AZ

Müxalifət Özbəyə rəqib hazırlayır - Ərdən Timur “Qalatasaray”dan ayrılır!

“Qalatasaray”da prezident seçkisi yaxınlaşdıqca maraqlı xəbərlər ortaya çıxır.

“Football-plus.az” xəbər verir ki, bilindiyi kimi, mayın 25-də İstanbul nəhəngində seçki baş tutacaq. Yenidən namizədliyini irəli sürən indiki başqan Dursun Özbəyin qalib gələcəyi və daha bir dönəm bu vəzifəni icra edəcəyi gözlənilir. Zatən hələ ki Özbəkdən başqa heç kim rəsmi şəkildə namizədliyini irəli sürməyib. Bu arada müxalifətin gizli şəkildə seçkiyə hazırlaşdığı və Özbəyin qarşısına güclü bir namizəd çıxacağı barədə şayiələr peyda olub. Həmin şayiələrə inansaq, müxalifət siyasətçi, hüquq sahəsində professor və Cümhuriyyət Xalq Partiyasının üzvü Süheyl Batumun Özbəyə rəqib olmasını istəyir. 69 yaşlı Batuma “Qalatasaray”ın iki sabiq başqanı – Ünal Aysal ilə Alp Yalman, eləcə də Rezan Epözdəmir, Mete İkiz, Turqay Kıran kimi camiədə tanınmış isimlər dəstək verir. Süheyl Batum prezident seçilsə, Aysal klubda başqan vəkili, Yalman İntizam Komitəsinin sədri, Epözdəmir hüquqşünas, Mete İkiz isə maliyyəçi olacaq. Sabiq yönəticilərdən Sədat Doğanla Əbru Köksala da vəzifə veriləcək. Müxalifətin Dursun Özbəyin önünə rəqib çıxarmağa hazırlaşması camiədə birmənalı qarşılanmayıb. Çünki “Qalatasaray” hazırda istər maddi, istərsə də nəticələr baxımından tarixinin ən uğurlu dönəmlərindən birini yaşayır. Yəni Özbəyin dönəminə aid hər hansı bir ciddi nöqsan tapmaq çətindi. Üstəlik 82 yaşlı Aysal əvvəlki dönəmlərdə dəfələrlə artıq klubda yönətici və ya prezident vəzifəsində çalışmaq istəmədiyini vurğulamışdı.

Müxalifət cəbhəsində bunlar yaşanırkən Dursun Özbəyin cəbhəsində çox ciddi sayıla biləcək bir itki baş verib. Söhbət Ərdən Timurdan gedir. “Qalatasaray”ın son iki mövsümdəki uğurlu çıxışının pərdəarxası qəhrəmanlarından olan, danışıqlar aparmaq qabiliyyəti ilə İkardi başda olmaqla kluba bir çox ulduzları qazandıran Timur artıq yorulduğunu və yeni dönəmdə rəhbərlikdə yer almayacağını bildirib! Özbək hələ də seçkiyə qədər onu fikrindən daşındıracağına ümid edir. Amma hazırda başqan vəkili olan Timur 99 faiz yeni dönəmdə Özbəyin idarə heyətində yer almayacaq. Bəzi mənbələrin yazdığına inansaq, Timur həm psixoloji cəhətdən yorulub, həm də “Fənərbaxça” başqanı Əli Koça qarşı apardığı mübarizədə camiədən lazımi dəstək görmədiyini düşündüyü üçün inciyib. Timurun yoxluğunda yeni dönəmdə digər yönətici Mətin Öztürkün üzərinə daha çox yük düşəcəyi gözlənilir. Bu arada uzun illər klubda yönətici kimi çalışmış və camiənin ən tanınmış isimlərindən olan Əbdürrəhim Albayrakın da Özbəyin siyahısına daxil olduğu və yeni dönəmdə rəhbərlikdə yer alacağı ilə bağlı şayiələr yayılsa da, bunlar əsassız imiş. Albayrak yeni rəhbərlikdə yer almayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
football-plus.az

1Mənbələr