AZ

Lider həm mövqeyini möhkəmlətdi, həm də “Araz Saatlı”nı liqadan “qovdu” - TURUN İCMALI

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

MOİK – “İrəvan” oyununu cəmi 30 azarkeş izlədi!

Mayın 1-2-də keçirilən oyunlarla futbol üzrə ölkə çempionatının 1-ci liqasında 24-cü tura yekun vuruldu. Geridə qalan 5 matç həm əsas suallardan birinə aydınlıq gətirdi, həm də sürprizlərlə müşayiət olundu. “Difai Ağsu” “doğma divarlar” arasında “Mingəçevir”i böyük hesabla məğlub edərək turniri tərk etməmək şansını artırdı. “Nur şəhəri”nin təmsilçisi mövsüm ərzində növbəti dəfə uğursuz çıxışla yadda qaldı.

“İmişli” Yevlaxdan məyus qayıdaraq nəinki çempionluq, mövsümü ikinci pillədə bitirmək fürsətini təhlükəyə atdı. Əsgər Abdullayevin komandası bundan sonra daha çətin sınaqlarla üzləşəcək! “Karvan”ın evdə iddialı komanaya güc gəlməsi turun ilk sensasiyası kimi xarakterizə edildi. Belədə Kənan Kərimov bir neçə həftə davam edən uğursuzluğun günahını “yuya bildi”. “Zaqatala” – “Şamaxı” matçı isə gözlənilən hesabla bitdi. Meydan sahiblərinin iddialı rəqibə qarşı “dişsiz” olduğu bəlliydi. “Şirlər” 15-ci dəqiqəyə qədər iki qol vurmaqla rəqibin “qələmini qırdı”. Qonaqların qələbəsi həm də “İmişli” düşərgəsini məyus etdi.

Turun növbəti sensasiyası Binədə qeydə alındı. Çempionluq şansını qoruyan MOİK mövsümün ikinci yarısının ən zəif bəndi “İrəvan”a məğlub oldu. Özü də doğma meydanda! Bununla “hərbçilər”in şansının tükəndiyi deyə bilərik. Nazim Süleymanovun komandasına gəlincə, Qərbi Azərbaycan təmsilçisi 8 turdan sonra qazanılan parlaq qələbəyə ancaq sevinə bilər. Bu komandaların oyununu cəmi 30 azarkeşin izləməsi isə bir ayrı dərddi. Belə çıxır ki, futbolçuların oyunlarını izləməyə ən yaxın adamları da gəlmir!

Tura liderlə autsayderin dueliylə yekun vuruldu. Nəticə heç kimi təccübləndirmədi. Daha dəqiq desək, “Qaradağ Lökbatan” evdə “Araz Saatlı”nı məğlub edərək liderliyini möhkəmlətdi! Bu, həm də qonaqların1-ci liqanı tərk edəcəyini rəsmiləşdirdi…

1. Qaradağ Lökbatan 24 15 7 2 42-16 52
2. Şamaxı 24 13 9 2 51-19 48
3. İmişli 24 13 7 4 36-17 46
4. MOİK 24 12 6 6 45-26 42
5. Karvan 24 11 5 8 31-28 38
6. Zaqatala 24 6 8 10 28-32 26
7. İrəvan 24 8 2 14 28-49 26
8. Mingəçevir 24 7 4 13 18-36 25
9. Difai Ağsu 24 5 5 14 31-41 20
10. Araz Saatlı 24 3 1 20 25-71 10


Bombardirlər: Elşad Tağıyev (Şamaxı) – 15, Elmir Rəhimzadə (MOİK) – 13,Xəlil Bəşirov (Qaradağ Lökbatan) – 10, Seyxan Fərəcov (Qaradağ Lökbatan) - 10.

Növbəti turun oyunları mayın 8-9-da keçiriləcək: “İrəvan” – “Difai Ağsu”, “Araz Saatlı” – MOİK, “Şamaxı” – “Karvan”, “İmişli” – “Qaradağ Lökbatan”, “Mingəçevir” – “Zaqatala”.

KƏNAN BAHADIR

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla