MHP qərargahında Əhməd Cavad İnstitutu yaradılacaq
Türkiyədə iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) müttəfiqi Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının göstərişi ilə MHP qərargahında Əhməd Cavad İnstitutu yaradılacaq. Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, bu barədə MHP-nin sədr müavini İsmail Özdemir bildirib. O qeyd edib ki, İnstitut Əhməd Cavadın anadan olmasının 132 illiyi ilə bağlı yaradılır. Qeyd olunub ki, İnstitutun yaradılmasında məqsəd şairin çoxşaxəli əsərlərini, türk dünyasına, o cümlədən mədəniyyət, incəsənət və ədəbiyyata verdiyi töhfələri araşdırmaq, türk dünyasında fikir və duyğuların ortaq birliyini genişləndirməyə xidmət etməkdir: “Həyatı və yaradıcılığı ilə dövrün ən parlaq və güclü nümayəndələrindən biri, milli duruşlu, xeyriyyəçi ziyalı, türk şüuru üçün göstərdiyi fəaliyyətə görə güllələnib şəhid olan, Türk dünyasının ədəbiyyat və düşüncə tarixinə adını qızıl hərflərlə yazdırmağı bacaran Əhməd Cavadın milli şüurunun və fədakarlığının Türk birliyi və həmrəyliyi üçün gələcək nəsillərə ilham olmasını arzu edirik. Onun müqəddəs ruhu şad olsun”. Özdemir bildirib ki, İnstitutun rəhbəri MHP sədrinin baş müşaviri, professor Ruhi Ərsoy təyin olunub.