AZ

58 yaşlı Romario meydana niyə qayıdır?

Bir neçə gün əvvəl Romario hamını təəccübləndirən qərar verib.

Braziliya yığmasının sabiq hücumçusu karyerasını bərpa edəcək! Zarafat deyil, o, 58 yaşında rəsmi matçlarda meydana çıxacaq! Ortaya təbii sual çıxır: onu hansı amil və ya səbəb yenidən yaşıl meydana qayıtmağa vadar edir? İndi bu suala cavab verəcək və əfsanəvi futbolçunun digər sahələrdəki fəaliyyətinə də nəzər salacağıq.

Əfsanəvi oyunçunun möhtəşəm karyerası
Romarionun adını nəinki Braziliya, həm də futbol tarixinə böyük hərflərlə yazdığı çoxlarına bəllidi. O, karyerasını 2007-ci ildə başa vursa da, iki ildən sonra qısa müddətə yaşıl meydana qayıtmışdı. 1987-2005-ci illərdə Braziliya yığmasında çıxış edən əfsanəvi futbolçu milli formada 70 oyuna 55 qol vurub. DÇ-1994-ün, iki dəfə Amerik Kubokunun (1989, 1997) və Konfederasiyalar Kubokunun (1997) qalibi olan sabiq hücumçu uğurlarla zəngin olan karyerası ərzində “Vasku da Qama” (1985-88, 2000-02, 2005-06, 2007), PSV (1988-93), “Barselona” (1993-95), “Flamenqo” (1995-96, 1997, 1998-99), “Valensiya” (1996-97), “Fluminense” (2002-2004), “Əl-Sədd” (2003), “Mayami” (2006), “Adelayde Yunayted”(2006) və “Amerika”da (Rio de Janeyro, 2009) oynayıb.

Oğlu ilə birgə oynamaq istəyir
İndi gələk əsas məsələyə: futbol veteranı 2023-cü ilin sonunda prezidenti olduğu “Amerika”da oynayacaq. İstəyi oğlu Romarinyo ilə birgə meydana çıxmaqdı. Maraq üçün qeyd edək ki, “Amerika” hazırda Braziliya çempionatının D seriyasında çıxış edir. Klubun rəhbəri tezliklə bu komandanın formasında yaşıl meydanda görünəcəyini rəsmən videomüraciət formasında bəyan edib, sonra isə bunun sənədlə təsdiqləyib. Artıq Romarionun adı futbolçuların qeydiyyatını aparan Braziliya İnformasiya Bülletenində (Bira) əksini tapıb. Başqa sözlə, onun 2009-cu ildən sonra yenidən rəsmi oyunda iştirakına maneə törədə biləcək heç nə yoxdu.
Dünya çempionu Rio de Janeyro klubu ilə müddəti bu il dekabrın sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb. O, şəxsi klubunda minimum maaş əvəzində çıxış edəcək. Amma cüzi qazancını da “Amerika”nın xəzinəsinə qaytaracaq, daha doğrusu, Romarionun cibinə qoymayacağı açıqlanmayan məbləğ klubun xəzinəsində qalacaq. Prezident həmçinin klubda idarəedici funksiyasını yerinə yetirəcək. O, uzun müddətdən sonra, həm də hazırkı yaşında futbol meydanına dönmək qərarını belə izah edib: “Əslində çempionatda ciddi şəkildə mübarizə aparmaq fikrim yoxdu. Əsas istəyim oğlumla birgə bir neçə matçda iştirak etməkdi”.
30 yaşlı oğlu Romarinyo komandaya yaxında qoşulub. Baş məşqçi Markus Aleşandrenin futbol veteranını komandaya uyğunlaşdırmaq baxımından böyük probleminin olmayacağı deyilir. Səbəb sadədi: futbol əfsanəsi hətta 58 yaşında da müntəzəm bu oyunu və çimərlik futbolunu oynayır. Deyilənə görə, fiziki hazırlığı da qaydasındadı.

Liqada mübarizə mayın 12-də start götürəcək. “Amerika”nın ilk oyunu yəqin ki, məlum səbəbdən diqqəti gözləniləndən qat-qat artıq cəlb edəcək.

“Amerika” haqda nə bilirik?
Bu yerdə “Amerika” ilə bağlı qısa məlumat da maraq doğurur. Braziliyanın ən yaşlı klublarından birinin əsası 1904-cü ildə qoyulub. Bunu xüsusi vurğulamalıyıq: futbol dünyasında “Amerika” adı verilən ilk klub məhz Rio de Janeyro təmsilçisidi! Bu adda Braziliyada, Ekvador və Meksikada da klublar var. Qitənin adını daşıyan digər klubların estafeti Romarionun rəhbəri olduğu “Amerika”dan aldıqları dəqiqdi.

Komandanın titul baxımından kolleksiyası da kasad deyil: Karioka çempionatında 7 dəfə çempion olub. Doğrudu, sonuncu belə titul 1960-cı ildə qazanılıb. O vaxtdan Rio de Janeyro şəhərinin digər təmsilçiləri “Botafoqo”, “Flamenqo”, “Vasku da Qama” və “Fluminense” ilə rəqabətin güclənməsi “Amerika”nın ən yaxşı göstəricisinin 2-ci yer olmasını şərtləndirib. Komanda son illərdə isə ştatın 2-ci divizionunda mübarizə aparmalı olub: 2011-ci ildən sonra yalnız bir dəfə - 2016-cı il mövsümündə yüksək divizionda görünüb və yenidən aşağı liqaya düşüb.

Romarionun yeni oyundaşları heç də məşhur deyillər. Onlar arasında yalnız vaxtilə “Santos”da Neymar ilə birgə oynayan Andreni fərqləndirmək olar. Əlbəttə, Romarinyonu da qeyd etməliyik.

Futbol meydanından siyasət meydanına
Qeyd etdiyimiz kimi, onun atası peşəkar karyerasını 2009-cu ildə başa vurub. Özü də həmin ildə məhz “Amerika”nın formasında bir neçə oyuna çıxıb. Onda praktiki olaraq dərhal fəaliyyət sahəsini dəyişərək siyasət meydanına atılıb: 2010-cu ildə Romario Milli Konqresin Aşağı Palatasına (Braziliyanın qanunverici orqanı) seçilib. Bu dövlət orqanında Braziliya Sosialist Partiyasını təmsil edib.

Amma sonradan məlum olduğuna görə, siyasət haqqında hələ yaşıl meydanlarda top qovarkən düşünməyə başlayıb:
“Journal de Brasilia” nəşrinin məlumatına görə, Romario 2001-ci ildə gizli şəkildə Braziliya Xalq Partiyasına (sağmərkəzçi partiya) daxil olub və bir ildən sonra Rio de Janeyro şəhərinin meri vəzifəsi uğrunda mübarizəyə qatılmağı planlaşdırıb. Bu sahədəki gizli fəaliyyətinə baxmayaraq, futbolçu karyerasını başa vurmağı düşünməyib: bir neçə il iki müxtəlif sahədə fəaliyyət göstərə biləcəyini hesab edib.
Onun siyasət meydanına atılmaq üçün digər səbəbi də vardı. Amma Romario nəciblik və xeyriyyəçilik haqda düşüncələrinə yalnız 2022-ci ilin fevralında aydınlıq gətirdi. Onu “theplayerstribune” saytında yazmağa İvi adlı qızı vadar etdi: “O, 16 il əvvəl (2005-ci ildə - red.) mənim 6-cı övladım oldu. Amma Daun sindromu ilə doğulmuşdu. Səmavilərdən belə xeyir-dua almışdı. Tanrı mənə onun simasında mələk göndərmişdi. Bilirsiniz, mən onun dünyaya gəlməsinə qədər hansısa əlilliyi olan və ya nadir xəstəliyə tutulan adam görməmişdim. Burda ikiüzlülük etməyin mənası yoxdu – mən belə adamların problemlərini görməyəcək dərəcədə kor olmuşam... Məhz İvi mənə onların yardıma ehtiyacının olduğunu və Braziliyada heç kimin belələrinə kömək etmədiyini anlamaq imkanı yaratdı. Odu ki, mən indi bu adamları müdafiə etməklə də tanınıram, onlara əlimdən gələn qədər yardım edirəm. Onlar da bizim kimi cəmiyyətin üzvü olmaq hüququna malikdilər”.

Maraqlıdı ki, Romario futbolçu karyerasında olduğu kimi siyasi fəaliyyəti ərzində də iş yerlərini dəyişməyəmeyilli olub: yerli medianın məlumatlarına görə, artıq üç partiyanın vəsiqəsini daşıyıb. Hazırda Braziliya Liberal Partiyasını təmsil edir.

Dünya çempionu 2015-ci il fevralın 1-də Rio de Janeyro ştatından senator seçilib. Braziliya KİV-inin məlumatına görə, o, ölkənin senatorların seçkisi ilə bağlı tarixinə ən çox səs toplayan namizəd kimi düşüb! Hələ bu harasıdı? Romario hətta 2018-ci ildə “Podemos”un (əvvəllər Milli Leyborist adlanan sağmərkəzçi partiya) namizədi kimi ölkə prezidenti kürsüsünü tutmaq uğrunda mübarizəyə də baş vurub. Amma öz partiyası daxilində keçirilən seçkidə 8,6 faiz səslə yalnız 4-cü yeri tutub.

14 ildən sonra “Amerika”ya qayıdış
Amma futbol sahəsindən tam ayrıla bilməyib. Ötən ilin sonunda prezidenti olduğu “Amerika”ya qayıtmasını böyük sevincə reallaşdırıb. Bu klubun rəhbəri seçilməsi Romarionun həyatında xüsusi hadisə sayılmalıdı. Məlumunuz olsun ki, mərhum atası Edevayr de Souza Faria bu komandaya azarkeşlik edib. Elə özü də uşaq yaşlarından könlünü “Amerika”ya verib. Karyerasını bu klubda məhz atasının məsləhəti ilə başa vurub: atası onun komandaya yüksək səviyyəyə çıxmaq üçün kömək etməsini istəmişdi. İndi isə kluba tamamilə başqa rolda qayıdıb. Buna görə sevincini belə dilə gətirib:
“Amerika”nın prezidenti təyin olunmaq mənim həyatdakı xüsusi uğurlarımdan biridi. Bu məqamı heç vaxt unutmayacağam”.


Canlı futbol əfsanəsinin kluba 2026-cı ilin sonuna qədər rəhbərlik etmək hüququ var. O, prezident kimi ilk müsahibəsində komandanı yüksək diviziona çıxaracağına söz verib. Romarionun açıqlamaları onun ambisiyalı planlara malik olduğunu göstərir. Dünya futbolunda oynayan məşqçi nümunələrini ara-sıra görmüşük. Amma klubda prezident və oyunçu kimi rolları üzərinə götürmklə bağlı fakta əhəmiyyətli dərəcədə az təsadüf olunur. Deməli, Romarionu yeni “amplua”da izləmək çox maraqlı olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23819
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13239
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10656
Helikopter qəzası ilə bağlı yeni xəbər
6019
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5702
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5533
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4564
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4458
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3867
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3719
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3564
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3479
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3069
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2862
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2765
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2538