinə ciddi şəkildə təsir edəcəyini düşünmürəm. Hələ 44 günlük müharibədən sonra Ermənistanda 17 siyasi partiya və əsas siyasi qüvvələri birləşdirən bir hərəkat başlamışdı. Hətta Ermənistanın sabiq baş naziri, revanşistlərin əsas simalarından biri Vazgen Manukyan “xalqın namizədi” kimi irəli sürülmüşdü. Aylarla davam edən aksiyalardan sonra Nikol Paşinyan erkən seçkilərə getdi və mövqelərinin zəifləməsinə baxmayaraq, əzici üstünlüklə qələbə qazandı.

Ermənistan müxalifəti növbəti dəfə 2022-ci ilin mayın sonundan iyunun sonuna qədər etiraz aksiyaları keçirdi. Həmin etiraz aksiyası da indikdindən daha miqyaslı olsa da, heç bir nəticə əldə edilmədi. O baxımdan, hazırkı durumda belə aksiyalarla prosesə mane olmaq və ya Paşinyanı devirmək alınmayacaq. Başqa variantlar müzakirə mövzusu olarsa, bu, başqa məsələ...

- Hansısa yolla Ermənistanda hakimiyyət dəyişikliyi olsa, bu, sülh prosesi və delimitasiyaya necə təsir göstərə bilər?

- Əgər Ermənistanda zorakı yollar hakimiyyət dəyişdiriləcəksə və revanşist duyğular baş qaldıracaqsa, bu, bölgədə gərginliyin yenidən artması demək olacaq. Bu, hərbi toqquşmaların qaçılmaz olacağı anlamına da gələ bilər. Əlbəttə, indi Ermənistanda baş verənlər ümumi prosesə mənfi təsir edir, müəyyən qədər ləngimə yaradır. Ermənistan hakimiyyəti də bu cür hallardan sui-istifadə etməklə prosesi uzatmağa çalışır. Amma indi Qazax rayonu istiqamətində delimitasiya-demarkasiya prosesinin elə bir mərhələsindəyik ki, uzatmaq üçün heç bir əsas yoxdur. Sərhəd komissiyalarının 19 aprel anlaşmasına görə, mayın 15-dək orada önəmli məsələlər həllini tapmalıdır.

Bir sözlə, Ermənistanda hakimiyyətin zorakılıqla dəyişdirilməsi, bölgədə sülh və sabitliyə mənfi təsir göstərən amil ola bilər.

- Ümumiyyətlə, niyə hakimiyyətə qarşı müxalif siyasi qüvvələr yox, kilsə qabağa verildi?

- Ermənistan əhalisinin müxalifət və onun liderlərinə qarşı münasibəti olduqca mənfidir. Hərbi cinayətkarlar Köçəryan və Sərkisyanın 20 illik hakimiyyətləri dönəmində Ermənistanda repressiv rejim qurulmuşdu, müxalifət əzilmişdi, o cümlədən ölkə talanmışdı. Ermənistan o illərdə müstəqil dövlət yox, forpost kimi fəaliyyət göstərib. Digər yandan, Qarabağ erməniləri ilə yerli ermənilər arasındakı fikir ayrılıqları və birincilərin qəbul edilməməsi də, proseslərə təsir göstərir. Bu kimi səbəblərdən kilsə və keşişlər vasitəsilə əhaliyə təsir göstərib, vətəndaşları prosesə cəlb etmək istəyirlər.

Ermənistanda Paşinyan hakimiyyətinə qarşı fəaliyyət göstərən üç əsas qüvvə var, təzyiqlər də bu istiqamətlərdən gəlir. Birincisi, siyasi müxalifətdir, o da Sərkisyan və Köçəryanın timsalında parlamentdə təmsil olunur. Onlara yaxın olub parlamentdə təmsil olunmayan revanşist qüvvələr də var. İkincisi, erməni kilsəsidir. Kilsə iki əsrdir bölgədə erməni terrorizmi, separatizmi və faşizminin əsas ideya mərkəzi və ilham mənbəyi olub. Üçüncü qüvvə beynəlxalq erməni diasporudur. Təsadüfi deyil ki, bir neçə gün öncə Avropadakı diaspor təşkilatları Paşinyan əleyhinə bəyanat veriblər. Ondan tələb olunur ki, delimitasiya prosesi dərhal dayandırılmalıdır. Təhdid edirlər ki, Paşinyan dayanmasa, daha radikal addımlar atacaqlar.

Hazırda prosesin bu trionun iştirakı ilə aparıldığını görürük. Təsadüfi deyil ki, bir neçə gün əvvəl 1982-ci ildə Los-Ancelesdə türk konsulu Kamal Arıkanı qətlə yetirən cinayətkar Hampik Sasunyan da, sərhəd bölgəsində peyda olmuşdu, məlum keşişlə yan-yana dayanıb poza vermişdi. Bu da o deməkdir ki, həmin üç qüvvə Nikol Paşinyan və Azərbaycanla sülh prosesinə qarşı birləşib.

- Yürüşün başlamasından bir gün öncə Ermənistanın katolikosu II Qaregin İran İslam Mədəniyyət Mərkəzinin rəhbəri Məhəmməd Mehdi İmanipur və səfir Mehdi Sübhani ilə görüşmüşdü. Belə bir kritik məqamda mollaları Eçmiədzinə keşişin hüzuruna hansı zərurət apardı?

- Son 30 ildə gördüymüz budur ki, İran Azərbaycana qarşı fəaliyyətini Ermənistanla koordinasiya edir. Paşinyanın apardığı siyasət İranı da məmnun etmir. İndi prosesdə kilsə önə keçdiyinə görə, İran səfiri və “mədəniyyət mərkəzi”nin rəhbəri II Qareginlə görüşür və bu məsələlər onunla müzakirə olunur. Yəni Azərbaycana münasibətdə erməni kilsəsi ilə İranın məlum qurumları arasında heç bir fərq yoxdur, biz bunu bilməliyik.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
50
Mənbələr
Şərh ()
Bağla