AZ

“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...

 
“Nəsli və özü türk idi. Hamı ona Piri-türk, türk müqəddəsi, türk gənci, türk oğlu deyirdi, özünü
“türkzadə”- türk oğlu adlandırırdı...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
 
(Əvvəli burada:)
 
Səfəvilər dönəmində Böyük Azərbaycan İmperiyası...- XXVI mövzu
 
Səfəvilərin hakimiyyətə gəlməsi və hökmranlığı. Şah I İsmayıl.
 
Səfəvilər sülaləsi Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin
başlanğıcını qoydu. Onların dövründə (1501-1736-cı illər) Azərbaycan dövləti
böyük imperiyaya çevrildi, 3,5 milyon kvadrat kilometr ərazini, o cümlədən
Azərbaycanın Araz çayından şimala və cənuba, həmçinin qərbə doğru indi
Ermənistan adlanan bütün ərazilərini, indiki İran, Gürcüstan, Türkmənistan,
Əfqanıstan, İraq, Şərqi Türkiyə, Küveyt, Bəhreyn, Pakistanın bir hissəsini,
Özbəkistanın cənubunu, Suriyanın şərqini, Rusiyanın Dərbənd bölgəsini əhatə
edirdi. Orta əsr mənbələrində bu dövr Azərbaycan dövləti daha çox Qızılbaş
dövləti kimi təqdim olunurdu [17, s.254-255; 10, s.34]. Dövlətin paytaxtları Təbriz
(1501-1555), Qəzvin (1555-1598), İsfahan (1598-1736) şəhərləri olub.
Səfəvilər yerli Azərbaycan türk sülaləsi idi [8, s.109; 13, s.345-357].
Dövlətdə Azərbaycan türkcəsi geniş şəkildə istifadə olunurdu, bu dili türk, bəzən
isə Qızılbaş türkcəsi adlandırırdılar. Alman səyyahı Adam Oleari Şah I Səfinin
(1629-1642) vaxtında Azərbaycana səfəri ilə bağlı yazılarında bildirir ki, Səfəvi
sarayında yalnız türk dilində danışırdılar, nadir hallarda fars dilində danışana rast
gəlmək olardı, ona görə də farsların əksəriyyəti türk dilini öyrənirdilər [12].
Səfəvilər təriqətinin və Səfəvilər sülaləsinin əsasını Şeyx Səfiəddin Musəvi
qoymuşdur (1252-1334) və təriqət də öz adını “Səfiəddin” adından götürmüşdür.
Səfiəddinin ata-babaları Səlcuqlu sultanlarının soyundan və Qınıq boyundan
olmuşlar. Onlar təmiz türk mənşəli nəsil idilər [16, s.748]. Şeyx Səfiəddin
Ərdəbilin Kəlxuran kəndində 1252-ci ildə anadan olmuşdu. Nəsli və özü türk idi.
Hamı ona Piri-türk, türk müqəddəsi, türk gənci, türk oğlu deyirdi, özünü
“türkzadə”- türk oğlu adlandırırdı. O, 20 yaşında təhsil almaq üçün Şiraza gedib, 5
il sonra təhsilini davam etdirmək üçün Gilana, dövrün tanınmış alimi Zahid
Gilaninin yanına gedib, orada mükəmməl təhsil alıb. Az sonra müəllimin qızı Bibi
Fatimə ilə evlənib. Zahid Gilaninin vəfatından sonra, 1294-cü ildə Ərdəbilə
qayıdıb, Səfəviyyə təriqətinin əsasını qoyub. Şeyx Səfiəddin 7-ci imam Musa
Kazımın 21-ci nəslindən hesab edilir. Onların nəslindən Ərdəbilə gələn ilk şəxs
Şeyxin 4-cü babası Firuzşah olub. Ondan sonra Əvəz, Məhəmməd, Səlahəddin,
Əminəddin və nəhayət, Səfiəddin olub. Şeyx Səfiəddin Azərbaycan türkcəsində bu
gün də tam başa düşülən şerlər yazıb. Məsələn, “Göy güldü, bulud ağladı”,
“Yazdım sənə səndən şikayətlər”, “Çağırdım qatı avaz ilə” kimi misralarla
başlayan şerlərini göstərmək olar [7, s.24,26].
 
XIV yüzilin ikinci yarısında Səfəvi təriqət qurumunun ictimai siması
dəyişikliyə uğradı, təriqət başçısı şeyx böyük torpaq sahibinə çevrildi. Şeyx
Səfiəddinin oğlu Şeyx Sədrəddin (1334-1392) böyük torpaq sahiblərindən idi.
Şeyx Xacə Əli (1392-1429) və Şeyx İbrahim (1429-1447) artıq Ərdəbilin
hakimlərinə çevrilmişdilər. Tərəfdarlarının artması XV əsrin ortalarından
Səfəvilərə siyasi hakimiyyət uğrunda mübarizə aparmağa imkan verdi. İlk dəfə
siyasi hakimiyyət uğrunda mübarizəyə başlayan Şeyx İbrahimin oğlu Şeyx Cüneyd
(1447-1460) oldu. Səfəvilərin nüfuzunun artmasına görə Qaraqoyunlu hökmdarı
Cahanşah özü onlara meyl etmiş, hətta şiəliyi dövlət səviyyəsində dəstəkləməyə
başlamışdı. Ancaq Şeyx Cüneydə dini təəssübkeşlik lazım deyildi. Onu
maraqlandıran siyasi hakimiyyət idi. Səfəvilərin siyasi fəallığı Cahanşahı narahat
etməyə başladı və Cahanşah Şeyx Cüneydin Ərdəbildən çıxmasını tələb etdi. Şeyx
Cüneyd tərəfdarları ilə bir müddət Türkiyədə fəaliyyət göstərdi [2, s.883] və 1456-
cı ildə Diyarbəkirə, Qaraqoyunlunun düşməni Uzun Həsənin yanına gəldi. Hətta
Uzun Həsənin bacısı Xədicə Bəyimlə evləndi.
 
Fəal siyasət yeritmək və söz sahibi olmaq üçün Səfəvilərə hərbi qüvvə və
maliyyə vəsaiti lazım idi. Maliyyə vəsaiti əldə etməyin ən tez yolunun hərbi
qənimət olduğunu yəqin edən Səfəvilər “çərkəzlər arasında din yaymaq” pərdəsi
altında Azərbaycanın şimal bölgələrinə və Dağıstana yürüşlərə başladılar.
“Qəzavət” bayrağı altında təşkil olunan bu yürüşlər Şirvanşah I Xəlilullahın
razılığı ilə həyata keçirilirdi. Əslində Şeyx Cüneydin əsas məqsədi Şirvanı ələ
keçirmək idi. Şeyx Cüneydin yürüşünün əsas məqsədini başa düşən I Xəlilullah
ona qarşı qoşunla çıxdı və 1460-cı ilin martında Samur çayı yaxınlığında baş verən
döyüşdə Səfəviləri məğlub etdi və Şeyx Cüneydi öldürdü [4, s.101-102]. Məzarı
indiki Qusar rayonu Həzrə kəndində yerləşir.
 
Şeyx Heydər (1460-1488) atası Şeyx Cüneydin siyasətini davam etdirirdi. O,
təriqətin hərbi gücünü artırdı. Azərbaycan, Anadolu və Şamda yaşayan Əfşar,
Qacar, Zülqədər, Təkəli, Ustaclı, Şamlı, Rumlu kimi türk tayfalarına arxalanmağa
başladı. Hərbi baxımdan güclənmiş olan Şeyx Heydər tarixə ayrıca bir təriqət
atributu gətirdi. “Qazi” və “sufi” dəstələrini “qızılbaş” adı altında birləşdirdi. (12
imamın şərəfinə başlarına 12 qızılı zolaqdan ibarət çalma bağladıqlarından bütün
Səfəvi təriqət adamları “qızılbaşlar”, təriqətin sonra rəhbərlik etdiyi dövləti isə bəzi
hallarda “Qızılbaş dövləti” adlandırmışlar) [1, s.296].
 
Şeyx Heydər ilk növbədə Ağqoyunlularla münasibətləri yaxşılaşdırdı, dayısı
Uzun Həsənin qızı Aləmşah Bəyim ilə (Marta) evləndi. Şeyx Heydər də ata-
babalarının siyasətini davam etdirərək Şimali Qafqaza yürüşlər təşkil etdi. Bu
yürüşlər, təbii ki, Ağqoyunlu hökmdarı Sultan Yaqubun icazəsi ilə həyata
keçirilirdi. Səfəvi dəstələrinin Şirvandan keçirilməsi isə Şirvanşah Fərrux Yasarla
razılaşdırıldı. Şeyx Heydər 1483-1487-ci illərdə Dərbənddən Kabardaya qədər
ərazilərə yürüşlər etdi və çoxlu qənimətlə geri döndü. Bu yürüşlər Fərrux Yasarda
narahatlıq yaratdı. Sultan Yaqub da hərbi gücü artan Şeyx Heydərə təhlükə
mənbəyi kimi baxırdı. 1488-ci ildə Şeyx Heydər yenə anası Xədicə bəyimi işə
qatıb Sultan Yaqubdan 3-cü yürüşə icazə aldı. Sultan Yaqub icazə verdi, amma
onun üzərinə qoşun da göndərdi. Süleyman bəy Bicanoğlunun başçılığı altında
göndərilən 4 minlik Ağqoyunlu atlı qoşunu ilə Şeyx Heydərin qoşunu arasında 9
iyul 1488-ci ildə qanlı toqquşma oldu. Tabasaranda (Dağıstanın Tabasaran və
Dərbənd rayonları) baş verən bu döyüşdə Ağqoyunlu tərəfində Şirvan qoşunları da
iştirak edirdilər. Boğazından oxla vurulan Şeyx Heydər öldürüldü [19, s.92-95].
Səfəvilərin bu uğursuzluğundan sonra Sultan Yaqub Ərdəbili tutdu, Şirvandan
canını qurtarıb qayıdan təriqət qazilərinin qalıqlarını dağıdıb məhv etdi. Şeyx
Heydərin oğlanları – Sultanəli, İbrahim və İsmayılı həbs etdirib Şirazda İstəxr
qalasına saldırdı.
 
1490-ci ildə Sultan Yaqub öldü, hakimiyyətə oğlu Baysunqur gəldi. 1490-
1492-ci illərdə hakimiyyətdə olan Baysunqur da Səfəvilərə qarşı sərt mövqe tutdu.
Uzun Həsənin başqa bir nəvəsi Rüstəm Mirzə 1492-ci ildə Baysunquru məğlub
edərək hakimiyyətə gəldi və Səfəvi şeyxlərini həbsdən azad etdi ki, Baysunqurla
mübarizədə onlardan istifadə etsin. Rüstəm Mirzə Ərdəbil hakimliyini Səfəvilərə
qaytardı. 1493-cü ildə Sultanəlinin və Ağqoyunlu Əmir Aybə Sultanın birləşmiş
qoşunları Əhər-Meşkin yaxınlığında baş verən döyüşdə Baysunqurun qoşunlarını
darmadağın edib, özünü də öldürdülər. Öz əli ilə siyasət meydanına çıxardığı
Sultanəlinin nüfuzunun artması Rüstəm Mirzəni narahat etməyə başladı. Sultanəli
bu təhlükəni hiss edərək 1494-cü ildə müridlərin Sarıqamış yığıncağında azyaşlı
İsmayılı Səfəvi təriqətinin başçısı elan etdi və Ərdəbilə göndərdi [3, s.36]. Özü isə
Ağqoyunlu ilə döyüşə hazırlaşmağa başladı. 1494-cü ildə Ərdəbil yaxınlığında,
Şəməsi döyüşündə Sultanəlinin dəstələri Rüstəm Mirzənin qoşunları ilə üz-üzə
gəldi və Sultanəli döyüşdə öldürüldü. Rüstəm Mirzə Ərdəbili ələ keçirdi, İsmayılın
axtarışını elan etdi. Müridlər İsmayılı bir müddət Ərdəbildə gizlətsələr də, sonra
daha etibarlı yerə Gilanın (İndiki İranda mərkəzi Rəşt şəhəri olan vilayət) Biyəriş
vilayətinin hakimi Mirzə Əlinin yanına apardılar [4, s.112-113].
 
XV yüzilliyin son illərində Bayandur (Ağqoyunlu) şahzadələri arasındakı
çəkişmələrdən, savaşlardan əziyyət çəkən və nəticədə mərkəzləşdirilmiş dövlətə
böyük ehtiyac hiss edən Azərbaycan xalqının Səfəvi şeyxi İsmayıla rəğbəti
gündən-günə artırdı. 1499-cu ilin avqustunda 13 yaşlı İsmayıl Gilanı (Lahicanı)
yeddi nəfər türk qızılbaş qazisi – Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə Talış
(Dədə bəy), Xadim bəy Xüləfa Talış, Rüstəm bəy Qaramanlı, Bayram bəy
Qaramanlı, İlyas bəy Xunuslu və Qarapiri bəy Qacar ilə tərk etdi [11, s.85].
Xalxala (Ərdəbil vilayətində mahal) yaxınlaşarkən İsmayılın başına toplaşan
qızılbaş döyüşçülərinin sayı artıq 1500-ə çatdı. İsmayıl öz atlıları ilə birlikdə qışı
Astara yaxınlığındakı Ərçivanda keçirdi. 1500-cü ilin yazında Anadoludakı
tərəfdarlarına qovuşmaq üçün buradan Ərzincana getmək qərara alındı. Ərzincana
çatdıqdan sonra İsmayılın artıq 7000 qazisi var idi. Bunlar Ustaclı, Şamlı, Rumlu,
Təkəli, Afşar, Qacar, Varsaq tayfalarından olan gənclər, habelə «Qaradağ
(Qaracadağ) sufiləri» idilər [6, s.355-359].
 
Qızılbaş bəyləri içərisində dərhal Şirvanşah Fərrux Yasara qarşı yürüş
keçirmək istəyənlər üstünlük qazandılar. Yürüşə 14 yaşlı İsmayıl özü başçılıq
edirdi. O, Kür çayının «Qoyun ölümü» adlanan çətin keçidini at üzərində ilkin
olaraq özü keçdi. Bununla o, tərəddüd edənləri ruhlandırdı. Qızılbaşların 7 minlik
qoşununun yaxınlaşmasını eşidən Şirvanşah Fərrux Yasar Qəbələdə əsgəri hazırlıq
işinə girişdi. Qızılbaşlar Şamaxını tutub Şirvanşaha Gülüstan qalasına girməyə
macal verməyib Cabanıdə onun 20 min atlı və 6 min piyadadan ibarət olan
qoşununu darmadağın etdilər. Buğurd qalasına qaçıb gizlənmək İstəyən Fərrux
Yasar qızılbaş döyüşçülərinin əlinə keçib öldürüldü [9, s.45]. Bir neçə gün İsmayıl
döyüş yerində qaldı. Şamaxıya qayıtdıqda şəhər varlıları onu qarşılamağa çıxdı,
tabe olduqlarını bildirdilər. Muğanda Mahmudabad (indiki Salyan rayonu
ərazisində) yaxınlığındakı qışlağa gedən İsmayıl, Məhəmməd bəy Ustaclu və Ilyas
bəy Xunuslu başda olmaqla Bakını tutmaq üçün qoşun göndərdi. Şirvanşahların
ikinci paytaxtı sayılan Bakı qalası Qızılbaş elçilərinə xərac verməkdən boyun
qaçırdı. Bakıda güclü müqavimət göstərilməsi İsmayılı 1501-ci ilin yazında
Muğandan buraya yürüməyə məcbur etdi. O, qalanın qapıları, divar və bürcləri ilə
tanış olub danışıq yolu ilə qalanın təslim edilməsinə çalışdı. Bakı qalabəyi Fərrux
Yasarın oğlu Qazı bəy idi. O, əlçatmaz dağ qalalarını döyüşlərə hazırlamaq üçün
göndərildiyindən Bakının müdafiəsinə onun arvadı Şahbəy xatun başçılıq edirdi.
Bu qadın İsmayılın əmri ilə qalanın təslim olunması barədə tələb gətirən elçini
öldürtdü. Onu bu işdən çəkindirməyə çalışan Bakı darğası Əbdülfəttah bəyi də
edam etdirdi [5, s.161]. İsmayılın əmri ilə qala bürclərinin birinin altından böyük
lağım atıldı. Bürc uçsa da, yerli döyüşçülər yenə də müqavimət göstərirdilər.
Nəhayət, qızılbaşlar onların müqavimətini qırıb şəhərə soxuldular. Bakı
əyanlarından 70 nəfəri əllərində Quran İsmayılın ayağına gəldikdən sonra şəhərdə
qətl və qarətə son qoyulması haqda əmr verildi.
Qızılbaşlar buradan Gülüstan qalasını mühasirə edənlərin köməyinə
yollandılar. Bu qala ərzaq və yaraq ehtiyatı baxımından çox güclü olduğu üçün
qızılbaşlar mühasirəni dayandırmalı oldular. İsmayıl hərbi müşavirə çağırdı,
qızılbaşlara üz tutub soruşdu: «Sizin istəyiniz nədir? Azərbaycan, yoxsa Gülüstan
qalası?» Onlar söylədilər: «İstədiyimiz Azərbaycandır». Bu cavab Şirvandakı
əməliyyatların dayandırılması və Ağqoyunlu yürüşünün qarşısının alınması barədə
hökm verilməsi demək idi. Sürətlə Kürü keçən qızılbaş qoşunu, Naxçıvana çatmış
Əlvənd Mirzəyə qarşı yönəldi. Bu zaman İsmayılın qızılbaşlarının sayı 7000,
Ağqoyunlu qoşunu isə 30.000 nəfərdən ibarət idi. Həlledici döyüş 1501-ci ilin
yayında Şərur düzündə oldu. Ağqoyunlu ordusu məğlub oldu. Əlvənd Mirzə özü
Ərzincana qaçdı. O, bir müddət Diyarbəkirdə hakimiyyəti ələ keçirdi, sonra 1505-
ci ildə Mardində vəfat etdi. Böyük qənimət ələ keçirən qızılbaşlar Təbrizə yol
aldılar. İsmayıl 1501-ci ilin payızında təntənə ilə Təbrizə gəlib özünü şah elan etdi.
Beləliklə, Azərbaycanda Səfəvi sülaləsi hakimiyyətə gəldi. Azərbaycan Şahlıq
sülaləsinin yaradıcısı İsmayıl hakimiyyətə Ağqoyunlu hökmdar irsinin davamçısı
kimi gəldi. O, parlaq zəka sahibi, istedadlı hökmdar və söz sahibi olmuşdur. Onun
hakimiyyəti Azərbaycan türk xalqının tarixi dövlətçilik ənənəsinə söykənirdi. Yerli
müəlliflər və italiyalı səyyahlar Şah İsmayılın ağbəniz, yaraşıqlı, orta boylu, enli
kürək, şabalıdı saçları, solaxay olduğunu, bığ saxladığını qeyd edirlər. Osmanlı
Sultanı I Səlim onun əfsanəvi türk hökmdarı Əfrasiyab ilə eyniləşdirdi. O, öz
dövründə “Türküstan piri”, “Azərbaycan türklərinin başçısı” kimi də təqdim
olunurdu [4, s.274-275]. Dövlətin banisi İsmayıl 1500-cü oldə Azərbaycan
torpaqlarını öz hakimiyyəti altında birləşdirməyə başladı, 1501-ci ildə Bakı,
Şamaxı və Təbrizi tutduqdan sonra Azərbaycan şahı titulunu, 1502-ci ildə isə İran
şahı titulunu qəbul etdi [14, s.321-354]. İran adı dövlətin xarakterini müəyyən
etmirdi. Şah İsmayılın hədəfi məhz qüdrətli Azərbaycan dövləti idi. XVI əsr
Osmanlı müəllifləri Osmanlıların hakimiyyətdə olduqları əraziləri İran, Səfəvilərin
torpaqlarını Turan adlandırırdılar. Tarixi ənənələrə, qədimliyə işarə edərək
Səlcuqlar, Elxanilər, ilk Osmanlılar da özlərini qədim İran dövlətinin varisləri elan
edir, özlərini İran hökmdarı adlandırırdılar [15, s. 176].
 
Şah İsmayıl Əcəm İraqı və Ərəb İraqının sahibi olan Ağqoyunlu Sultan
Muradın yanına 1503-cü ildə müridlərindən Qənbər bəyi göndərib ona tabe
olmasını təklif etdi. Şah Ağqoyunlu Muradla savaşmaq fikrində deyildi. Ancaq
Ağqoyunlu Murad şahın təklifini qəbul etmədi. Belə olduqda İsmayıl 12 minlik
qoşunla Həmədana doğru hərəkət etdi. Murad Şahın yürüşünü eşidərək 70 min
nəfərlik bir qoşun hazırladı. I Şah İsmayıl 1503-cü ilin iyununda Həmədan
yaxınlığında Alma Qulağı deyilən yerdə Ağqoyunlu Sultan Murad üzərində qələbə
qazandı [5, s.84-85]. Adlı-sanlı əmirləri döyüş meydanında qalan Murad özü qaça
bildi. İsfahan, Qum, Kirman, Şiraz tutuldu. Şah İsmayılın Sultan Murad üzərində
qələbəsindən sonra Osmanlı hökmdarı Sultan II Bəyazid 1504-cü ildə elçisini
qiymətli hədiyyələrlə Təbrizə göndərib Şah İsmayılı hakimiyyətə keçməsi, Əcəm
İraqı və digər əraziləri tutması münasibətilə təbrik etdi. Beləliklə, Osmanlı Sultanı
Şah İsmayılı Azərbaycanın dövlət başçİsı kimi rəsmən tanıdı.
 
Qərbdə böyük uğurlar əldə edən Şah İsmayıl Türküstan və Xorasan
hökmdarı Özbək Məhəmməd Şeybani xanın dövlətin Şərq sərhəddində yaratdığı
təhlükənin aradan götürülməsini qərara aldı. Tezliklə İsmayılın ordusu Xorasana
daxil oldu və tərəflər arasında baş döyüş 1510-cu ilin dekabrında Mərv
yaxınlığında oldu. Şeybani xan və yanındakı döyüşçülərin bir çoxu öldürüldü [18,
s.101-103].
1512-ci ildə Osmanlı taxtına çıxan Sultan I Səlim (1512-1520) və Şah
İsmayıl arasında münasibətlər kəskinləşdi, qarşılıqlı torpaq iddiaları ortaya çıxdı.
Sultan Səlim Anadoluda 40.000 nəfər qızılbaşı öldürtdü. Şah İsmayılla Sultan
Səlimin aralarındakı qızışdırıcı məktublardan sonra 23 avqust 1514-cü ildə Xoy
şəhərinin şimali-cənubunda, Çaldıranda bir qandan olub, bir dildə danışan qüvvələr
qarşılaşdı. Hər iki ordunun əsgərləri, «Allah», «Allah» deyə döyüşə daxil olub çox
igidliklə vuruşurdular. Sultan Səlimin qalib gəldiyi döyüşdə 3 min qızılbaş, 2 min
nəfər osmanlı əsgəri və hər iki tərəfdən bir çox adlı-sanlı əmirlər də öldürüldü [10,
s.41-42]. Sultan Səlim bu qələbədən sonra 1514-cü ilin sentyabr ayında Təbrizə
daxil oldu, ancaq burada çox qala bilmədi, tezliklə şəhəri tərk edib, Şərqi
Anadoluya yola düşdü.
 
Şah I İsmayıl bu məğlubiyyətdən sonra ciddi hərbi əməliyyatlar həyata
keçirmədi. Sultan Səlim də Azərbaycan ərazisində qalmadı. Şah I İsmayıl
Şirvanşahlarla sərt davranmadı, Fərrux Yasarın oğlu Şeyxşahı II İbrahim adı ilə
hakimiyyətdə saxladı, eyni zamanda Hüseyn bəy Lələni oraya öz nümayəndəsi
kimi göndərdi [20, s.66-67].
 
Şah I İsmayıl 23 may 1524-cü ildə, 37 yaşında Sərab şəhəri yaxınlığında
xəstələnib vəfat etdi. O, Ərdəbildə, Şeyx Səfiəddin türbəsində dəfn olundu. Böyük
dövlət adamı, qüdrətli sərkərdə, dahi insan olan Şah I İsmayıl Azərbaycan tarixinin
ən şərəfli səhifələrindən birini yaratdı, Azərbaycan dövlətçiliyini klassik imperiya
səviyyəsinə yüksəltdi, dünya tarixinin ən yüksək mövqelərindən birinə sahib çıxdı.
 
Ədəbiyyat:
 
1. Brockelman C. İslam milletleri ve devletleri tarihi. 1. (1-3 Kisimler). Çeviren: Prof. Dr.
Neşet Caqatay. 2.baskı. Ankara, Ankara Üni. İlahiyat Fakültesi yayınları, 1964.
2. Eravci M. “Safevi Hanedanı”, Türkler, Yeni Türkiye Yayınları, Ankara, 2002, c.6.
3. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı, “Şərq-Qərb”, 2007.
4. Musalı N.S. I Şah İsmayılın hakimiyyəti (“Tarixi- aləmarayi- Şah İsmayıl” əsəri
əsasında). Bakı, “Elm və Təhsil”, 2011.
5. Münşi İ. “Tarixi aləm Arayi Abbasi”. Bakı, “Şərq-Qərb”. 2010.
6. Rumlu H. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı). Kastamonu: Uzanlar, 2017.
7. Süleymanov M. Şah İsmayıl Səfəvi. Bakı, “Elm və Təhsil”, 2018.
8. Ayalon D. Gunpowder and Firelarms in the Mamluk Kingdom: A Challenge to a
Mediaeval Society. Vallentine, Mitchell, 1956.
9. Minorsky V. La Perse au XV-e siecle entre La Turque et Venise. Paris, 1933.
10. Savory R.M. İran Under the Safavids. Cambridge University Press, 2008.
11. Savory R.M. “The Consolidation of Safawid Power in Persia”. Studies on The
History of Safawid Iran, Variorum Reprints. London, 1987.
12. The travel of Olearius in seventeenth- century Persia,- depts. washington.edu/
silkroad/ texts/ olearius/ travels.html.
13. Togan Z.V. Sur L’origine des Safavides. Extrait des Melandes Louis Massignon,
Institut francais de Damas, 1957.
14. Trapper R. Shahsevid in Sefevid Persia// Bulletin of the Schopol of Oriental and
African studis.-University of London, 1974.- Buraxılış 37 (2).
15. Uluc L. The Shahnama of Firdausi in the Lands of Rum. Leiden: Brill, 2012.
16. Бартольд В.В. Сочинения, т.II, ч.I. Москва, изд-во Восточной литературы, 1963.
17. История Ирана, Ленинград, изд-во Ленинградского Университета, 1958.
18. Туркменистан и туркмены в конце XV-первой половине XVI в. По данным
«Алам ара-и Сефеви». Ашхабад, “Ылым”, 1981.
29. Хунджи Фазлуллах ибн-Рузбихан. Тарих-и алам ара-йи Амини. (под ред.
З.М.Буниятова и О.А.Эфэндиева). Баку, «Элм», 1987.
20. Эфэндиев О.А. Образование азербайджанского государства Сефевидов в начале
XVI в. Баку, Акад. Наук Аз. ССР, 1961.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
46
moderator.az

10Mənbələr

Şərh ()
Bağla