AZ

“İpsviç Taun” 22 ildən sonra ilk dəfə Premyer Liqaya yüksəldi

İngiltərə Çempionşipinin 46-cı turunda evdə “Haddersfild Taun” üzərində 2:0 hesablı qələbə “İpsviç Taun” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, sözügedən komanda bu qələbə sayəsində növbəti, 2024/2025-ci illər mövsümündə İngiltərə Premyer Liqasında iştirak hüququ əldə edib.

Bu, İpsviçin eyniadlı təmsilçisinin 22 ildən sonra ilk dəfə İngiltərə Premyer Liqasına qayıdışı deməkdir. Sonuncu dəfə “traktorçular” Premyer Liqada 2001/2002-ci illər mövsümündə mübarizə aparıblar. O vaxt İpsviç klubu yarışı 18-ci yerdə başa vuraraq Premyer Liqanı tərk edib Çempionşipə yuvarlanmışdı.

Xatırladaq ki, geridə qalmış 2022/2023-cü illər mövsümündə “İpsviç Taun” İngiltərənin 3-cü divizionu Liqa 1-də (EFL League One) çıxış edib. Komanda 2-ci yeri tutaraq, Çempionşipə vəsiqə qazanmağı bacarmışdı.

“Traktorçular” Çempionşipin cari mövsümdə 46 oyundan 96 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşaraq, yarışı gümüş mükafatçı kimi başa vurublar. Çempionşipi isə 97 xalla “Lester Siti” qazanıb. Məlum olduğu kimi, bu iki kollektiv Premyer Liqaya birbaşa vəsiqə əldə edib.

İngiltərə Premyer Liqasına 3-cü vəsiqənin taleyinə “Lids”, “Sauthempton”, “Vest Bromwiç” və “Norviç Siti” arasında ələmə oyunlarında mübarizədən sonra aydınlıq gələcək.

Seçilən
111
15
arena.az

10Mənbələr