AZ

“Bavariya” məşqçi tapa bilmir!

“Qəbimi dinləyərək qərar verdim”
Nə qədər qəribə səslənsə də, “Bavariya” kimi “əjdaha” özünə məşqçi tapa bilmir. Halbuki Tomas Tuxel yayda bu vəzifədən ayrılacağını hələ fevralda açıqlayıb. Rəhbərliyin bəyəndiyi mütəxəssislər bir-birinin ardınca Münhen nəhənginə “yox” deyir. İndi də eyni hadisə Ralf Ranqnikdə yaşandı.

Ranqnik də belə getdi
Avstriya yığmasını AÇ-2024-ə daşıyan təcrübəli məşqçi ilə bağlı son dönəmlərdə xeyli şayiə yayılmışdı. Ranqnik özü də “Bavariya” rəsmiləri ilə danışıqlar apardığını etiraf etmişdi. Hətta “Leyptsiq”, “Lokomotiv” və “Mançester Yunayted”in sabiq baş məşqçisinin bu həftənin sonuna qədər “rekordmayster”lə müqavilə imzalayacağı gözlənilirdi. Müqavilə mövsüm bitəndən sonra qüvvəyə minməliydi. Elə “Bavariya”nın prezidenti Herbert Hayner də Ranqniklə danışıqların pozitiv yöndə irəlilədiyini vurğulayaraq bir neçə günə bu məsələnin bitəcəyinə işarə vurmuşdu. Mayın 2-də məsələ həqiqətən də bitdi və... Ranqnik Avstriya yığmasında qalmağa üstünlük verdi. Avstriya Futbol Federasiyasının (AFF) rəsmi saytında onun bu sözlərinə yer verildi:
“Bütün qəlbimlə indiki işimə bağlıyam. Bu iş çox xoşuma gəlir və seçdiyimiz bu yolu sona qədər uğurlu şəkildə davam etdirmək istəyirəm. Bir məqamı xüsusi qeyd edim ki, bu addım “Bavariya”da işləmək istəməməyimlə bağlı deyil. Sadəcə, öz komandamın və ümumi hədəflərimizin naminə bu addımın daha doğru olacağını düşündüm. Köməkçilərimlə birlikdə tam qarşıdan gələn AÇ-yə köklənmişik və Avstriyanın mümkün qədər irəli getməsi üçün əlimizdən gələni edəcəyik”.


Almaniyanın nüfuzlu “Bild” nəşrinin yazdığına inansaq, Ranqnik şəxsi məsələlərə görə təklifi geri çevirdi. O, sadəcə, indiki həyatından razıdı və radikal dəyişikliklər etmək istəmir. Bundan başqa, eyni anda iki işi də həyata keçirmək arzusunda deyil. Çünki Ranqnik “Bavariya”nın başına keçməyə razılıq versəydi, mövsümə hazırlıq dönəmi və yay transferləri ilə AÇ-nin gedişində maraqlanmalı olacaqdı. Amma başqa səbəblər də var. Məsələn, Avstriyanın “Salzburger Nachrichten” nəşrinin iddiasına görə, “Bavariya” rəhbərliyi Ranqnikə transfer mövzusunda və personal seçimində tam söz sahibi olacağı ilə bağlı zəmanət vermədi. Hərçənd “Skay Sport” bu versiyanı təkzib edir. Maddi məsələlərin də bu təyinata mane olduğunu istisna etmək olmaz. Çünki Ranqnikin AFF ilə müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub. Bir çox mənbələr federasiyanın münhenlilərdən 10 milyon avro təzminat tələb etdiyini vurğulayırdı. İstənilən halda Ranqnikin qərarının əsl səbəbi bəlkə də heç vaxt bilinməyəcək. Amma fakt budu ki, onun təklifi geri çevirməsi “Bavariya” rəsmilərini şoka saldı. Çünki onlar danışıqların uğurla yekunlaşacağına əmin idilər. “Bild” mayın 1-də tərəflərin ilkin razılığa gəldiyini də yazmışdı. Amma Münhendə bu təyinatın baş tutmamasına sevinənlər də az deyil. Çünki fanatların böyük əksəriyyəti Ranqniki dəstəkləmirdi. Hətta azarkeş qruplarından biri bir neçə gün öncə Tuxelin lehinə və Ranqnikin əleyhinə petisiya təşkil etmişdi. Nəticədə 18 min imza toplanmışdı! Amma petisiyanı artıq ləğv etmək olar. Çünki Ranqnik istənilən halda Münhenə gəlməyəcək.

Alonso...
İşin ən gülməli (bəlkə də ağlamalı) tərəfi odu ki, Ranqnik “Bavariya” rəhbərliyinin belə desək, C planı idi. Amma o da alınmadı. Siyahının birinci pilləsində Xabi Alonso dayanmışdı. Münhen nəhəngi “bundesliqada əsas rəqiblərimizin ən yaxşı adamlarını özümüzə cəlb edək” ideyasını həyata keçirmək və ənənəvi ssenari üzrə hərəkət etmək istəyirdilər. Alonsoya “Real” və “Liverpul” da maraq göstərirdi. Amma bu mövsüm “Bayer-04” ilə “at oynadan” 43 yaşlı mütəxəssis hər kəsi təəccübləndirərək Leverkuzendə qalmağa üstünlük verdi:
“Bayer-04”dəki missiyamı tamamlamadığımı düşünürəm. Həm kluba, həm də oyunçulara inkişaf etməkdə yardım etmək istəyirəm. Burda əla rəhbərlik var və hər şey ən yüksək səviyyədə təşkil olunub. Bura mənim üçün ideal bir yerdi. Özümü rahat və gənc məşqçi kimi hiss edirəm”. Maraqlıdı ki, “Bavariya”nın fəxri prezidenti Uli Hönessin bu qərarından sonra Alonsoya hörməti bir qədər də artdı: “Həyat yoldaşım dərhal Xabi Alonso haqda maraqlı bir fikir səsləndirdi. O dedi ki, Alonso xarakterli insandısa, “Bavariya”ya keçməyəcək. Amma xarakteri güclü deyilsə, keçməyə razılıq verəcək. Bizim xaraktersiz məşqçiyə ehtiyacımızın olmadığını əlavə etdi. Həmişəki kimi həyat yoldaşımın sözləri düz çıxdı”.


...və Naqelsmann da alınmamışdı
İkinci əsas namizəd bundestimi çalışdıran Yulian Naqelsmann hesab olunurdu. “Bavariya”da çoxları düşünürdü ki, gənc mütəxəssisin bir il əvvəlki istefası yanlış addım idi. Ona görə də münhenlilər ona geri dönməyi təklif etmişdilər. Amma görünür, Naqelsmannın ya hələ də “Bavariya”ya qarşı hirsi soyumayıb, ya da həqiqətən də o, Almaniya yığmasının başında özünü çox rahat hiss edir. 36 yaşlı mütəxəssis aprelin 19-da bir çoxlarını təəccübləndirərək Almaniya Futbol İttifaqı ilə 2026-ya qədər müqaviləsinin müddətini yenilədi. Bundestim həm evdəki qitə turnirini, həm də ABŞ-dakı mundialı onun başçılığı altında keçirəcək. Naqelsmannın ilk sözləri belə oldu:
“Qəbimi dinləyərək qərar verdim. Mənim üçün yığma komandanı çalışdırmaq və ölkənin ən güclü futbolçuları ilə çalışmaq böyük fəxrdi. Uğurlu nəticələr sayəsində bütün ölkəni ruhlandıra bilərik”.


Əslində Naqelsmannın durumu Ranqnikin durumuna bənzəyir. O, “Bavariya”nın başına keçməyin əleyhinə deyildi. Sadəcə, evdəki AÇ-nin gedişində diqqətini “Bavariya”nın mövsümöncəsi hazırlıq prosesinə və “transfer pəncərəsi”nə yönəltmək istəmədi. Hər halda, bu, Almaniya mətbuatının versiyasıdı. Onun seçiminə təsir edən məqamlardan biri rəhbərlikdəki bəzi şəxslər, xüsusilə də müşahidə şurasının üzvü Karl-Haynts Rummenigge tərəfindən özünə qarşı inamsızlıq hiss etməsi oldu.

Hər məşqçidə bir problem çıxır
Rəhbərliyin bundan sonrakı addımının necə olacağı böyük maraqla gözlənilir. “Bavariya” hələ ki kənardan “bazarı” izləyən və nə alacağını bilməyən müştəriyə bənzəyir. Ranqnikin ardından Roberto De Zerbi və Zinəddin Zidan ön plana çıxıb. Hər halda, bukmekerlərin əsas favoritləri məhz onlardı. Amma mətbuatda adı hallanan namizədlər kifayət qədərdi. De Zerbi variantını klubda heç də hamı dəstəkləmir. Əsas problem onun təzminatı ilə bağlıdı. 44 yaşlı mütəxəssisi “Brayton”dan “qoparmaq” üçün 12 milyon avroluq təzminat ödəmək lazımdı. Bundan başqa, De Zerbiyə maraq göstərən klubların sayı az deyil. Xavini saxlamağa qərar verən “Barselona” və Arne Slotla anlaşan “Liverpul” bu mübarizədən çəkilsə də, “Milan” və “Mançester Yunayted” hələ də italiyalı məşqçiyə maraq göstərir. “Bavariya” rəhbərliyi yayda heyətdə ciddi islahatlar aparmaq istəyir ki, cari mövsümdəki uğursuzluqdan sonra bu anlaşılandı. Ona görə də rəhbərliyə bu yükün altına girməyə razılıq verən və ən əsası islahatlar aparmağa qadir olan bir məşqçi lazımdı. Zidanın adı ötən ay da namizədlər arasındaydı. “Bavariya”nın əfsanəvi futbol adamına maraq göstərməsi xəbərini həm “Mundo Deportivo”, həm “Ekip”, həm də “Kikker” yazmışdı. Amma nədənsə rəhbərlik real addımlar atmağa və Zidanın özü ilə birbaşa əlaqə saxlamağa tələsmir. “Bild”in iddiasına görə, rəhbərliyi çəkindirən bəzi məqamlar var. Bunların başında dil problemi gəlir. Zizu alman dilində danışa bilmir. Hətta ingilis dilində də mükəmməl səviyyədə danışmır. Amma əsas problem ondadı ki, Münhen klubunun rəhbərliyi Zidanı taktika dahisi saymır və onu ciddi islahatlar apara biləcək məşqçi qismində görmür. Digər tərəfdən məşqçi kimi Çempionlar Liqasının üçqat qalibi olan Zidanın özünün də belə desək, Almaniyada işləmək üçün ürəyi getmir. Onun üçün premyer-liqada, xüsusilə də “Yunyated”də işləmək “Bavariya”da işləməkdən daha maraqlı variant kimi görünür. Hans-Diter Flik də belə baxanda “rekordmayster” üçün pis seçim kimi görünmür. Özü də o, yaxın keçmişdə bu komanda ilə böyük uğurlar qazanıb. Amma rəhbərlik onunla da təmas qurmağa tələsmir. Bəzi mənbələrin yazdığına görə, Flik DÇ-2022-də Almaniyanı qrupdan çıxara bilmədikdən və bu vəzifədən qovulduqdan sonra onun nüfuzuna ciddi zərbə dəyib. Həm də “Bavariya” eynilə Zidan kimi Flikin də ciddi islahatlar üçün yararlı məşqçi ola biləcəyinə şübhə ilə yanaşır.

Klopp dincəlmək istəyir, Mourinyo gəlməyə hazırdı
Digər namizədlərdən Yürgen Kloppu və Joze Mourinyonu xüsusi qeyd etmək olar. Əslində “Bavariya” rəhbərliyi Kloppu çox bəyənir, komandanın başına gətirməyə ikiəlli razıdı. Sadəcə, tanınmış mütəxəssis birillik istirahət götürmək istəyir. Onun üçün İngiltərədə son mövsümlər çox yorucu keçdi. Rəhbərlik Kloppu 2025-ci ildə gətirmək istəyirsə, onda bu yay gələcək məşqçi ilə uzunmüddətli planlar qurmaq alınmayacaq. Bu da çətinlik yaradan məqamlardan biridi. Mourinyoda durum fərqlidi. Məşhur portuqaliyalı mütəxəssis lap bu gün də təklifi qəbul etməyə və “Bavariya”nın başına keçməyə hazırdı. Hətta “Bild”in iddiasına inansaq, “Roma”dan qovulandan bəri işsiz olan 61 yaşlı məşqçi məhz Münhen klubunda çalışmaq istədiyi üçün bir neçə təklifi geri çevirib. Amma Mourinyonun əsasən müdafiəyəmeyilli futbola üstünlük verməsi, mətbuatla münasibətlərinin qaydasında olmaması və yüksək eqosu “Bavariya” rəhbərliyini çəkindirir. “Ştutqart”la mükəmməl mövsüm keçirən Sebsatyan Höness də namizədlər arasındadı. Uli Hönessin yaxın qohumu olan bu məşqçinin namizədliyini hətta Lotar Matteus da dəstəkləyir:
“Höness mənim üçün Alonsodan sonra “Bavariya”nı çalışdırmağa ikinci əsas namizəddi. Çünki bundesliqanı gözəl tanıyır və soyadına görə də daim dəstək görür”. Siyahıda Unay Emeri və Antonio Konte də var. Bəlkə Tuxeli saxlamaq lazımdı? Amma bu variant hələ ki yönəticilər arasında müzakirə olunmur. Həm də Tomas ÇL-in 1/4 final səddi keçildikdən sonra “mövsümün sonunda ayrılacağımla bağlı anlaşmamız var və o qüvvədədi”
açıqlamasını verdi. Üstəlik onun Uli Hönesslə də münasibətləri gündən-günə pozulur. Bugünlərdə Höness bu məşqçini həm heyət seçiminə, həm də gənc futbolçularla işləyə bilməməsinə görə ictimaiyyət önündə tənqid etdi. Tuxel isə bu fikirlə razılaşmadı və Hönessin sözlərini özünə hörmətiszlik kimi qəbul etdi. Çətin ki, bu cür “atışma”dan sonra Tuxel fikrini dəyişərək “Bavariya”da qalsın.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla