AZ

Molla rejimi "Əndişeye no" nəşriyyatını niyə bağladı?

Bu ölkənin Azərbaycana düşmən münasibəti çoxdan bəllidir. Həm də bu düşmənçiliyin yaranması onun Azərbaycanın böyük bir hissəsini iki yüz ildən də artıq müddətdə işğal altında saxlaması ilə əlaqədardır. İranın ərazimizi mümkün qədər daha uzun müddətə soyub-talamaq üçün işlətdiyi fəndlər də bu niyyətə xidmət edir. Həlledici məqamlarda düşmənlərimizin yanında olmaqdan vaz keçməyən və bunu heç gizlətmək fikrində olmadığını da nümayiş etdirən fars imperiyasının bugünkü molla rejimi azərbaycanlılara qarşı çirkin siyasətini  davam etdirməkdədir. Ağıllı siyasət yeridə bilməyən ləbbadəli hökumət hərdən guya özünü gizlətməyə çalışır, maska geyinir, yumşaq hərəkətlər edir. Amma bu, alınmır, çünki üzrü günahından betər olur. Hərdən də əsl şeytani sifətini göstərir, əlinə fürsət düşəndə isə əqrəb kimi sancan rejimin başbilənləri hər cür namərdliyə əl atır, iki qardaşı bir-birindən ayırmağa son vermir, müsəlman təəssübkeşliyinə ləkə gətirən çirkin əməllərdən çəkinmirlər. Biz bunların hamısını otuz beş il davam edən Ermənistan-Azərbaycan münaqişəsi zamanı bir daha gördük. Azərbaycan İkinci Qarabağ müharibəsindən qalibiyyətlə çıxandan sonra bunu həzm edə bilməyən Tehran rejiminin müxənnət hərəkətlərini müxtəlif istiqamətlərdə davam etdirdiyini də görürük. Molla rejimi bu günlərdə azərbaycanlılara qarşı yenə də şərəfsiz simasını göstərib.

Tehranda yerləşən və mədəniyyət xadimlərinin "Azərbaycanın mədəni səngərlərindən biri” adlandırdığı "Əndişeye no" (Yeni fikir) nəşriyyat və kitab evi bağlanıb. Molla hakimiyyətindən bundan artıq nəsə gözləmək sadəlövhlük olardı. Məqsəd aydındır. İrticaçı rejim zülm altında saxladığı Güney Azərbaycanın oyanmasına, inkişafına qətiyyən imkan verməz. Keçən iki yüz ildə Arazın o tayındakı hüquqları əllərindən alınmış qardaş və bacılarımız təhqiramiz vəziyyətdə, ağır həyat şəraitində yaşamaqdadırlar. Bağlanan mərkəz də azərbaycanlıların maariflənməsinə, dünyagörüşlərinin genişlənməsinə, haqqını-hüququnu başa düşməsinə xidmət etdiyi üçün işğalçı fars rejiminə sərf etmir.

Halbuki “Əndişeye no” həm də Tehranda azərbaycanlı yazıçı, rəssam, musiqiçi və mədəniyyət xadimlərinin toplantı mərkəzlərindən biri kimi ad çıxarmışdı. Bu səbəbdən də Tehranda yerləşən və mədəniyyət xadimlərinin "Azərbaycanın mədəni səngərlərindən biri” adlandırdığı "Əndişeye no"  nəşriyyat və kitab evi qapadılıb.

Bildirilib ki, müstəqil mövqeyi olan,  Azərbaycan dilinə, mədəniyyətinə verdiyi əhəmiyyətə görə “Əndişeye no” nəşriyyat evi hökumətin imtiyaz və yardımlarından məhrum edilib. Mərkəzin əməkdaşlarına bilərəkdən təşkil edilən süni maneələr, əsasən maddi çətinliklər onların öz işlərinə davam etməsinin qarşısının alınmasına yönəldilmişdir.

Nəticədə kitab nəşri və yayımı üçün dövlətdən subsidiya ala bilməyən mədəniyyət mərkəzi maddi imkansızlıq və zərərə görə fəaliyyətini dayandırmağa məcbur olub. Qeyd edək ki, "Əndişeye no" 1991-ci ildə tanınmış azərbaycanlı alim və folklorşünas Məhəmməd Fərzanənin qardaşı Yusif Fərzanə tərəfindən təsis edilib. Azərbaycanlılar üçün bütün nəfəslikləri qapadam molla rejimi ermənilər üçün hər yerdə yaşıl işıq yandırır, onların arzu və istəkləri məmnunluqla yerinə yetirir. Çünki ikisi bir bezin qırağıdır. Hər ikisinin gözü daim Azərbaycan torpaqlarındadır.

Görünür, azərbaycanlıların beyin mərkəzini gələcəkdə özləri üçün təhlükə hesab edən şeytan mollalar onu vaxtında qapatmağı vacib hesab ediblər. Ancaq selin qarşısını müvəqqəti maneə ilə kəsməklə gələcəkdə özləri üçün daha böyük təhlükə yaratdıqlarını başa düşmürlər. O gələcək isə uzaqda deyil...

Vəli İlyasov, "İki sahil"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla