AZ

David Rayya Premyer Liqanın “Qızıl əlcək” mükafatını qazandı

“Arsenal”ın ispan qapıçısı David Rayya İngiltərə Premyer Liqasının cari mövsümünün “Qızıl əlcək” mükafatını qazanıb.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının mətbuat xidmətinə istinadən məlumat verir.

Müvafiq mükafat İngiltərə Premyer Liqasında ən çox “quru” oyun keçirmiş qapıçıya təqdim edilir.

İngiltərə Premyer Liqasının cari mövsümündə Rayya 14 dəfə qapısının toxunulmazlığını təmin edib. İspan qapıçının bu qənimət uğrunda mübarizədə ən yaxın təqibçisi, “Everton”un ingilis qapıçısı Cordan Pikford isə 12 “quru” oyun keçirib və müvafiq göstəricidə Rayyanı üstələmək imkanını itirib.

Xatırladaq ki, “Arsenal”ın Rayyaya qədər “Qızıl əlcək” mükafatını qazana bilmiş sonuncu qapıçısı çex qapıçı Petr Çex idi. Çex Premyer Liqanın 2015/2016 mövsümündə bu qəniməti qazanıb.

David Rayya futbola İspaniyanın “Kornelya” klubunda qədəm qoyub. Buradan “Bləkbörn”a yol tapmış ispan qapıçı bir müddət “Sautport”da icarədə olub. Ötən yay avqustda Rayya “Brentford”dan icarə əsasında “topçular”ın düşərgəsinə gəlib. “Arsenal” ispan qapıçı müqabilində “arılar”a 3,54 milyon avro məbləğində ödəniş edib. Rayyanın “topçular”la icarə müqaviləsi cari ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rayya “Arsenal”ın heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 30 qol “yeyib”, 18 oyundan “quru” qurtulub.

David Rayya 2022-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 4 oyun keçirib, 3 qol buraxıb, 1 oyunda qapısının toxunulmazlığını təmin edib.

David Rayyanın qənimətlər muzeyində bircə kuboku var. İspan qapıçı milli komanda ilə 2023-cü il Avropa Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı ispan qapıçının transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58

1Mənbələr

Şərh ()
Bağla