AZ

Deputatın təklifinə İCTİMAİ DƏSTƏK: Qadınların pensiya yaşı AZALDILSIN! – FOTO

“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Ölkədə 1 iyul 2023 – 30 iyun 2024-cü il tarixində kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 63 il 6 ay olacaq. 1 iyul 2024 – 30 iyun 2025-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlarda isə 64 il olacaq.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov pensiya yaşı ilə bağlı diferensial yaş mexanizminin tətbiq olunmasını, qadınların daha tez pensiyaya çıxmasını təklif edib. Millət vəkili Azərbaycanda qadınların pensiya yaşının 63-də saxlanılmasını belə əsaslandırıb ki, zərif cinsin nümayəndələrinin xüsusən yaşlı dövrlərdə sosial təminata daha çox ehtiyacları yaranır.

Rəsmi statistikaya istinad edən deputat vurğulayıb ki, qadınların məvacibi ilə kişilərin maaşı arasında 2 dəfədən çox fərq var və bu, xanımların sosial kapital yığımlarının nisbətən az olmasına təsir edir. O, bu amilin nəzərə alınaraq, xanım vətəndaşlarımız üçün pensiya yaşı tamam olan zaman kapitalın xüsusi əmsala vurulmasını təklif edib.

Belə ki, əgər qadınların pensiya kapitalı 40 min manatdırsa, həmin vəsait 1,5 əmsalına vurulsun. Bu zaman kapital avtomatik olaraq 60 min manat olur. V.Bayramovun qənaətincə, bu ikan verir ki, qadınların pensiya yaşı tamam olan zaman onlar daha çox pensiya ala bilsinlər.

Mövzu ilə bağlı Medianews.az-a danışan hüquq üzrə fəlsəfə doktoru, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elgün Səfərov bildirib ki, Azərbaycan beynəlxalq konvensiyaya qoşulub və üzərinə müəyyən öhdəliklər götürüb: “Bu çərçivədə Azərbaycan 2022-ci ildə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi Komitəsinə növbəti hesabatını təqdim edib. Bu kontekstdə müvəqqəti normaların qəbul edilməsi və Konvensiyanın 4-cü maddəsinə əsasən pozitiv ayrı-seçkilik kimi məsələlər – qadınlar üçün həyata keçirilən imtiyazlar, analığın qorunması, evdə sosial tiplin tədbirlərin görülməsi, bu xüsusda uşaqlarla münasibətlərin düzgün qiymətləndirilməsi, burada anaların rolu və s. müzakirə edilib”.

E.Səfərovun sözlərinə görə, ölkəmizdə qadınlara  pozitiv ayrı-seçkilik çərçivəsində müəyyən situasiyalarda imtiyazlar tətbiq olunur: “Məsələn, qadınlarda analıq məzuniyyəti kimi əlavə günlər var. Hərbi mükəlləfiyyət baxımından da qadınlar kişilərdən fərqli olaraq, bunu seçə bilirlər. Pensiya yaşının qadınlarda aşağı olması da məqsədəuyğun olaraq qəbul edilir və qeyd etdiyimiz pozitiv ayrı-seçkilik kimi qiymətləndirilə bilər. Azərbaycanda son illərdə doğulan uşaqların sayının azalması, selektiv abortların çoxalması gələcəkdə böyük problemlərə səbəb olacaq. Bu problemlərin aradan qaldırılması, qadınların pensiya yaşının azaldılması, hətta  evdə göstərdiyi xidmətə görə ödənişin tətbiq olunması da komitə tərəfindən məqsədəuyğun hesab edilir. İnkişaf etmiş ölkələrdə, misal üçün Danimarka, Norveç, Almaniya, ABŞ və sairdə uşağı olan qadınlara ev işlərinə görə hökumət əlavə ödəniş verir. Bu imtiyazların ölkəmizdə də həyata keçirilməsi vacib elementlərdəndir”.

İqtisadçı-ekspert Vahid Məhərrəmov isə qadınların pensiya yaşının 63-ə deyil, 60-a endirilməsini daha düzgün hesab edib: “Azərbaycanın kifayət qədər valyuta ehtiyatı, neft-qaz satışından gəlirləri var. Pensiya yaşının azaldılması ilə yanaşı, təqaüdün artırılmasına da ciddi ehtiyac var. Bu baxımdan düşünürəm ki, deputat Vüqar Bayramovun reallıqları nəzərə alaraq irəli sürdüyü təklif digər deputat həmkarları tərəfindən də dəstəklənməlidir. Qadınların əməkhaqqıları daha az olduğu üçün onlar pensiya yaşına çatdıqda kişilərə nisbətən daha az təqaüd alırlar. Məlum olduğu kimi, bir çoxlarının ümumiyyətlə əmək fəaliyyəti yoxdur. Yaxud, qanunda tələb edilən həddə deyil. Nəzərə almaq lazımdır ki, qadınların xərcləri çoxalıb. Onların təqaüdü ailənin qida ilə təminatında, ərzaq xərcində mühüm rola malikdir. Son dövrlər qadınlar yaşa dolduqca, onlarda bir çox xəstəliklər, o cümlədən xərçəng, şəkərli diabet, ürək xəstəlikləri və s. meydana çıxır ki, bu da xərclərin artmasına səbəb olur”.

Ayşən RƏHİM

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
medianews.az

1Mənbələr